Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-370/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Borclu X2, Borclu nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 8(004)-196/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl İsmayılov Bakı Apellyasiya Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(103)-6370/2018 saylı icra sənədinin icraatının Borclu aid hissədə dayandırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 03.08.2018ci il tarixli 2(103)-6370/2018 nömrəli icra sənədinə əsasən Borclu 19214,25 manat, X1 isə 3241 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi Borclu aid hissədə icra edilməsi üçün 15.03.2019-cu il tarixdə icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu könüllü icra haqqında bildiriş göndərilmişdir. Könüllü icra üçün təyin edilmiş müddətdə tələb Borclu tərəfindən təmin edilməmişdir. İddianı təmin tədbiri olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2011-ci il tarixli 2(004)-4808/2011 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı sözügedən mənzil "xxxx" MMC tərəfindən 115000 manata qiymətləndirilmişdir. Mənzilin dəyəri ilə Tələbkar ödənilməli borc məbləğinin (19214,25 manat) nisbəti 1/5,985 təşkil etdiyindən, mənzilin 1/5,985 pay hissəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən borc əvəzinə Tələbkar təklif olunmuş, tələbkar təklifi qəbul etmiş və mənzilin 1/6 pay hissəsinin onun adına mülkiyyət hüququ üzrə rəsmiləşdirilməsini xahiş etmişdir. İcraat zamanı məlum olmuşdur ki, digər mülki iş üzrə iddiaçı X2 cavabdeh Borclu qarşı ümumi birgə mülkiyyətdə olmuş mənzilin bölünməsi tələbinə dair mülki iş üzrə iddianı təmin tədbiri olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli 2(004)-4299/2019 nömrəli qərardadı ilə sözügedən mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Mənzilin 1/5,985 pay hissəsinin tələbkara təklif edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən F.Rzayev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilmiş və şikayət hazırda məhkəmənin icraatındadır. Bundan başqa, F.Rzayev 10.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, üzərinə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında 23.12.2020-ci il tarixli qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, digər Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, sözügedən mənzilin 1/5,985 pay hissəsinin müəyyən edilərək tələbkara təklif edilməsinin qanunsuz hərəkət hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, sözügedən icra sənədi 17.04.2019-cu il tarixdə X1 3241 manat pulun tutularaq Tələbkar ödənilməsi hissəsində icra edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuşdur. Müəyyən edilmişdir ki, borclu F.Rzayev pensiyaçıdır və 951 manat məbləğində pensiya alır. Tələb 23.07.2019-cu il tarixdə borclu F.Rzayevin pensiyasının 50% hissəsinə yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 8(004)-196/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 8(004)- 196/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayət verilməsinə, iddiaçı X2 ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə baxılmasına və mübahisəli mənzilin üzərinə həbs qoyulmasına baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq icra üzrə icraatı dayandırmamışdır. Məhkəmə iclasında iştirak edən borclu X4 və digər Borclu nümayəndəsi X5 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Tələbkar elektron poçt vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və şikayətə onun iştirakı olmadan baxılaraq qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqdimat vermiş icra məmuru məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 8(004)- 196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. İcra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar həmin Qanunun 17-ci maddəsində göstərilmişdir. İcra məmurunun hərəkətlərindən şikayət verilməsi isə icra sənədi üzrə icraatın mümkün olduğu hallar sırasına aid edilmişdir. İş materiallarından görünür ki, icra vərəqəsi 20 fevral 2019-cu ildə verilmiş, 15 mart 2019-cu il tarixdə icra üzrə icraata başlanmışdır. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İş materiallarından görünür ki, icra sənədi iki ildən artıq müddətdə icraatda olmasına baxmayaraq, icra sənədinin tam icrası təmin edilməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətlərindən şikayət verilməsi əsasına görə icra üzrə icraatın dayandırılması barədə icra məmurunun təqdimatını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(004)-196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-370/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-370/2021
27.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver