Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-369/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən verilmiş "Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-305/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 305/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-305/2023 nömrəli icra sənədinə əsasən Borclu 19.027 manat məbləğində pul vəsaiti və ödənilmiş 147 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2, 231.3; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 84-1.1-ci maddələrinə istinadən) təqdimat təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 305/2023 nömrəli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu şikayət ərizəsi ilə müraciət edərək, şikayətinin təmin edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 267, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, borclu icra vərəqəsinin icrasından yayınmır. Şikayətə əlavə etdiyimiz Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin məktubundan göründüyü kimi, icra sənədi üzrə borclunun pensiyasından 2024-cü ilin may ayı üzrə tutulma aparılmış tələbkar tərəf isə bank rekviziti təqdim etmədiyindən pensiyadan tutmanın aparılması dayandırılmışdır. Şikayətə əlavə etdiyi qəbzlərdən göründüyü kimi 5000 manat məbləğində pul vəsaiti borclu tərəfindən tələbkarın oğlu Georgiorgi Daniolovicin hesabına ödənilmişdir. İcra məmuru qərarın icrası ilə bağlı ona heç bir bildiriş göndərməmişdir. Bundan əlavə, borclu səhhəti ilə əlaqədar ölkə hüdudlarını tez-tez tərk etmək məcburiyyətindədir. Borclunun ölkədən getmək hüquqlarının məhdudlaşdırılması onun səhhətində ciddi problemlər yarada bilər. Buna görə də hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı işi üzrə xx.xx.2024 -cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Hazırki iş üzrə borclu tərəfindən təqdim edilən vəsatət əsassız olduğundan işin tərəflərin iştirakı ilə baxılmasına zərurət müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, işin araşdırılması zamanı müəyyən edilir ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-305/2023 nömrəli icra vərəqəsindən görünür ki, Borclu cəmi 19.027 manat pulun və 147 manat dövlət rüsumunun əvəzi tutularaq Tələbkar verilməlidir. Qətnamə xx.xx.2023- cü il tarixdə qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-305/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişə əsasən borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. "Qəbul etdim” yazısının altında xx.xx.2024-cü il tarixi qeyd edilmiş və "Borclu” tərəfindən imza edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. xx.xx.2024cü və xx.xx.2024-cü il tarixli izahatlarında borclu icra sənədindən xəbərdar olmadığını, məsələ ilə əlaqədar dələduzluqla bağlı cinayət işi başlandığından, özü xəstə olduğundan icra sənədi üzrə tələbi təmin etmədiyini və həmin iş üzrə nəticə əldə ediləndən sonra tələbi icra edəcəyini, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak, habelə qiymətli kağız və əmanəti olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu müraciəti əsasında toplanmış 80/24 (HK-1/42) saylı material üzrə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Elmir Hüseynovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün həmin PB-yə qaytarılmışdır. "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən, Borclu məxsus C03187218 nömrəli pasportun istifadə müddəti xx.xx.2029-cu ilədəkdir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-305/2023 nömrəli icra sənədi üzrə Borclu həmin icra sənədindən xx.xx.2024-cü ildən etibarən xəbərdar olduğu halda, 7 aya yaxındır ki, heç bir üzrlü səbəb olmadan icra sənədində göstərilən tələbi təmin etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-26, 84-1; Mülki Prosesual Məcəllənin 385-388, 395-402-ci maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq haqlı qənaətə gəlmişdir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatın rədd edilməsi üçün əsaslar müəyyən edilməmiş, borclu borcun bir qismini ödədiyini qeyd etsə də, icra sənədi üzrə hissə-hissə icra edilmə və ya möhlət verilmə barədə qərar mövcud deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-369/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-369/2024
14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver