Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-376/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu Binəqədi rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 946/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən Borclu birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. İcra vərəqəsi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlanılaraq tələbin icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Borclu qeydiyyat ünvanına tələbin icrası barədə bildiriş göndərilmiş, lakin borclu Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinə gəlməmiş və barəsində olan aliment borcunu ödəməmişdir. Borclu məxsus *** *** ** **, 070 *** ** ** nömrələr ilə əlaqə saxlanılaraq şöbəyə dəvət edilsə də, telefonla danışıqlar zamanı borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hakim köməkçisi işlədiyini bildirərək çağırışlara gəlməmişdir. Ümumiyyətlə, Borclu icra sənədi icraata daxil olduqdan, yəni xx.xx.2018-ci il tarixdən bu günədək Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinə gəlməmişdir. Borclu məxsus nəqliyyat vasitələri üzərinə həbs qoyulması məqsədilə məhkəməyə təqdimatlar verilmiş, məhkəmə iclaslarına gəlməyən borclu qərardadlardan apelyasiya şikayətləri vermişdir. Göründüyü kimi, Borclu barəsində olan məhkəmənin qanuni qüvəsini almış aktı üzrə aliment borcunun olduğunu bildiyi halda qərəzli olaraq alimenti ödəməkdən yayınmağa çalışır. Ona görə də aliment borcunun ödənilməsini təmin etmək məqsədilə Borclu Binəqədi rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə öz qərardadında icra məmurunun təqdimatında qeyd olunan əsasları təkrarlayaraq vurğulamışdır ki, borclu icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmış, həmçinin icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən imtina etmişdir. Həmin qərardadın ləğvinə dair Borclu şikayəti birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, onun aliment borcuna görə icra məmurunun təqdimatına əsasən onun mülkiyyətində olan avtomobilə həbs qoyulmuş, icra məmuru həmin avtomobili açıq hərracdan sataraq əldə edilmiş vəsait onun borcuna yönəldilə bilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra icraatının tərəfləri məhkəməyə gəlməmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi isə hər hansı üzrlü səbəb göstərmədən nə nümayəndəsini, nə də icra işini göndərməmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-946/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən Borclu birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. İş materiallarında icra məmurunun öz qərarını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutlar barədə, yəni hansı icra hərəkətlərinin görüldüyü barədə sənədlərin olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdimatı təmin etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna əsasən, məhkəmə işə baxarkən icra vərəqəsinin və bununla bağlı icraata başlamaq haqqında qərarın, eləcə də könüllü icra barədə bildirişin həqiqətən də borcluya təqdim edilib-edilmədiyini, onun icra şöbəsinə dəvət olunub-olunmadığını və üzrsüz səbəbdən bundan yayınıb-yayınmadığını araşdıraraq təqdimata qiymət verməli idi. Təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından isə, məhkəmənin icra işini tələb edərək öyrəndiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığını yoxladığı və borclunun icra şöbəsinə məcburi gətirilməsi üçün prosessul və maddi hüquqi əsasların mövcud olub-olmadığını aydınlaşdırdığı ümumiyyətlə görünmür. Eyni zamanda işin materiallarından aydın olur ki, təqdimata baxılması ilə bağlı borcluya məlumat verilməsinə dair hər hansı sübut olmasa da, birinci instansiya məhkəməsi “lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclunun məhkəmə iclasına gəlmədiyini” qeyd edərək təqdimata onun iştirakı olmadan baxmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı, xx xxxx 2020-ciil tarixli qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-376/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-376/2020
07.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver