Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-371/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m. olan 83 nömrəli 3 otaqlı mənzilə Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlər "xxxx" MTK və Borclu həmin mənzili Tələbkar təhvil verməli, eyni zamanda Borclu həmin mənzildən çıxarılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədinin icrası təmin edilənədək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1971-ci il tarixdə Meqri rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, qeyd edilən qərardad ləğv edilmiş və yenidən baxıldıqdan sonra həmin təqdimat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmişdir. Bu qərardaddan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət təmin edilmiş və yenidən baxıldıqdan sonra təqdimat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, xx.xx.1971-ci il tarixdə Meqri rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020- 009 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatı təmin olunaraq, onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, borclu qərarın və könüllü icra barədə bildirişin surətini almasına baxmayaraq, icra sənədində göstərilən öhdəliyini yerinə yetirmədiyindən, bununla da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən icra məmurunun təqdimatı təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Halbuki, o, icra sənədindən qeyd olunan ünvanda inşa edilmiş binada 83 deyil, 78 saylı ümumi sahəsi 141,5 kv.m olan mənzili alqısatqı müqaviləsi əsasında X3 almış, xx.xx.2019-cu il tarixdə isə həmin mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda isə mənzilin ümumi sahəsi 130.5 kv.m göstərilmişdir. Başqa sözlə, icra məmuru hansı məntiq və hüquqi əsasla onun mülkiyyətində olmuş, hazırda isə müvafiq çıxarış əsasında digər şəxsin mülkiyyətində olan mənzili boşaltmaq və Xançoban adlı şəxsə təhvil vermək istəyir? Bu hərəkətlər icra məmurunun səlahiyyət həddini aşma kimi qiymətləndirilməli və onun barəsində lazımi tədbirlər görülməlidir. İcra sənədinə əsasən digər borclu "xxxx" MTK-dır. İcra məmuru həmin borclu ilə bağlı hansı tədbirlər görmüş, Tələbkar məxsus mənzilin verilməsini MTK-dan tələb etmişdirmi? İcra işinin materialları ilə tanış olduqda görünür ki, icra məmuru cavabdeh MTK ilə bağlı hər hansı tədbir görməmişdir. İcra prosesi zamanı icra məmuru onun mülkiyyət hüququ tanınmış mənzili Tələbkar aid olmasını Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Naziriliyi Eskpertiza Mərkəzinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501 saylı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla əsaslandırır. Görünür ki, icra məmuru icra işinin materiallarını, istinad etdiyi sənədləri dərindən öyrənməmiş, binanın layihəsindən və tikinti sahəsində qanunvericiliyin tələblərini başa düşmədən konstitusion hüquq olan mülkiyyət hüququnu pozmaqla icra sənədini icra etməyə cəhd etmişdir. İcra məmurunun istinad etdiyi rəyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X11 Rayon İcra Şöbəsinin müraciəti əsasında xx.xx.2018-ci il tarixdə vermişdir. Müraciətdə Agentlik qarşısında qoyulan suallardan biri "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbədə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 78 saylı mənzilin binanın konkret olaraq hansı hissəsində (binanın oxları göstərilməklə) yerləşməsi ilə bağlı olmuşdur. Agentlik isə binanın təsdiq edilmiş layihəsi əsasında sualı cavablandırmış və bildirmişdir ki, 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan mənzil liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə FD/E(D) oxlarının kəsişməsində yerləşir, həmin mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan 3 otaqlı bir mənzil vardır. Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6826 nömrəli rəyində də FHN-nin rəyinə əsaslanaraq 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan mənzil liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşdiyini qeyd etmişdir. Həmçinin, iddianın təmini tədbiri məqsədilə vaxtilə üzərinə həbs qoyulmuş mənzilin liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə FD/E(D) oxlarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdur. Bununla yanaşı, “Torpaq sahələrinin plan və ölçülərinin tərtibi, tikili və qurğuların texniki inventarlaşdırılmasına və cari dəyişikliklərin aparılmasına dair” Təlimatın 6.1-ci bəndində göstərilir ki, sahələrin sərhədləri müəyyən qaydada, ölçüləri üz tərəfdən başlamaqla, soldan saga sərhəd boyu gedərək əvvəlcə bütün tikililər, sonra isə ortada olan tikililər ölçülür. Bütün bu sənədləri dərindən öyrənmədən, araşdırma aparmadan, tikinti sahəsində mövcud qanunvericilik aktlarını bilməyən, bu sahədə heç bir biliyi olmayan icra məmuru qanunsuz və səalhiyyət həddini aşan hərəkətləri ilə nəinki onun, hətta vicdanlı alıcı hesab olunan X8 da mülkiyyət hüquqlarına qəsd etməyə cəhd göstərmiş, dəfələrə qanunsuz icra prosesləri təyin etməklə mənzildə yaşayan Zaur Mirzəyevin və onun ailə üzvlərinin, o cümlədən azyaşlı uşaqların ciddi stress yaşamasına səbəb olmuşdur. Bu tip məmurlar isə daim vətəndaşı dövlətdən narazı salmaqla məmurlara olan inam və etibarı da sarsıdır. Yəni, icra işini və qanunverciiliyin tələblərini dərindən bilməyən bir şəxsi dövlət orqanlarına hansı meyar əsasında qəbul edilməsi də böyük sual yaradır. Ən gülməlisi isə odur ki, icra məmurunun xəbərdarlığa qoşma olaraq göndərdiyi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından da məlumatsız olmasıdır. Həmin qərarın 13-cü bəndində məhkəmə mənzilləri ümumi sahəsinə görə azdan çoxa görə aparmış və icra vərəqəsində Tələbkar sahiblik və istifadə hüququ tanınmış ümumi sahəsi 141,2 kv.m olan mənzil 82 saylı mənzil kimi qeyd olunmuşdur. Ancaq icra məmuruna dəfələrlə bu barədə bildirilsə də, əhəmiyyət verməmişdir. Həmçinin, icra məmuru icra sənədində göstərilən 83 saylı mənzilin müəyyən edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, alınmış xx.xx.2022-ci il tarixli cavabda həmin mənzilin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, icra məmuru təkrarən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək, icra edilməsi üçün DƏDKR-nın 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş, sonuncu qeyd olunan blokun 13-cü mərtəbəsində liftdən çıxarkən soldan 1-ci mənzilin 78 saylı olduğunu, 83 saylı mənzilin isə yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.5 kv.m olan 78 nömrəli 3 otaqlı mənzili X7 adlı şəxsdən dəyərini ödəməklə əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X4 Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.5 kv.m olan 78 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən hazırda yaşadığı mənzil Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyləri əsasında Xətai rayon icra şöbəsinin icra məmurları tərəfindən müvafiq akt əsasında X5 təhvil verilmişdir. Başqa sözlə, o, 78 saylı mənzilin vicdanlı alıcısı və sahibi olmuşdur. İcra məmuru “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsaslanaraq təqdimatın təmin edilməsini xahiş etmişdir. Həmin normada icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi xüsusilə qeyd olunsa da, icra məmuru təqdimatda icra sənədinin icrasının üzrsüz səbəblərini əsaslandırmamış, başqa sözlə, ümumiyyətlə heç bir səbəb göstərməmişdir. Təqdimat icra sənədinin icrasını həyata keçirən icra məmuru Xatir Məmmədov tərəfindən deyil, digər icra məmuru Kəmalə Həsənova tərəfindən tərtib olunaraq imzalanmış və qurum rəhbəri Vüqar Qasımov tərəfindən imzalanmışdır. Bütün bunlar icra qurumunun rəhbərinin qərəzli olmasını sübut edir və hərəkətlərinin tam qanunsuz olmasını deməyə əsas verir. Lakin məhkəmə bu halı da nəzərə almadan təqdimata baxaraq qərardad qəbul etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Hazırkı qərardad onun konstitusion hüququnu kobud şəkildə pozma kimi qiymətləndirilməli və təqdimat təmin olunmamlıdır. Belə ki, o, iş üzrə tələbkarın iddia etdiyi mənzildə yaşamamış, heç vaxt zəbt etməmiş və hazırda da yaşamır, tələbkarın 83 saylı mənzil olaraq iddia etdiyi və eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixli, 2(011)-728/2020 saylı mülki iş üzrə müəyyən edilmiş (yəni 13-cü mərtbədə liftdən çıxan kimi sol tərəfdə yerləşən 1-ci mənzil), lakin qanuni əsaslarla 78 saylı mənzil hesab olunan yaşayış sahəsi hazırda başqa şəxsin qanuni mülkiyyətindən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxs 78 saylı mənzilə sahiblik edir. Qeyd olunanlar bir daha göstərir ki, qətnamənin onun tərəfindən ona aid hissədə icrası qeyri-mümkündür. Həmin qətnamədə digər borclu "xxxx" MTK olsa da, icra məmuru tərəfindən həmin borclu ilə bağlı faktiki olaraq heç bir tədbir görülmür. Şərh edilənlər icra məmurunun və məhkəmənin ona qarşı qərəzli, qanunsuz və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini tam sübuta yetirir. Həmçinin, qeyd olunmalıdır ki, borclunun məcburi qaydada gətirilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmiş və təqdimata yenidən, habelə bu qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində apellyasiya instansiyası məhkəməsinin formalaşdırdığı mövqeyə görə qeyd edilən sənədlərə əsasən müəyyən edilir ki, Borclu tərəfindən formal olaraq icra sənədinin verilməsinə əsas olmuş işin hallarına istinad edilməklə icra sənədinin icrasından yayınma halı yoxdur. Belə ki, icra məmurunun özü tərəfindən də icra mərhələsində mənzilin yerinin dəqiqləşdirilməsi məqsədi ilə mütəxəssis dəvət edilmiş, mütəxəssis tərəfindən mənzilə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. Həmin binada Borclu sahiblik etdiyi mənzilin hazırda borclunun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-501/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-501/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m. olan 83 nömrəli 3 otaqlı mənzil Borclu tərəfindən bu mənzilə sahiblik və istifadə hüququ tanınmış Tələbkar təhvil verilməli, eyni zamanda Borclu həmin mənzildən çıxarılmalıdır. Bu barədə Borclu apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Borclu verdiyi apellyasiya şikayətinin məzmununda göstərmişdir ki, mənzilə çıxarış alınanda cavabdeh "xxxx" MTK tərəfindən ona müqavilədə 83 saylı mənzilin texniki səhv olaraq 78 saylı mənzil kimi qeyd edilməsi barədə arayış verilmişdir. Ona görə də mənzilə çıxarışda mənzilin nömrəsi 83 saylı qeyd edilmişdir. Məhz Borclu özü tərəfindən apellyasiya şikayətində qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, onun mülkiyyətində olmuş 78 saylı mənzillə qeyd edilən icra sənədinə əsasən onun tərəfindən təhvil verilməli olan 83 saylı mənzil eyni mənzildir. Digər tərəfdən bu məsələlərə həmin mübahisəyə həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyaları tərəfindən hüquqi qiymət verilmiş və nəticədə yuxarıda qeyd edilən qənaətə gəlinmişdir. Lakin buna baxmayaraq, dövlətin adından çıxarılmış və məcburi icra qüvvəsinə malik olan məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi bugünədək icra edilməmişdir. Həmin icra sənədi üzrə icra icraatına hər hansı əsasla xitam verildiyi, habelə icra sənədinin icrasız geri qaytarıldığı müəyyən edilmir. İcra sənədi üzrə icra hərəkətləri hazırda da davam etdirilir. Lakin həyata keçirilmiş məcburi icra tədbirlərinin bir nəticə verməməsi icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasını şərtləndirir. Belə ki, icra sənədi üzrə iki borclunun olmasına baxmayaraq, tələbkarın istifadə və sahiblik hüququ tanınmış mənzildən məhz Borclu çıxarılmalıdır. Bu da öz növbəsində həmin mənzilin də nəticə etibarı ilə məhz onun tərəfindən təhvil verilməsini özündə ehtiva edir. Hər bir halda, icra sənədi mövcuddur və həmin icra sənədi üzrə borclu qismində Borclu müəyyən edilmişdir. Bu səbəbdən Borclu hər bir halda (istisna deyil ki, icra üsulunun və qaydasının dəyişdirilməsi qaydasında) icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə zəruri hərəkətlərin yerinə yetirilməsini təmin etməlidir. Beləliklə, məhkəmə kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 728/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin bugünədək tam icra olunmadığını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmiş və Borclu ölkədən getmək hüququnu icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-371/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-371/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver