Məhkəmə qərarları › İş №8(103)-375/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-375/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-375/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi-X3 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi-X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6379/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə, hər ay 200 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6379/2022-005 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar odlunun iddiası qismən təmin edilmiş, borcludan 58.305 manat pulun alınaraq Tələbkar ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6379/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Xətəi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə icra işi başlanılmışdır. Borcluya 10 gün müddətində könüllü icranı təmin etmək təklif olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Maddi imkanı 58.305 manat pulu bir dəfəyə ödəmək üçün yetərli deyildir. Müxtəlif xəstəliklərdən əziyyət çəkir və yaşı ilə əlaqədar olaraq işləmək imkanı olduqca məhduddur. Borclu hər ay Tələbkar 200 manat pul ödəyə bilər.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6379/2022 nömrəli xx.xx.2022ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəçi-X3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

5. Bundan başqa məhkəmə qeyd etmişdir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, X3ndan 58.305 manat pulun alınaraq Tələbkar ödənilməsi ilə bağlı qətnamənin hissə-hissə icra olunması Tələbkar hüquq və mənafelərininin, nəticədə məhkəmə müdafiəsi hüququnun əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər.

6. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.1, 231.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Ərizəçi (borclu) X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 8(011)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-332/2023 nömrəli qərardadında qeyd olunmuşdur ki, “icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, X3ndan 58.305 manat pulun alınaraq Tələbkar ödənilməsi ilə bağlı qətnamənin hissə-hissə icra olunması Tələbkar hüquq və mənafelərini pozacaq. Lakin nəticə etibarilə məhkəmə mübahisə üzrə tərəflər arasında olan bərabərliyi pozmuşdur. Belə ki, borcun hissə-hissə ödənilməsi təmin edilsə idi, həm Tələbkar, həm də onun mənafeyi nəzərə almaqla, tərəflərin hüquq və bərabərliyi təmin olunmaqla borc məbləğinin davamlı şəkildə ödənilməsinə nail olunacaq, həm borclunun, həm də tələbkarın tələbi təmin ediləcəkdi. Lakin məhkəmə sadəcə tələbkarın mənafeyini əsas götürmüş, onun hüquqlarını isə heçə saymışdır. Ərizədə də qeyd olunduğu kimi, o, işsizdir, nə yaşı, nə də səhhəti onun işləməyinə imkan vermir. Bu səbəbdən onsuz da sözügedən məbləği bir dəfəyə ödəməyi qeyri-mümkündür. Lakin o, heç bir şəkildə öz borcunu inkar etmir, ödəyəcəyini bildirir. Borc məbləğinin hissə-hissə ödənilməsinə şərait yaradılmaması isə həmin məbləğin üzərinə faiz gələrək onun borc məbləğinin daha da artmasına, nəticə etibarilə ona daha çox maddi ziyan vurulmasına gətirib çıxarır. Halbuki borclunun irəli sürdüyü əsaslar məhkəmənin ərizəni qəbul etməsi üçün kifayətdir. Məhkəmə isə bilə-bilə şəxsin maddi vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaq qərardad qəbul etmiş, bununla da ədalət prinsipini heçə saymışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-332/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərardadından X10 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X13 Zavodu və X2rşı”, 09 dekabr 1994-cü il)”.

13. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

14. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

16. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

17. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

18. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

19. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir.

20. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

25. Beləliklə qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir.

26. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. 27.Kollegiya borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq hesab edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-332/2023 saylı 15 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar