Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-373/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-444/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, Borclu 8500 manat pul və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq, Tələbkar ödənilməlidir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdimat verərək, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyən Borclu, barəsində inzibati xəta haqqında protokol tərtib olunması üçün polis orqanı vasitəsilə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədi üzrə xx.xx.2012-ci il tarixdə başlanılmış icraat zamanı tələbin 10 gün müddətində icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş və o, könüllü icra haqqında bildirişləri və xəbərdarlıqları rəsmi qaydada almışdır. İzahatlarında borcu ödəyə bilmədiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə dəfələrlə borclunun istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə zəng edilərək, şöbəyə gəlməsi tələb edilmiş, o isə, vaxtının olmadığını, vaxt taparsa gələcəyini bildirmişdir. Lakin icra sənədini icra etməmiş və şöbəyə gəlməmişdir. Daha sonra isə zənglərə cavab verməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan borclunun şöbəyə gəlməsini və barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsini təmin etmək mümkün olmamışdır. Borclunun hazırda 3500 manat borcu mövcuddur. Göstərilənlərə əsasən, borclunun məcburi gətirilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv, təqdimatın isə rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, icra məmurunun hər bir çağırışına gəlmiş və tələbkara ödədiyi pullara dair onun yazmış olduğu qəbzləri təqdim etmişdir. Bununla yanaşı, xx.xx.2020-ci il tarixdə saat 10:00-da şöbədə olaraq, axırıncı dəfə ödəmiş olduğu 200 manatın tələbkar tərəfindən alınmasına dair qəbzləri təqdim etmək istəmiş, icra məmuru isə onu qəbul etməmişdir. Hazırkı təqdimat rəsmiyyətdən başqa bir şey deyildir, sadəcə icra tədbirlərinin həyata keçirilməsi görünüşü yaratmağa xidmət edir. Nərimanov Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya hesab edir ki, icra sənədinin icrası məqsədilə borclunun İcra şöbəsinə gəlməsi zəruri olduğu və təqdimata əlavə edilmiş sənədlərlə borclunun icra məmurunun çağırışlarına gəlməməsi təsdiqləndiyi üçün birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Kollegiya bu qənaətə gələrkən Borclu şikayətini kifayət qədər əsaslandırmadığını və qərardadın ləğvi üçün əsas olan hallara dair mötəbər sübutlar təqdim etmədiyini də nəzərə alır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-326/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-373/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-373/2020
16.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver