Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-37/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar “ERBİ-H" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4443/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 6.184.633,23 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Erbi-H" MMM-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu könüllü olaraq icranı təmin etməmişdir. Bununla bağlı həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Borclu mülkiyyətində olduğu müəyyən edilmişdir. Borclunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 nömrəli mənzil də onun mülkiyyətindədir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri olaraq, borclunun əmlakının üzərinə həbs qoyulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 383.20 kv.m ölçüdə qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən, sahəsi 263.84 kv.m olçüdə qeyri-yaşayış sahəsinə olan ½ hissədə payları üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan tələbkar “ERBİ-H" MMC şikayət verərək, qərardadın qismən ləğv edilməsini və təqdimatın tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadı mediasiya sazişinin təstiq edilməsi haqqında qətnaməyə istinad edərək, əsaslandırmağa çalışmışdır. Halbuki hazırkı iş üzrə çoxsaylı qətnamələr var ki, X7 ilə Borclu arasında bağlanılan müqavilələr formal xarakterlidir. Həmin qətnamələr qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar “ERBİ-H" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra tələbkar “Məhkəmə elektron” informasiya sistemi vasitəsi ilə şikayətə əlavə təqdim edilərək, bildirmişdir ki, məhkəmə istinad etdiyi mediasiya sazişinin təsdiq edilməsi üzrə xx.xx.2023-cü il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2034/2023 saylı qətnaməs üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ERBİ-H MMC maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş və ERBİ-H MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, iş üzrə tərəf olan X4 "xxxx" MMC-nin xeyrinə üzərinə həbs qoyulmuş əmlakın 50% (Safurə Adıgözəlovaya aid hissədən) hissəsindən həbsin götürülməsinə dair ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi də həmin qərardadı dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.2. maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən aydın görsənir ki, iş üzrə ERBİ-H MMC mediasiya sazişinə cəlb edilməmiş və həmin saziş onun maraqlarına toxunmuşdur. İş üzrə Məhkəmənin müvafiq qərardadı üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilmiş ERBİ-H MMC-nin apellyasiya şikayəti tam təmin ediləcək və qətnamə tamamilə ləğv ediləcəkdir. Bundan başqa mediasiya sazişinin etibarsız hesab edilməsi ilə bağlı da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ERBİ-H MMC tərəfindən iddia irəli sürülmüş və iş icraata qəbul edilərək baxılmaqdadır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin tam təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, icra məmurunun təqdimatının tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4443/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədininin icrasının təmin edilməsi məqsədi ilə məcburi icra tədbiri qaydasında üzərinə həbs qoyulması tələb edilən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi borclu X3 mülkiyyətində olmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2034/2023 saylı qətnaməsi ilə onunla X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi təsdiq edilmiş və bu əmlakların ½ hissəsinə borclunun, ½ hissəsinə isə X5 payı müəyyən edilmişdir. Qeyd edilənlər, o cümlədən borclu tərəfindən icra sənədinin icrasının təmin edilməməsi icra məmurunun hazırki təqdimatına uyğun olaraq, yalnız onun əmlakına, yəni mövcud vəziyyətdə onun bu əmlaklara olan payı üzərinə (½ hissəsinə) həbs qoyulmasını mümkün edir. Əks yanaşma həmin əmlakların digər ½ hissəsinə X5 yaranmış hüquqlarını pozmuş olur. Birinci instansiya məhkəməsi də öz növbəsində həmin halları nəzərə alıb, bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarını rəhbər tutaraq, təqdimatı qismən təmin etmişdir. Tələbkarın maraqlı şəxs qismində tanınmaqla həmin qətnamədən apellyasiya şikayəti verməsi hazırki təqdimatın tam təmin edilməsi üçün əsas deyil. Eyni zamanda, apellyasiya şikayətinə baxılmasının nəticələrindən asılı olaraq, digər ½ hissənin üzərinə həbs qoyulması üçün yenidən təqdimatla müracitə edilməsini də istisna etmir. Beləliklə, məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4443/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin bugünədək tam icra olunmadığını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı qismən təmin etmiş və borclunun ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan ½ hissədə payları üzərinə həbs qoymuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar “ERBİ-H" MMC tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı təqdimatın qismən təmin edilmiş, yəni “Borclu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan ½ hissədə payları üzərinə həbs qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-37/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-37/2024
14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver