Məhkəmə qərarları › İş №8(103)-369/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-369/2020

07.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-369/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru Gülarə Mustafayevanın təqdimatına baxılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 8(008)-58/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru Gülarə Mustafayeva təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Masallı rayon Məhkəməsinin 2(050)- 403/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Sabunçu rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. 10 gün müddətində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyatı təşkilatlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə tələbkar şöbəyə rəsmi şəkildə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra müddətində üzrsüz səbəbdən icra edilmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(008)- 58/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək,Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda borclu həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, xəbərdarlıq məktubunda aliment borcunun aylar üzrə məbləği göstərilməmişdir, o, ərizə ilə icra məmuruna müraciət edərək, aliment borcunun məbləğinin müəyyən edilməsini xahiş etmiş, lakin icra məmuru tərəfindən münasibət bildirilməmişdir. İcra sənədi qətnamənin qüvvəyə minməsindən 13 il sonra icraya yönəldilmişdir. İcra məmuru icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməmişdir. Məhkəmənin xx.xx.2020-ciil tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün onun tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməlidir. Bu halda icra məmuru məhkəməyə əsaslandırılmış təqdimat verə bilər. İş materiallarından görünür ki,Masallı rayon Məhkəməsinin 2(050)-403/2006 saylı xx.xx.2006-cı il tarixli icra sənədi üzrə xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qətnamə xx.xx.2006-cı il tarixdə qanuni qüvvəyə minmiş, icra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. İcra məmuru xx.xx.2019-cu il tarixdə Borclu xəbərdarlıq məktubu göndərmiş, lakin məktubda aliment borcunun məbləğini göstərməmişdir. Borlu xx.xx.2019-cu il tarixli ərizə ilə icra məmuruna müraciət edərək, xəbərdarlıq məktubunda göstərilən aliment borcunun məbləğinin müəyyən olunmasını xahiş etmiş, lakin icra məmuru borclunun bu ərizəsinə hər hansı münasibət bildirməmiş, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə isə göstərilən xüsusatlara, o cümlədən icra sənədinin 13 ildən sonra icraya yönəldilməsinin səbəblərini araşdırmadan təqdimatı təmin etmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən göstərilən xüsusatların araşdırılması müəyyən olunmur, bununla da təqdimatın əsaslandırılmış olması qənaətinə gəlmək olmaz. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar araşdırılmadan təqdimat təmin edilmişdir, odur ki, Kollegiya hesab edir ki, qərardad ləğv edilərək, sadalanan hallar nəzərə alınaraq təqdimata yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(008)- 58/2020 saylı qərardad ləğv edilsin və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru Gülarə Mustafayevanın təqdimatına yenidən baxılması üçün iş Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar