Məhkəmə qərarları › İş №8(103)-368/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-368/2020

08.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-368/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun məcburi gətirilməsi barədə» təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)-267/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən 15592 manat pulun Borclu alınaraq Tələbkar Ələmşah oğluna ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi (icra məmuru Nəbi Allahverdiyev) xx xxxx 2020-ci il tarixli təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinin icrasının təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Eyni zamanda, Borclu yaşadığı ünvana dəfələrlə rəsmi xəbərdarlıq, eləcə də çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o heç bir ödəniş etməmişdir. Belə olan halda, borclunun şöbəyə məcburi gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 267/2020 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) təqdimat təmin edilmişdir. Həmin qərardaddan narazı olan borcu şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, icra məmuru tərəfindən edilən zənglərə həmişə cavab verməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar,prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən borclu şikayətin dəlillərinə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,məhkəmə qətnaməsi ədalətsiz olmuş,tam və hərtərəfli araşdırma aparılmamışdır.Onun Tələbkar Ələmşah oğluna hər hansı pul öhdəliyi olmamışdır.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilsə də,o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında»Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, icra sənədi Binəqədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra tələbin könüllü icrası barədə bildiriş icraata başlamaqhaqqında qərarla birlikdə tərəflərin, həmçinin icra sənədi üzrə Borclu göndərilmiş, lakin hal-hazıradək icrasız qalmışdır. Eyni zamanda, icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Borclu əsasən məhkəmə qətnaməsinin əsassız olmasını göstərsə də, qanuni qüvvədə olan məhkəmə qərarının icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X3 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa,şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin «borclunun məcburi gətirilməsi barədə» təqdimatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)-267/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 267/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar