Məhkəmə qərarları › İş №8(103)-375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-375/2022

14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-375/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadından tələbkarın nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadı ilə tələbkar X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Tələbkarın nümayəndəsi X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qeyri-qanunidir. Ekspertiza obyektiv aparılmamışdır. Təkrar ekspertiza keçirilib həqiqəti müəyyən etmək əvəzinə hakim tərəfindən ekspert rəyi əsas götürülərək qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-132/2022-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022ci il tarixli 8(011)-132/2022-ci il tarixli qərardadı ləğv edilməli, tələbkar X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Bələ ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022 ci tarixli 8(103)-20/22 saylı qərardadında qeyd edilən göstərişlər birinci istansiya məhkəməsi tərəfindən ərizəyə yenidən baxılarkən nəzərə alnmamışdır. Bələ ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022 ci tarixli 8(103)-375/22 saylı qərardadında birinci instansiya məhkəməsinin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin, 81 saylı mənzilin hamam otağının divarında su axıntısının məhz 83 saylı mənzildən suyun axıdılmasının müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərlə (xüsusi biliyə malik mütəxəssis cəlb etməklə və ya ekspertiza təyin etməklə) müəyyən etməli olduğu göstrilsə də, qeyd olunan göstəriş birinci istansiya məhkəməsi tərəfindən ərizəyə yenidən baxılarkən nəzərə alnmamışdır. Belə ki, iş üzrə ekspertiza təyin olunsa da, suyun axıdılması dəqiqliklə müəyyən olunmamışdır.Təkrar ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-132/2022 saylı iş üzrə 26 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, tələbkar X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar