Məhkəmə qərarları › İş №8(103)-376/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-376/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-376/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, “borclunun məcburi qaydada gətirilməsi barədə” icra məmurunun təqdimatına baxılmasının nəticəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2023-cü il tarixli qərardadından Borclu verdiyi şikayətə yazılı icraat qaydasından baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-728/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.metr olan 83 nömrəli 3 otaqlı mənzilə tələbkar (iddiaçı) Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlər (borclular) "xxxx" Mənzil Tikinti Kooperativi və Borclu üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalı, borclu (cavabdeh) Borclu həmin mənzildən çıxarılmalı, Borclu dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 manat pul məbləği tutularaq Tələbkar ödənilməlidir. İcra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin icrasının təmini məqsədi ilə Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir, məcburi gətirilmə barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardaddan şikayət verilməmişdir. Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Həmin qərardaddan Borclu verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad (İş № 8(103)-260/2023) ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və təqdimata yenidən baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Təqdimata yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə təqdimat təmin edilməməsini qərara almışdır. Həmin qərardaddan İcra Şöbəsinin verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməsini, xx.xx.2023cü il tarixli qərardadın ləğv edilməsini və təqdimata baxılması üçün işin xx.xx.2023-cü il tarixə təyin edilməsini qərara almışdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə təqdimatın təmin edilməsini, Borclu İcra Şöbəsinə məcburi gətirilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu qeyd olunan ünvanda inşa edilmiş binada 83 deyil, 78 saylı və ümumi sahəsi 141,5 kv.m olan mənzili alğı-satqı müqaviləsi əsasında X1 almış, xx.xx.2019-cu il tarixdə həmin mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda isə mənzilin ümumi sahəsi 130,5 kv.m göstərilmişdir. Borclu mülkiyyətində olmuş, hazırda isə müvafiq çıxarış əsasında digər şəxsin mülkiyyətində olan mənzilin boşaldılması və tələbkara təhvil verilməsi əsassızdır. Bundan başqa, tələbkara məxsus mənzilin təhvil verilməsi icra sənədi üzrə digər borclu "xxxx" MTK-dan tələb edilməlidir. Lakin icra məmuru MTK barəsindən heç bir tədbir görməmişdir. İcra prosesi zamanı icra məmuru Borclu mülkiyyət hüququ tanınmış mənzilin tələbkara aid olmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-6501 saylı iddianın təmini tədbiri barədə qərardadının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla əsaslandırır. İcra məmurunun istinad etdiyi rəyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi Xətai Rayon İcra Şöbəsinin müraciəti əsasında xx.xx.2018-ci il tarixdə vermişdir. Müraciətdə Agentlik qarşısında qoyulan suallardan biri "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan 3 otaqlı 78 saylı mənzili binanın konkret hansı hissəsində (binanın oxları göstərilməklə) yerləşməsi ilə bağlı olmuşdur. Agentlik isə binanın təsdiq edilmiş layihəsi əsasında sualı cavablandırmış və bildirmişdir ki, 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan mənzil liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşir, həmin mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan 3 otaqlı bir mənzil vardır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 6826 nömrəli rəyində də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsaslanaraq 13-cü mərtəbədə ümumi sahəsi 141,5 kv.m olan mənzilin liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdur. Bununla yanaşı, “Torpaq sahələrinin plan və ölçülərinin tərtibi, tikili və qurğuların texniki inventarlaşdırılmasına və cari dəyişikliklərin aparılmasına dair” Təlimatın 6.1-ci bəndində göstərilir ki, sahələrin sərhədləri müəyyən qaydada, ölçüləri üz tərəfdən başlamaqla, soldan sağa sərhəd boyu gedərək əvvəlcə bütün tikililər, sonra isə ortada olan tikililər ölçülür. Lakin icra məmurunun bu sənədləri hərtərəfli araşdırmadan yol verdiyi qanunsuz hərəkətləri nəinki borclunun, hətta vicdanlı alıcı hesab edilən X6 da mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin icra məmuru icra sənədində göstərilən 83 saylı mənzilin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin müraciətə alınmış xx.xx.2022-ci il tarixli cavab məktubunda mənzilin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, icra məmuru təkrarən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş, həmin İdarə qeyd olunan blokun 13-cü mərtəbəsində liftdən çıxarkən soldan 1-ci mənzilin 78 saylı olduğunu, 83 saylı mənzilin isə yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Borclu dəyərini ödəməklə aldığı 78 saylı mənzilin əvvəlki sahibi X2 həmin mənzilə sahiblik və istifadə hüququ Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tanınmışdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən mənzil Fövqəladə Hallar Nazirliyinin, Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri əsasında Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən müvafiq akt əsasında X3 təhvil verilmişdir. Başqa sözlə, borclu 78 saylı mənzilin vicdanlı alıcısı və sahibi olmuşdur. Həmçinin borclunun məcburi gətirilməsi barədə təqdimata baxılarkən borclu tərəfindən icra məmurunun “borclunun məcburi qaydada gətirilməsi haqqında” icra məmurunun qərarından verilən şikayətə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək “borclunun məcburi qaydada gətirilməsi barədə təqdimata” baxılmasının dayandırılması xahiş olunmuşdur. Lakin Xətai Rayon Məhkəməsi tərəfindən iş üzrə icraat dayandırılmamışdır. Bununla yanaşı, “borclunun məcburi qaydada gətirilməsi barədə” icra məmurunun qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin qərardan tərəflərin qərarı aldıqdan sonra 10 gün müddətində şikayət vermək hüququ nəzərdə tutulsa da, icra məmuru bu müddəti gözləmədən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə ilə bağlı təqdimat vermişdir. Halbuki həmin qərarı borclunun vəkili xx.xx.2023-cü il tarixdə icra şöbəsində rəsmi qaydada almışdır. Beləliklə icra məmuru borclunun qərardan şikayət vermək hüququnu gözləmədən məhkəməyə təqdimat vermiş, məhkəmə isə bu halı görməzdən gəlməklə borclunun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin normaya əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə tədbiri tətbiq olunur. Lakin borclu icra sənədində göstərilən 83 saylı mənzildə yaşamır, həmin mənzili zəbt etməmiş, bütün bunlar isə icra işinin materialları ilə sübut olunur. Bu halda isə borclunun icra şöbəsinə çağırılması ümumiyyətlə qanunsuzdur, nəinki məcburi qaydada gətirilməsi. Həmçinin icra məmuru tərəfindən təyin edilmiş bütün icra proseslərində borclu nümayəndəsi vasitəsilə təmsil olunmuş, bütün bunlar müvafiq aktlarda və video çəkilişlərdə öz təsdiqini tapır. İcra məmurunun təqdimatına baxarkən Xətai Rayon Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları tam araşdırmamış, borclunun məcburi qaydada gətirilməsinə lüzum olmadığını müəyyən etməmiş, Borclu İcra Şöbəsinə məcburi gətirilməsinin zəruriliyi əsaslandırmamışdır. Göründüyü kimi, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020-009 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.metr olan 83 nömrəli 3 otaqlı mənzilə tələbkar (iddiaçı) Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlərin (borcluların) üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalı, borclu (cavabdeh) Borclu həmin mənzildən çıxarılmalıdır. Həmin icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilməsi barədə qeyd aparılmışdır İcra məmuru Xatir Məmmədov, icra məmuru Mehdi Zeynalov, hal şahidi X8 və hal şahidi X11 tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin həmin icra sənədi üzrə Borclu sms bildiriş göndərilmiş, həmçinin istifadəsində olan ********** nömrə ilə əlaqə saxlanılmış, xx.xx.2023-cü il tarixdə gələcəyini bildirsə də gəlməmişdir. Təkrarən həmin tarixdə yenidən borclu ilə əlaqə saxlanılmış Borclu qardaşının arvadının rəhmətə getdiyini bildirərək gələn həftə yaxınlaşacağını bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İcra Şöbəsi tərəfindən Borclu İcra Şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və borclunun qeydiyyat ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İcra Şöbəsi tərəfindən Borclu xx.xx.2023-cü il tarixdə sms bildirişlər (502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; 5********) göndərilməklə, ona icra işi üzrə Xətai Rayon İcra Şöbəsinə çağırıldığı bildirilmiş, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə İcra şöbəsinə gəlməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Borclu tərəfindən “icra qurumunun rəhbərinin və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” haqqında məhkəməyə şikayət verilmiş və Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad, hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir (hissə İ.). Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (hissə İİ.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1.). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (maddə 3.). İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (maddə 84.2.). Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (maddə 84.3.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı iş” üzrə qəbul etdiyi xx.xx.1997-ci il tarixli Qərarında qeyd etmişdir ki, Avropa Məhkəməsinin məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərilərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. İş materiallarından görünür ki, borclu, icra sənədi üzrə icraata başlanmaq haqqında qərar və icra sənədinin könüllü icrası barədə bildirişlərlə məlumatlandırılmış, həmçinin ona icra şöbəsinə çağırılma barədə çoxsaylı rəsmi bildirişlər (könüllü icra barədə bildiriş və 502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; ********* saylı mobil nömrələr üzrə sms-bildirişlər) verilmiş, icra sənədinin icraata qəbul olunmasından 3 ildən çox müddət keçməsinə baxmayaraq həmin sənəd icra edilməmiş qalmış, icra məmuru tərəfindən borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməklə borcluya məlumat verilmişdir, borclu tərəfindən həmin qərardan şikayət verilsə də şikayət birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, borclu hazırkı icra sənədi üzrə icra məmurunun göstərişlərinin yerinə yetirilməsindən, o cümlədən icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun qərarının icrasından imtina etmişdir. Bununla belə, iş materiallarından borclunun icra sənədinin icra etməməsinin, o cümlədən icra məmurunun çağırışları üzrə gəlməməyinin üzrlü səbəbləri görünmür. Belə olan halda Rayon Məhkəməsi hesab etmişdir ki, borclunun icra məmurunun çağırışları ilə gəlməkdən yayınması icra sənədinin icra olunmasını mümkünsüz etdiyindən, həmçinin qanunvericiliklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, məcburi gətirilmə barədə məhkəməyə verilmiş təqdimat da təmin olunmalıdır. Məhkəmə, qeyd edir ki, əvvəla borclu, “tələbin könüllü icrası haqqında” məlumatlı olmaqla, icra sənədi üzrə icraat dövründə icra məmurunun hərəkətlərindən şikayət vermiş, müxtəlif məzmunlu şikayətlər üzrə tələbin icrasının ona aidiyyətin olmamasını, o cümlədən onun mübahisəli mənzildə yaşamaması, mənzilin onun sahibliyində olmamasına istinad etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzillin əvvəllər Borclu, həmin ünvandakı 83 saylı mənzilin isə Tələbkar məxsus olması, həmin mənzillərin fərqli mənzillər olması və 83 saylı mənzildə yerləşənlərin borclunun ailə üzvlərinin olmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır. Bundan başqa, borclu tərəfindən 78 saylı mənzilin satılmasına istinad edilsə də, həmin mənzilin hazırda mübahisə edilən 83 saylı mənzil deyil, ona məxsus olan 78 saylı mənzildir, həmçinin tələbkara məxsus mənzildə hazırda da borclunun qohumları yaşayır ki, bu hallar da borclunun icra sənədinin icrasının yerinə yetirməsini bilavasitə şərtləndirir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi təqdimatın təmin edilməsi barədə qərardad qəbul etməklə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanunu, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Şikayətin təmin, qərardadın isə ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 400 və 402-ci maddələrini rəhbər tutan, habelə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Borclu X7 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar