Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-374/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, 8(004)-879/2019 nömrəli iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardaddan tələbkar (iddiaçı) Tələbkar verdiyi şikayətə onun və borclu (cavabdeh) “Qara Qaya” Assosiasiyasının (bundan sonra – Şirkət) direktoru və təsisçisi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirkətin direktoru və təsisçisi S.Daşdəmirov Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli, 17/705298/1 saylı qərarından Yasamal Rayon Məhkəməsinə şikayət verərək, Şirkətin Tələbkar olan borcunun ödənilməsi üçün Şirkətin təsisçisi və rəhbəri olaraq onun pensiyasından hər ay 50 faiz tutularaq tələbkarın bank hesabına köçürülməsi barədə İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli 17/705298/1 saylı qərarının ləğv edilməsi və indiyə qədər qanunsuz tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı (İş № 8(004)-879/2019) ilə şikayətin qismən təmin edilməsini, İcra Şöbəsinin icra məmuru R.Quliyevin Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 3709/2013 saylı icra sənədinin icrasının təmini məqsədilə icra sənədinin Şirkətin təsisçisi olaraq S.Daşdəmirovun pensiyasına yönədilməsi barədə qərarının əsassız hesab edilməsini, icra sənədinin icrasının təmini məqsədilə Şirkətin təsisçisi olan S.Daşdəmirovun pensiyasından tutulmaların (yönəldilmə) dayandırılmasını qərara almışdır. İş üzrə Tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və Şirkətin təsisçisi olan S.Daşdəmirovun icra məmurunun qərarından verdiyi şikayətin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə görə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Lakin işə baxmış Rayon Məhkəməsi Şirkətin Nizamnaməsində təsisçisi S.Daşdəmirovun borca görə məsuliyyət daşıyıb-daşımamasının nəzərdə tutulub-tutulmamasını araşdırmadan belə bir qərar qəbul etməsi ədalətsiz və qanuna uyğun deyildir. Rayon Məhkəməsi E.Mehdiyevin şikayətinə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv olunmalı və Şirkətin təsisçisi olan S.Daşdəmirovun Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3709/2013 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə əsasında verdiyi icra vərəqəsinə əsasən borclu (cavabdeh) Şirkətdən bir avtomobil və 72.800 manat məbləğində pul alınaraq tələbkar (iddiaçı) Tələbkar verilməlidir. Nəsimi Rayon İcra Şöbəsinin Şirkətin təsisçisi və rəhbəri S.Daşdəmirova ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Şirkət yuxarıda qeyd edilən icra sənədini 2013-cü ildən etibarən icra etmədiyi üçün icra sənədinin icrası məqsədi ilə tutma, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinə əsasən S.Daşdəmirovun pensiyasının 50%-nə yönəlmiş və bu tutmanın dayandırılması mümkün deyildir. Rayon Məhkəməsi icra məmurunun xx.xx.2016-cı il tarixli qərarından S.Daşdəmirovun şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbləri baxımından müzakirə edərək, qərarı əsassız hesab edərək, icra sənədinin icrasının təmini məqsədilə S.Daşdəmirovun pensiyasından tutulmaların dayandırılmasını qərara almışdır. Qərardaddan verilmiş şikayətdə qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi Şirkətin Nizamnaməsinə baxmadan qərardad qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin 52.2-ci maddəsinə görə, bu kimi məsələlərin həll edilməsi üçün Şirkətin Nizamnaməsi götürülməli və öyrənilməli idi. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 56.1-ci maddəsinə görə, borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür. Həmin Qanunun 57.1-ci maddəsinə görə, borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə görə, isə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda hesab edilməlidir ki, şikayətin bu dəlili əsaslıdır. İş materiallarından görünür ki, borclu olan Şirkətin Nizamnaməsinin surəti iş materiallarına əlavə edilməmiş və Rayon Məhkəməsinin həmin Nizamnamənin Şirkətdən tələb olunması barədə məktubu Şirkətə göndərməmişdir. Başqa sözlə, Rayon Məhkəmə mövcud məsələnin həlli üçün vacib olan Nizamnaməyə baxış keçirmədən Şirkətin təsisçisinin məsuliyyətinin olmaması barədə qərara gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Tələbkar qərardaddan verdiyi şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2019-cu il tarixli qərardad ləğv edilməli və Şirkətin təsisçisi olan S.Daşdəmirovun Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar (iş üzrə iddiaçı) Tələbkar şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardad ləğv edilsin və “Qara Qaya” Assosiasiyasının direktoru və təsisçisi X1 Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli, 17/705298/1 saylı qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-374/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-374/2020
11.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver