Məhkəmə qərarları › İş №8(103)-375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-375/2021

27.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-375/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 8(001)- 428/2021 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(001)-6450/2019 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən onun maddi vəziyyətini və sağlamlıq durumunu nəzərə almamış, qətnamənin hissə-hissə icra olunmasına tələbkarın razı olub-olmamasını araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməsi və həmin qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qaərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(001)-6450/2019 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək X3 6900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq Tələbkar ödənilməsi və qarşılıqlı iddia qismən təmin olunaraq inzibati cərimələrin əvəzi kimi 2400 manat və dövlət rüsumu kimi ödənilmiş pulun 12,32 manat hissəsinin Tələbkar tutularaq Ziyafət Səfərovaya ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq borclunun ərizəsini təmin etməmişdir. Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla ağlabatan müddətdə həyata keçirilməlidir. Borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə üzrlü səbəb kimi birkart xidmətindən yararlanmaq üçün ödəniş kartı üzrə çıxarışı və Türkiyə Respublikasında tibbi müayinədən keçməsi barədə tibbi arayışı təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunan sənədlər qətnamənin hissə-hissə icra olunması üçün qərar verilməsinə əsas vermir. Beləliklə, tələbkarın mənafeyini də nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ərizə təmin edilə bilməz. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 8(001)- 428/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar