Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-369/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X2nın qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-368/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq Müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2024-cü il 2(005)-595/2024 nömrəli Qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin çərşənbə günü saat 11:00-dan saat 16:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 17:00-dək, eləcədə xx.xx.2019-cu il təvəllüdlü X4 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 17:00-dək görüş vaxtı müəyyən edilməsi, görüşün öz iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2nın qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X2 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-368/2025 saylı, 13 iyun 2025-ci il tarixli qərardadını tamamilə ləğv edib qərardadla həll edilməli olan məsələlərin həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “birinci instansiya məhkəməsi qeyd etdiyi maddi hüquq normasını pozmuş, ərizədə qeyd edilən halları sübutsuz hesab edərək, uşağın hüquqlarını mütəmadi pozan, uşağın psixoloji durumunu zərbə altına salan tələbkarın hüququnu üstün tutmaqla əsassız qərardad qəbul etmişdir. Ərizədə tələbləri rədd etməyi məhkəmədən xahiş edən tələbkar (nümayəndəsi vasitəsilə) öz valideynlik borclarının nədən ibarət olmasından ya xəbərdar deyildir, ya belə görünmək özünə sərf edir. Uşağı parka və ya digər əyləncəli yerlərə gəzməyə aparmaq əvəzinə hər hansı bir ofisə aparan, habelə azyaşlı uşağı videoya çəkməklə anasına, babasına və nənəsinə qarşı ədəbsiz sözlər işlətməyi məcbur edən şəxsin (yəni, tələbkarın) komplekslərinin olmaması şübhə doğuran hallardan biridir. Birinci instansiya məhkəməsi uşağın hüquqlarının pozulmasını görməzlikdən gələrək qanunsuz qərardadla haqlı tələblərini rədd etmişdir. Tələbkar icra məmurundan saxta arayış əldə edib məhkəmə işinə əlavə etmişdir. Hakim tələbkarın şənbə, bazar günlərində hansı təhsil müəssisəsində təhsil alması sübutunu müəyyən etmədən, həmin arayışa istinad etmiş, əsassız olaraq tələbi təmin etməmişdir. Nəticədə prosessual hüquq norması pozulmaqla əsassız məhkəmə aktı qəbul edilmişdir. İcra qaydasının dəyişilməsi tələbini hazırki vaxtda yaranmış yeni faktlarla əsaslandırmışdır. Məhkəməyə arayış təqdim etmişəm ki, azyaşlı uşaq bazar günləri təhsil kursuna yazılmış, həmçinin idmanla məşğul olur. Hakim isə əsas etibarı ilə qərardadda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı 10 iyul 2024-cü il Qətnaməsinə istinad edir. Nəticədə mənim irəli sürdüyüm dəlil və sübutları, tələbkarın özünü işsiz kimi qələmə verməsini nəzərə almadan əsassız qərardad çıxarımışdır. Tələbkar alimetnlə bağlı məsələ ortalığa çıxarkən işsiz olduğunu söyləyir. Bu baxımdan onun həftənin istənilən günündə uşaqla unsiyyətinə maneəçilik yoxdur, şənbə və ya vazar günü deyil həftənin digər günlərində uşaqla ünsiyyəti təyin olunarsa qərardadda yazılanın əksi olaraq tələbkəraın hər hansı subyektiv hüququ pozulmur. Tələbkarın nümayəndəsi izahatında bildirir ki, məhkəmənin qətnaməsini təmin olunduğu qaydada uzun müddət icra edilməsi artıq həm uşaqda həmdə atada bazar günü görüşün olması ilə bağlı emosional bağlılıq yaranıbdır. Uşaq faktiki olaraq hər həftənin bazar gününü gözləyir ki, atası ilə ünsiyyətdə ola bilsin və vaxt keçirsin. Deyilənlərin əksinə olarq tələbkar ay ərzində bir və ya iki bazar günü uşaqla ünsiyyət üçün gəlmişdir. Uşağın ad günündə ümumiyyətlə görüşə gəlməyib. Görüşlərin birində isə uşağı iş yerinə gətirmişdir. Bununla yanaşı uşağa mənə və valideynlərimə aid təhqiredici sözlər öyrədir, güya bizlərə ikinci adqoyma edir, videoçəkilişlər edir,uşağı məcbur edir ki, yalan sözlər işlətsin, bununla da uşağın psixoloji zərbə almasına səbəb olur. Nərimanov rayon icra şöbəsinin rəhbərliyini bu barədə xəbərdar edərək psixoloqun ayrılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hakimi mənim iddia ərizəmdə göstərdiklərimə və məhkəmə iclaslarında söylədiyim bu kimi hallara əhəhmiyyət verməmiş, tələbkarın hansısa bu işdə məlum olmayan subyektiv hüquqlarını önə çəkmişdir. Azyaşlı uşağın mənafeyi, konstitusiyada təsbit olunan ona göstərilməli olan qayğı barədə qərardadda qeyd etməyi vacib hesab etməmişdir. Unutmaq lazım deyil ki, uşağın hüquqlarının pozulmasına yönələn bu cür hallara qarşı dövlət orqanlarının biganəliyi gələcəkdə faciələrin baş verməsinə səbəb olan ən mühim amillərdən biridir. Məhkəmə iş üçün əhəmiyyətli halın sübutu olmadan əsassız qərardad çıxrmışdır. Belə ki, İcra məmuru təqdim etdiyi arayışda göstərir ki, təhsillə bağlı tələbkar bir neçə bazar günləri uşaqla görüşməyə gəlməyıb. Lakin tələbkarın harda təhsil alması barədə təsdiqedici sənəd mövcud deyildir. Arayış əsassızdır. Ona görə ki, tələbkarın hər hansı təhsil müəssisəsində təhsili barədə heç bir sübut yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-368/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 