Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-377/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Pirallahı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Oqtay İsayevin və Tələbkar iştirakı ilə, Pirallahı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş “borclu Nərmin Quliyevaya məxsus pul vəsaitinin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Pirallahı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-334/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə görə borclular Borclu1 və Borclu2 müştərək qaydada Tələbkar xeyrinə əsas borc kimi 1.100 manat, cərimə kimi 100 manat, Borclu1 tələbkar Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ekspertiza xərci kimi 100 manat pul tutulmalıdır. İcra məmuru xx.xx.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamış və könüllü icra üçün 10 gün müddət müəyyən etmişdir. Borclu1 həmin qərarı və bildirişi xx.xx.2020-ci il tarixdə almış, lakin ötən müddətdə icra sənədini könüllü icra etməmiş, ümumiyyətlə heç bir vəsait ödəməmişdir. Təqdimat və onun həlli: Könüllü icra üçün müəyyən olunmuş müddət bitdiyinə, lakin icra sənədi icra olunmadığına görə Pirallahı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2020ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək xahiş etmişdir ki, həmin Şöbənin depozit hesabında olan, Borclu1 məxsus 1.791 manat pul vəsaitinin üzərinə icra üçün zəruri olan həddə həbs qoyulması barədə qərar qəbul olunsun. Pirallahı Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara almışdır ki, təqdimat rədd edilsin. Qərardad onunla əsaslandırılmışdır ki, icra sənədinə göstərilən məbləğin hər ay 100 manat olmaqla 12 ay müddətində hisssə ödənilməsi barədə məhkəmə qərardadı var. Şikayət və onun əsası: Şikayətdə tələb olunmuşdur ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatın rədd olunması barədə qərardad və icra sənədində göstərilmiş məbləğin hissə-hissə ödənilməsi barədə qərardad eyni gündə qəbul olunmuşdur. Hakim əvvəlcə tədimatı rədd etmiş, daha sonra hissə-hissə icra barədə ərizəyə baxmışdır. Bundan başqa, borclunun icra sənədində göstərilən məbləği birdəfəyə ödəməyə maddi imkanı var. Qərardadın yoxlanılması: Qərardad ləğv edilməli, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 43 və 45-ci maddələrindən görünür ki, borclunun pul vəsaiti üzərinə həbs qoyulması və tələbin ona yönəldilməsi məcburi icra tədbiri hesab olunur. Həmin Qanunun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Yəniicra sənədi məhkəmə tərəfindən icra məmuruna təqdim olunmuş, icra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş və qərarın surətini borcluya göndərməklə icra sənədində göstərilmiş tələbin onun tərəfindən könüllü icrası üçün 10 günlük müddət təyin etmişdir. Lakin borclu icra sənədində göstərilən tələbi könüllü icra etməmiş, könüllü icra üçün müəyyən olunmuş müddət isə keçmişdir. Bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsaslar yaranmışdır. Ona görə də pul vəsaitinin üzərinə həbs qoyulması barədə təqdimat əsaslıdır. Birinci instansiya məhkəməsi təqdimatın rədd edilməsi barədə qərardad qəbul edərkən 2 səbəbdən hissə-hissə icra barədə qərardada istinad edə bilməzdi: 1) təqdimatı rədd edilərkən hissə-hissə icra barədə qərardad qanuni qüvvəyə minməmişdir. Belə ki, hissə-hissə icra barədə qərardad və təqdimatın rədd edilməsi barədə qərardad eyni gündə eyni hakim tərəfindən qəbul olunmuşdur. Hissə-hissə icra barədə qərardaddan 10 gün müddətində şikayət verilə bilər, əgər şikayət verilməzsə şikayətvermə müddətinin bitməsindən sonra həmin qərardad qanuni qüvvəyə minir. Mülki- Prosessual Məcəllənin 15.2-ci maddəsi qanuni qüvvəyə minmiş qərardadların məcburiliyini tanıyır. Qanuni qüvvəyə minməmiş qərardada istinad olunmaqla təqdimatın rədd edilməsi ona məcburilik xüsusiyyəti verilməsi deməkdir, bu isə qanunsuzdur; 2) məcburi icra tədbirinin tətbiqi üçün qanunda müəyyən edilmiş əsas hissəhissə icra barədə qərardad qəbul edilənə qədər yaranmışdır, bu isə o deməkdir, təqdimat əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunsun. Təqdimat təmin olunsun. Borclu1 məxsus, Pirallahı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabında olan pul vəsaitinin üzərinə Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-334/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası üçün zəruri olan həddə həbs qoyulsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Namiq Cəfərov Hakimlər: Şərafət Məmmədova Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-377/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-377/2020
11.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver