Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-372/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 8(004)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 2178/2020 saylı icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” haqqında xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə "İcra Haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın surətini "vəkil sorğusu" əsasında xx.xx.2024-cü il tarixdə "email" vasitəsilə qəbul etmişlər. Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icraya yönəldikdən sonra "icraata başlama" haqqında qərar qəbul edilmişdir. Lakin, borclu tərəfindən aliment öhdəliyi icra olunmamış və borclunun barəsində məcburi icra tədbirləri görülməmişdir. İcra sənədinin icraatda olduğu müddətdə X1 aliment ala bilməməsi ilə övladlarına baxmaqda çətinlik çəkdiyindən, o cümlədə Orxan adlı övladı "asma- bronxit” xəstəliyindən əziyyət çəkdiyindən, mütəmadi olaraq xəstəxanada yatdığından, həmçinin özünün xəstəliyi ilə bağlı uşaqlarına mütəmadi baxa bilməməsi səbəbindən Borclu bildirmişdir ki, uşaqlara müvəqqəti olaraq baxmaqda o da köməklik göstərsin, həmçinin uşağın müalicəsi xərclərini qarşılasın. Tələbkar bu təklifə razılıq verdikdə borclu təklif etmişdir ki, gələcəkdə aliment borcunun hesablanmaması üçün tələbkar notarial qaydada ərizə versin. Bundan sonra tələbkar notarial qaydada ərizə vermişdir ki, uşaqlarının atalarının yanında qalmalarına razıdır, gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Bundan sonra qarşılıqlı razılıq əsasında uşaqlara həm borclu, həm də tələbkar baxmışdır. Lakin, bir müddət sonra borclu uşaqların anaları ilə qalmasına maneəçilik yaratmağa başlamışdır. Proseslərin davamında borclu tələbkar tərəfindən notarial qaydada verilmiş ərizəsini Abşeron rayon İcra və probasiya şöbəsinə təqdim etmiş, icra məmuru isə əsassız olaraq icra sənədinə xitam vermişdir. Belə ki, “İcra Haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra icraatına xitam verilir. Lakin, icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın verilməsinə əsas olmuş ərizədə tələbkar tərəfindən icra sənədinin tam icra olunması (alimenti tam şəkildə qəbul etməsi) barədə “məlumat” və icra icraatına xitam verilməsi barədə “xahiş” olmamışdır. Belə olan təqdirdə icra məmurunun icra sənədi üzrə icraata hansı səbəbə görə xitam verməsi onlara da məchul qalmaqda davam edir. Aliment işləri üzrə icraata aliment öhdəliyi borclu tərəfindən tam təmin edildikdə xitam verilə bilər. Hətta tələbkar alimenti tam şəkildə qəbul etməsi barədə ərizə versə, həqiqətdə isə alimenti almamış olsa, həmin ərizədən də geri dönüş edə bilər. Bu zaman alimentin həqiqətən ödənilməsini sübutetmə yükü borclunun üzərində qalır. xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarda qeyd olunur ki, "icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur" Lakin, alimentin tam şəkildə təmin olunmasını təsdiq edən tələbkarın ərizəsi və ən əsası müvafiq qəbzlər icraat materialında yoxdur. Vəkil sorğusu əsasında tərəflərindən belə qəbzlərin olub-olmaması barədə sual qoyulmuş, lakin bu barədə onlara heç bir məlumat verilməmişdir. Buna görə də icraata xitam verilmə barədə icra məmurunun qərarının ləğv edilməsini xahi etmişdir
3. Yasamal Rayon Məhkəməsinin 8(004)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin edilmiş, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicar Ramazaninin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
4. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə görə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir.
9. Həmin Qanunun 23.1.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
10. Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə iddia tələbi təmin edilərək, yetkinlik yaşına çatmayan Ö.Əliyevin və A.Əliyevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, R.Əliyevaya ödənilməsi, alimentin tutulma müddəti 25 fevral 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir.
11. X2 07 noyabr 2020-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, uşaqların ataları Borclu himayəsinə verilməsinə və onunla yaşamalarına (qalmalarına) razıdır. Bununla bağlı gələcəkdə hər hansı bir iddia qaldırmayacaq.
12. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicar Ramazaninin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2178/2020 saylı icra sənədində qeyd olunan tələbin Borclu tərəfindən tam şəkildə təmin olunması nəzərə alınaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2178/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır.
13. Rayon məhkəməsi hesab etmişdir ki, tərəflərin birgə nikahdan olan övladları yetkinlik yaşına çatmamış və aliment öhdəliyinə dair hissədə icra sənədi tam icra olunmamışdır. Bu səbəbdən də icra məmurunun icraata xitam verilməsi barədə qərarını qanuna zidd və əsassız hesab etmişdir.
14. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi borclunun şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.