368/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. İş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 20:00-dək, eləcə də xx.xx.2019-cu il təvəllüdlü X4 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, iddiaçı Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 20:00-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədi üzrə X2 qətnamənin icra qaydasını dəyişdirilməsi, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X6 ilə həftədə bir dəfə, hər həftənin çərşənbə günü saat 11:00dan saat 16:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların ikinci günü, hər birində bir gün olmaqla, saat 12:00-dan həmin gün saat 17:00-dək, eləcədə xx.xx.2019-cu il təvəllüdlü X4 ad günündə saat 12:00-dan həmin gün saat 15:00-dək, Tələbkar ad günündə saat 12:00-dan həmin gün saat 17:00-dək görüş vaxtı müəyyən edilməsi, görüşün öz iştirakı ilə keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tələbkar (nümayəndəsi və vəkili) ərizəyə etiraz təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət hüququnun icra üsulu və qaydasının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “uşağı parka və ya digər əyləncəli yerlərə gəzməyə aparmaq əvəzinə hər hansı bir ofisə aparan, habelə azyaşlı uşağı videoya çəkməklə anasına, babasına və nənəsinə qarşı ədəbsiz sözlər işlətməyi məcbur edən şəxs olması, komplekslərinin olması” və s. dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, qanunvericiliklə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi imkanı Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında “qətnamənin icra üsulu” və “qətnamənin icra qaydası” anlayışları müəyyən olunub: qətnamənin icra üsulu iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur, qətnamənin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda icra üsulunun və qaydasının dəyişdirilməsinə səbəb ola biləcək hər hansı bir əsaslı hal mövcud deyildir. Belə ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Göründüyü kimi qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, məhkəmə yaranmış mübahisəni həll edərkən işin bütün hallarını, o cümlədən uşağın yaşını, təhsilini, uşağın və valideynin mənafeyini, valideynlərin hər ikisinin iş və məişət rejimi, uşağın asudə və bayram günlərini hər iki valideyni ilə bərabər keçirmək hüququ və diqqətəlayiq digər halları nəzərə almış, iddiaçının qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməsi üçün uşağı ilə ünsiyyətdə olma vaxtını və müddəti müəyyən etmişdir. Kollegiya şikayətin “tələbkar icra məmurundan saxta arayış əldə edib məhkəmə işinə əlavə etməsi, arayışın əsassız olması” barədə dəlillərinə münasbətdə isə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası icra məmurlarının icra xidmətini təşkil edir. İcra məmurları icra sənədlərinin icra edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tədbirləri görür, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir. Hazırki iş üzrə tələbkar tərəfindən icra şöbəsinə məktub ünvanlanmış, məktuba uyğun olaraq icra şöbəsi tərəfindən icra sənədi üzrə xx.xx.2025-ci il tarixli məktubla tələbkara cavab verilmişdir. Qeyd olunan məktubun saxta olması və s. məhkəmə tərəfindən müəyyən olunmamış, buna dair sübutlar borclu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya şikayətin “azyaşlı uşağın bazar günləri təhsil kursuna yazılması, həmçinin idmanla məşğul olması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, ərizəçi X5 məhkəməyə uşağın futbol məşqlərində iştirak etməsini göstərən 13 iyun 2025-ci il tarixli arayışı təqdim etsə də, bu xüsusat uşaqla üsiyyətə süni maneə yaratmaq kimi qiymətləndirilir. Digər tərəfdən məhkəmə mübahisələndirilən qərardadında qeyd etmişdir ki, qətnamə ilə tələbkarın övladı ilə ünsiyyət hüququnun həyata keçirilməsi zamanı borclunun iştirakının olması qeyd olunmamışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi müstəsna olaraq uşaqdan ayrı yaşayan valideynin övladı ilə sərbəst ünsiyyətini nəzərdə tutur. Bu kimi hüququn uşaqla yaşayan valideynin iştirakı ilə həyata keçiriləcəyinə dair hər hansı müddəa və ya qeyd-şərt nəzərdə tutmur. Odur ki, müvafiq subyektiv hüququn sahibi kimi çıxış edən və uşaqdan ayrı yaşayan valideyn özünün bu hüququnu sərbəst, müdaxiləsiz həyata keçirməlidir. Digər tərəfdən X4 6 yaşı vardır. Onun həftənin bir günü müəyyən saatlar ərzində anasının iştirakı olmadan atası ilə görüşü mümkündür. Bununla yanaşı iş materialları, habelə birinci instansiya məhkəməsinin iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında aqressivlik vardır ki, bu da tələbkarın övladı ilə görüşünün borclunun iştirakı ilə keçiriləcəyi halda, görüşün mahiyyətini səmərəsiz edə bilər. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq görüşün borclunun iştirakı ilə keçirilməsi hissədə ərizəni əsaslı hesab etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-368/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-368/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-369/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-369/2025
30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver