Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-371/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsinə dair həmin məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qərardadından ləğv prosesində olan Tələbkar ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tələbkar Açıq Səhmdar Cəmiyyəti və X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8070F saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləi üzrə 7970 manat əsas, 189,84 manat faiz, 0,11 manat cərimə borcu olmaqla cəmi 8159,95 manat borcun, habelə 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin X1 və X3 müştərək qaydada ləğv prosesində olan ‘”AtaBank” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edən X4, maddi imkanı məhdud olduğundan qətnaməni birdəfəyə icra edə bilmədiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını, lakin tək ana kimi himayəsində olan 2 yetkinlik yaşa çatmayan uşaqların bütün təhsil və yaşayış xərclərinin onun üstündə olduğunu bildirməklə borcun hissə-hissə 18 ay müddətinə, ayda 500 manat olmaqla ödənilməsinə icazə verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə olmaqla icra edilməsi, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə 8159,95 manat borcun və 101,59 (otuz) manat dövlət rüsumunun əvəzinin (ümumilikdə 8261,54) ödənilməmiş hissəsinin, qərardad icraya yönəldildiyi müddətdən etibarən 17 ay ərzində bərabər məbləğdə olmaqla ləğv prosesində olan Tələbkar ASC-yə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ləğv prosesində olan Tələbkar ASC-nin nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və qətnamənin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X2 ərizəsi təmin olunmamalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə yanaşı, ümumiyyətlə onun əmlak vəziyyətinin qətnamənin icrasına maneə törədəcək şəkildə aşağı olmasını təsdiq edəcək hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-341/2022 saylı iş üzrə 30 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və həmin məhkəmənin 14 iyul 2022-ci il il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-371/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-371/2022
10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver