Məhkəmə qərarları › İş №8(103)-374/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-374/2023

01.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-374/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, X1 Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-279/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsinə və ona yaşayış sahəsi təqdim edilənə qədər qətnamənin icrasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Z.Həmzəyev tərəfindən 23 iyun 2023-cü il tarixdə Məhkəmənin 22 aprel 2022-ci il tarixli, 2(007)-1004/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, icra məmuru tərəfindən qəbul olunmuş qərar qanunsuzdur və əsassızdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli sərəncamına əsasən Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir. Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər. Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara almışdır: Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Özəl müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Azərbaycan Respublikasının Nazirlər Kabineti: müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün; Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Nəzərə çatdırır ki, o və ailə üzvləri ilə birlikdə 1998-ci ildən məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev küçəsi, 11 saylı qeyri yaşayış sahəsinə məskunlaşmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində qətnamə qəbul olunsa da ona yaşayış sahəsi verilmədən qətnamə icra oluna bilməz. 15 iyun 2023-cü ildə o, insult keçirmişdir və onu 3 saylı şəhər xəstəxanasına yerləşdirmişdilər. Xəstəxanadan çıxandan sonra evə getmək istədi, lakin icra məmurları evin açarlarını dəyişərək onu yaşadığı yaşayış sahəsinə buraxmadılar. Bütün əşyaları, bank kartları və dərmanları həmin evdə yerləşir. Oğlu isə hal-hazırda hərbi xidmətdə quluq edir, onların yaşamağa başqa evləri yoxdur. Özü həyat yoldaşı ilə birlikdə çöldə qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv olunmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-279/2023 saylı, 18 sentyabr 2023cü il qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardaddan borclu şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Şikayət birinci instansiya məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1004/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4533/2022 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Nizami Rayon İcra Şöbəsinin icra məmuru Z.Həmzəyevin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-1004/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda borclu icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Nizami Rayon İcra Şöbəsinin icra məmuru Z.Həmzəyevin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-1004/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin maddənin 2-ci bəndinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin maddənin 5-ci bəndinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin maddənin 7-ci bəndinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət verilmiş Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğvi üçün əsaslar müəyyən olunmur. Borclu tərəfindən də sözügedən qərarın əsassız olmasını təsadiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-279/2023 saylı iş üzrə 18 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar