Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-368/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: qətnamənin hissə-hissə icra olunması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Borclu borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 8(006)-316/2023 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(006)- 3724/2022 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 15 iyul 2022-ci il tarixdən başlayaraq, 19 aprel 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment, eləcə də əlavə xərc qismində hər ay 300 manat, cəmi 500 manat tutularaq iddiaçı Tələbkar verilməsi, 2013-cü ildən iddia ərizəsi verilənə qədər iddiaçının uşağın müalicəsinə xərclədiyi 73921,30 manat məbləğinin yarısı, yəni 36960,65 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu tutaraq iddiaçı Tələbkar ödənilməsi, iddiaçının 150 manat vəkil ilə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun əvəzi, cəmi 200 manat pul vəsaitinin cavabdeh Borclu tutaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.
2. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(006)-3724/2022 nömrəli qətnaməsinin ayda 500 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir
3. Ərizənin əsaslarına görə, o, Rusiya Federasiyasının vətəndaşıdır və daimi Rusiyyada yaşayır. Məhkəmə qətnaməsini icra edən qətnamənin Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən aliment məbləğini tam ödəmədiyinə əsaslanaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ölkədən giriş-çıxış hüququnun məhdudlaşdırılması barədə təqdimat vermişdir. Təqdimat əsasında qərar qəbul edilmişdir. O, mütədmadi olaraq aliment borcunu vaxtlı-vaxtında ödəyir və övladının saxlanılması üçün ödənilməli olan aliment ödənişlərindən boyun qaçırmır. Lakin, məhkəmə tərəfindən qət edilən aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyildir və bunun üçün maddi imkanı yoxdur. Yalnız hissə-hissə olmaqla ödənişləri vaxtlı-vaxtında icra edə bilər. Qeyd edilən halları yalnız qəbzlər təsdiq edir. Məlum olduğu kimi, həmin qəbzlər işə əlavə edilir. Hazırda qeydiyyatda olduğu ünvanda yaşamır, hər hansı bir əmlakı da yoxdur və heç yerdə işləmədiyi üçün tələb edilmiş məbləği birdəfəyə ödəyə bilmir. Əlavə olaraq aliment ödənişlərindən əlavə onun yaşaması üçün maddi vəziyyəti, minimum xərcləri nəzərə alınmalıdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 8(006)- 316/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Məhkəmə qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcun ödənilməməsini, həmçinin borclu tərəfindən bundan sonra da ayda 500 manat olmaqla ödəniləcəyi təqdirdə çox uzun müddətdə ödənilməsini, bunun isə icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmişdir.
6. Borclu qərardaddan şikayət verərək, ləğv olunması və ərizənin təmin olunmasını xahiş etmişdir.
7. Şikayət ərizənin dəlilləri ilə əsaslandırılmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 8(006)- 316/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(006)-3724/2022 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilmiş, icra işi üzrə icraata başlanılmışdır.
12. Borclu hazırkı ərizəsini məhkəmə tərəfindən qət edilən aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmaması və bunun üçün maddi imkanının olmaması, yalnız hissə-hissə olmaqla ödənişləri vaxtlı-vaxtında icra edə biləcəyi ilə əsaslandırır.
13. Məhkəmə kollegiyası, borclunun bu mövqeyi və şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bu baxımdan, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, borclunun qətnaməni hissə-hissə icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Əgər qətnamənin icrası üçün borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri yoxdursa, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər nəticə verməmişdirsə, borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamə hissə-hissə icra oluna bilməz. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, müddət müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır.
14. Qətnamənin hissə-hissə icrası haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti ilə yanaşı nəzərə alınmalı olan digər hallar dedikdə, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar (mənzildən çıxarılma zamanı borclunun və ya onun ailə üzvlərinin xəstəliyi, həyat şəraitinin dəyişməsi, alınması qət olunmuş əmlakın borclunun özündə və ya natura şəklində mövcud olmaması, borclunun yaşayış yerini dəyişməsi və s.), tələbkarın üzrlü səbəblərdən qətnamə ilə müəyyən edilmiş icranı borcludan qəbul edə bilməməsi və tələbkarın qanunla qorunan mənafeyi başa düşülməlidir.
15. Qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq qaydada nəzərə alınmalı, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləği və ya miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən ağlabatanlılıq və ədalətlilik meyarları rəhbər tutulmalı, qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalına və həmin hissələrin icra müddətinin həddən artıq çox olmamasına diqqət yetirilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.”
17. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
18. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarı).”
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrə tövsiyə etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
20. Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
21. Lakin işdən görünür ki, borclunun ərizəsində qətnamənin hissə-hissə icrasına səbəb təşkil edən müstəsna halın nədən ibarət olması konkret olaraq əsaslandırılmamış, sadalanan bu hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
22. Nəzərə alınmalıdır ki, qətnamə üzrə tutulan aliment və əlavə xərc onsuz da ayda 500 manat olmaqla vaxtaşırı ödənilən ödənişdir. Cavabdehdən tutulan 36960,65 manat məbləğin isə borclunun qeyd etdiyi formada icrası məhkəmə aktının həddən artıq uzun müddətdə icrasına, həttə məhkəmə aktının icrasız qalmasına da səbəb ola bilər.
23. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 8(006)- 316/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 8(006)- 316/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev