Məhkəmə qərarları › İş №8(103)-376/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-376/2021

27.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-376/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 2(001)-6228/2020 saylı qərardadının icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 8(001)-283/2021 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6228/2020 saylı 01.12.2020-ci il tarixli qərardadı ilə X3 və X4 Spencer arasında bağlanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmiş, bağlanmış 19.05.2017-ci il tarixli nikah müqaviləsinin şərtlərinə uyğun olaraq 2017-ci il tarixdən etibarən ər arvada hər ay 1500 ABŞ dolları məbləğində vəsait ödəyir. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən başlayaraq ər arvada ödədiyi aylıq vəsaitin məbləğini artırmağı, beləliklə ümumilikdə 3000 ABŞ dolları vəsaiti hər ay arvadın bank hesabına köçürməyi öhdəsinə götürür, ərin arvada hər ay 3000 ABŞ dolları ödəmək öhdəliyi ərin Azərbaycan Respublikasında hazırkı iş yerində (Turan Drilling&Engineering, AKCA Deutag and SOCAR AQS Company) işlədiyi müddətədək qüvvədədir. Bundan (3000 ABŞ dollarından) əlavə ər aşağıdakı xərcləri qarşılamağı öhdəsinə götürür: həftəlik dayə xidməti haqqı 250 manat; həftəlik repetitor xidməti haqqı 60 manat; həftəlik bazarlıq xərci 150 manat; ev heyvanları üçün həftəlik yemək xərcləri 100 manat. Arvad və tərəflərin ümumi övladı 21.06.2014-cü il təvəllüdlü X8 Bakı səhəri Yasamal rayonu X10 Dairəvi yol 10 Royal Park korpus D ev 14 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə ərin işəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşaya bilərlər. Adıçəkilən yaşayış yeri üzrə haqq və digər xərclər hazırda bütövlükdə ərin işəgötürəni tərəfindən qarşılanır. Ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ər məsuliyyət daşımır. Hazırda X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6228/2020 saylı 01.12.2020-ci il tarixli qərardadının “ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ər məsuliyyət daşımır” hissəsində icra üsulunun və qaydasının dəyişdirilməsi, 18.02.2021-ci il tarixdən etibarən tərəflər rəsmi nikahda olduqları müddətdə iddiaçı və azyaşlı uşağının yaşayış yeri ilə təmin olunmaları üçün cavabdeh X4 Spencerdən hər ay 1500 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 8(001)-283/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallannda olan "xxxx" MMC- nin 11 fevral 2021-d il tarixli məktubundan görünür ki, cavabdeh X4 Spencer "xxxx" MMC-nin əməkdaşı deyil və həmin şirkətə ezam edilmişdir. X4 Speneerin yaşadığı «Royal Park» yaşayış kompleksindəki mənzillə əlaqədar icarə müqaviləsinə X4 Spencerin xahişinə əsasən onun yeni evə köçmək niyyəti barədə şirkətə etdiyi bildirişdən sonra xitam verilmişdir. Müqaviləyə xitam və əmlakın boşaldılma tarixi 18 fevral 2021-ci ildir. "xxxx" MMC X4 Spenceri yeni yaşayış yeri ilə təmin etmək üçün icarə müqaviləsi bağlayacaq. Göründüyü kimi X4 Spencer banşıq sazişi bağlayarkən həm iddiaçını, həm də məhkəməni aldatmış, işə götürənini "xxxx" MMC kimi göstərərək, barışıq sazişini bağlamış və sonradan iddiaçını barışıq sazişində göstərilən evdən çıxartmaq niyyəti ilə yaşayış yerini dəyişmək üçün şirkətə özü müraciət etsə də, yaşayıs yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin guya şirkətin təşəbbüsü ilə dayandırılması görüntüsünü yaratmağa çalışmışdır. "xxxx" MMC tərəfindən barışıq sazişi və məhkəmə qərardadında əks edilmiş Bakı şəhəri, ünvan 2 ünvanı üçün X1 şirkətinə hər ay 3000 (üç min) ABŞ dollan ödənilirdi. 18 fevral 2021-ci il tarixindən etibarən iddiaçı azyaşlı oğlu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14/2 ünvanında ayı 3000 manata kirayəyə yaşayır və bütün kommunal xərcləri özü qarşılayır. Bununla bağlı bütün sənədlər iş materialianna əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 8(001)-283/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, barışıq sazişində arvad və tərəflərin ümumi övladı olan 21.06.2014-cü il təvəllüdlü X5 Bakı şəhəri Yasamal rayonu X10 Dairəvi yol 10 Royal Park korpus D ev 14 ünvanında yerləşən yaşayış yerində haqqı bütövlükdə ərin işəgötürəni tərəfindən ödənildiyi müddətdə yaşamaları, ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ərin məsuliyyət daşımayacağı, sazişdə kirayə müqaviləsinə hər hansı bir şərtlə xitam veriləcəyi halda ərin kirayə haqqı ödəməli olmasına dair şərtin müəyyən edilməməsi, X4 Spencerin yaşadığı Royal Park yaşayış kompleksindəki mənzillə əlaqədar icarə müqaviləsinə xitam verilməsi barədə bildirişin Turan Drilling tərəfindən verilməsi, X4 Spencerin yeni yaşayış yeri ilə təmin etmək üçün icarə müqaviləsi bağlanacağı müəyyən edildiyindən ərizənin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231 -ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1 -ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2.-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24.11.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, tərəflər arasında təstiq edilmiş barışıq səazişi imzalanmış və tərəflər buna dair öz iradə ifadələrini göstərmişlər. Barışıq səazişinin bəndlərində tərəflərin qarşılıqlı olaraq, razılaşdıqları bütün hallar müəyyən edilmişdir. Həmin barışıq səazişində göstərilmişdir ki, “ərin işəgötürəni tərəfindən həmin yaşayış yeri üzrə haqqın və digər xərclərin ödənilməsinin dayandırılmasına görə ər məsuliyyət daşımayacaq”. Eyni zamanda səazişdə kirayə müqaviləsinə xitam veriləcəyi təqdirdə ərin kirayə haqqı ödəməli olması ilə bağlı hər-hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi A.Vilson səazişin şərtlərini qəbul etmiş və onun tərəfindən həmin səaziş imzalanmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, A.Vilsonun hazırkı ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 2(001)-6228/2020 saylı qərardadının icra üsulunun dəyişdirilməsini deyil, həmin qərardad ilə təstiq edilmiş səazişin 3-cü bəndinin ləğv edilməsini və yeni bəndin yeni redaksiyada verilməsini özündə ehtiva edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri ərizəçi tərəfindən məhkəməyə verilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 2(001)-6228/2020 saylı qərardadının icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin məzmunu ilə eynilik təşkil edir və qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yaratmır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tələbkar X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 8(001)-283/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 8(001)-283/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar