Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-372/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3775/2020 saylı, 03.06.2020-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimata dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-410/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3775/2020 saylı, 03.06.2020-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, 20.04.2021-ci il tarixli qərarla icrasına başlanmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3775/2020 saylı, 03.06.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 16015 manat Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “ İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş və Borclun mülkiyyətində olan 1 ədəd “CASE TLB 580T” markalı, AZ 90H-722 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu mülkiyyətində olan 1 ədəd “CASE TLB 580T” markalı, AZ 90H-722 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin üzərinə həbs qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-410/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3775/2020 saylı, 03.06.2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan 1 ədəd “CASE TLB 580T” markalı, AZ 90-H-722 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin üzərinə həbsin qoyulması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan əmlakın bazar qiyməti təxmini 70 000 manat təşkil edir. Lakin onun borcu 16 000 manat olduğu halda dəyəri borcdan daha yüksək olan əmlaka həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubov təqdimatı qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-410/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi X3 şikayəti müafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tələbkar və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 410/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3775/2020 saylı, 03.06.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar cavabdehlər Borclu və X2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Borclu əsas borc olan 16000 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 manat pul cavabdeh Borclu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarında olan 20.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görnür ki, icra sənədi üzrə icraata balanılması qərara alınmışdır. İş materiallarında olan 20.04.2021-ci tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Borclu adına 1 ədəd “CASE TLB 580T” markalı, AZ 90H-722 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici dövlət qeydiyyatına alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X6 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.05.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli və Borclu mülkiyyətində olan 1 ədəd “CASE TLB 580T” markalı, AZ 90H-722 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-410/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-410/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-372/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-372/2021
26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver