Məhkəmə qərarları › İş №8(103)-368/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-368/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-368/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun məhkəmənin xx.xx.2019-cu il tarixli 2(005)-4300/2019 saylı və xx.xx.2019-cu il tarixli 2(005)-2254/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə Maraqlı şəxs MMC üçün müəyyən edilmiş qadağanedici tədbirlərin icrasından yayındıraraq etdiyi hərəkətlərə və qərardadın tələblərinin icrası istiqamətində nümayiş etdirdiyi hərəkətsizliyə hüquqi qiymət verilməsi barədə qərardad, həmçinin barəsində ciddi tədbirlərin görülməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Rövşən Mövlamov şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərardadlarla "Qaya Qala” MMC-yə münasibətdə qadağanedici tədbirlər nəzərdə tutulsa da, həmin MMC iddia təmin tədbiri üzrə qərarın icrasından qərəzli şəkildə yayınır, icra məmuru da bu əməllərin edilməsində köməklik göstərir. Həmin qərarları almasına baxmayaraq, MMC mübahisəli ərazidə söküntü işlərini həyata keçirməkdə davam etmişdir. İcra məmuru da öz növbəsində mübahisəli əraziyə baxış keçirməsi zamanı tərtib etdiyi aktı ona təqdim etməkdən imtina etmişdir. Qadağanın mövcudluğuna baxmayaraq, mərhum atasına məxsus tikilinin alt hissəsində də qazıntı işləri aparılmışdır. Mübahisəli ərazidəki hazırki vəziyyət 2019-cu ildəki vəziyyət ilə eynidir. Məhkəmənin 13 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, həmin qərardaddan Rövşən Mövlamovun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş icra işinin materiallarından icra məmurunun "xxxx" MMC-yə söküntü-qazıntı işlərinin aparılması qadağan olunmuş əraziyə gedərək, çoxsaylı aktlar tərtib etdiyi, "xxxx" MMC-nin direktoru X4 barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə 24 yanvar 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyi müəyyən olunmuşdur; beləliklə, icra məmuru tərəfindən hər hansı hərəkətsizliyə yol verilməmiş, icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkətsizlik etməsinə əsas olmuş hallar öz əksini tapmamış, icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş lazımi məcburi icra tədbirlərini həyata keçirmişdir. Eyni zamanda, tələbkarın əvvəllər də eyniməzmunlu şikayəti olmuş, həmin məsələyə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək iş, şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunan halına görə, X1 "xxxx" MMC-nə qarşı irəli sürdüyü iddia tələbləri üzrə müxtəlif tarixlərdə müvəqqəti təminat tədbirlərinin görülməsi barədə qərardadlar qəbul olunaraq ünvan 1 ünvanında tikinti və söküntü işlərinin aparılması qadağan edilmiş, həmin qərardadlar icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İşdən aydın olur ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixli qərardadın icrasını təmin etmədiyindən onun barəsində inzibati tənbeh tətbiq edilmiş, icra məmuru tərəfindən müxtəlif tarixlərdə aktlar tərtib olunmuşdur. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlididir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi şikayətçinin irəli sürdüyü halların yoxlanılması üçün sadəcə 2(005)-4300/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli icra sənədi əsasında başlanılan icra işini tələb edərək yalnız həmin iş üzrə həyata keçirilən icra fəaliyyətinə qiymət vermiş, digər icra sənədlərinin icraatda olub-olmadığını, əgər icraatdadırlarsa onlarla bağlı müvafiq tədbirlər aparılıb-aparılmadığını ümumiyyətlə aydınlaşdırmamışdır . Buna görə də kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə icra sənədlərinin tərəflərinin (nümayəndələrinin) və icra məmurunun iştirakını təmin etməklə icra iş(lər)i ilə bağlı zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-279/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qərardadı ləğv edilərək iş, X1 şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar