Məhkəmə qərarları › İş №8(103)-371/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-371/2021

28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-371/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Tələbkar və X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-152/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2014 saylı 08.09.2014-cü il tarixli icra sənədinə əsasən X3, X11, X7, X10, X8, X5 və X12 Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8-dən çıxarılmalı, Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8-dən X3, X11, X7, X10, X8, X5 və X6 məxsus əşyalar boşaldılmalı və həmin mənzil Tələbkar təhvil verilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. Borclu ərizəni belə əsaslandırmışdır ki, hazırda Cəbrayıl rayonu işğaldan azad edilsə də, rayon və kənd sakinlərinin qeyd edilən ərazilərə köçürülməsi baş tutmayıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə kənd və rayon sakinlərinin yaşaması üçün heç bir şərait və infrastruktur yoxdur. Eyni zamanda sakinlərin hazırda rahat yaşaması üçün təhlükəsizlik tədbirləri təmin edilməyib. Hazırda qətnamədə qeyd edilən digər cavabdehlərlə birlikdə yaşamır və birgə təsərrüfat aparmır. Onun yetkinlik yaşına çatmayan övladları ilə yaşaması üçün Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8-dən başqa mənzili yoxdur. Göstərilənlərə əsasən məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini xahiş edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Rüstəmli, iş № 8(009)-152/21) ərizə təmin olunmamışdır. Borclu T.Həsənov həmin qərardaddan şikayət vermişdir. Ərizə ilə eyni məzmun təşkil edən şikayət əlavə olaraq onunla əsaslandırılmışdır ki, tələbkarın borcluya Xətai rayon ərazisində mənzil verilməsi ilə bağlı izahatı həqiqəti əks etdirmir. Mərhum qardaşı Şəhriyarın səhhətində ciddi psixoloji problem olduğundan məcburi olaraq anası X3 ilə Bakı şəh, 9-cu mkr. ərazisində yerləşən yarımçıq binada yaşamışlar. Sonra həmin yarımçıq bina da sökülmüş və anası ilə mərhum qardaşı müvəqqəti olaraq Xətai rayon ərazisində məskunlaşdırılmışlar. Mərhum qardaşı mənzildən çıxarılma və digər problemlərə dözməyərək səhhətində problem yaranmış və ciddi xəstəlikdən vəfat etmişdir. Hal-hazırda yaşadığı və çıxarılması tələb edilən mənzildə yetkinlik yaşına çatmamış övladları ilə birlikdə yaşayır və onların yaşamağa başqa yeri yoxdur. Qərardadın ləğv edilməsi və qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu T.Həsənov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Tələbkar isə şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəçinin məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız saymış və hesab etmişdir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutlar təqdim edilməmişdir, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar