Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-378/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Maraqlı şəxs iştirakı ilə, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “Tələbkar ilə Borclu arasındakı barışıq sazişinin təsdiq edilməsi barədə” müraciətinə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5642/2012 nömrəli mülki işə əsasən 01.10.2013-ci il tarixdə verdiyi icra vərəqəsi üzrə Tələbkar ilə Borclu arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, barışıq sazişinin təqsdiq edilməsindən imtina edilməsi barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə görə məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Hazırkı işdə borclu ilə tələbkarın arasında bağlanmış 30.06.2020-ci il tarixli sazişin başlığında “barışıq sazişi” yazılsa da o, məzmunca barışıq sazişi deyil. Hər hansı sazişin barışıq sazişi sayılıb-sayılmadığı onun başlığı ilə deyil, məzmunu ilə müəyyən olunur. Hüquqda “barışıq” sözü “mübahisə” sözünün əksidir. Ona görə də “barışıq” deyiləndə mübahisəli hüquq münasibətində hər iki tərəfi qane edən yeni hüquqi vəziyyətin yaradılması başa düşülür, hansı ki, tərəflər buna qarşılıqlı güzəşətlər, qarşılıqlı hüquq və vəzifələrin dəyişdirilməsi və s. nəticəsində nail olurlar. Hazırkı icra vərəqəsinə görə borcludan 57.000 ABŞ dolları alınıb tələbkara verilməlidir. Barışıq sazişində isə qeyd olunub ki, borclu birdəfəyə tələbkara 11.700 ABŞ dolları və 110 manat ödədədiyi təqdirdə, tələbkar qalan ödənilməmiş məbləği borcluya güzəşt edir. Bu, mahiyyətcə tələbdən qismən imtinadır, çünki sazişdə göstərilən məbləğ icra sənədində göstərilən məbləğin bir hissəsidir. Məbləğin birdəfəyə ödənilməsi ilə bağlı şərtin isə əhəmiyyəti yoxdur, çünki icra vərəqəsinə görə onsuz da həmin məbləğ birdəfəyə ödənilməlidir. Birinci instansiya məhkəməsi barışıq sazişini təsdiq etməkdən imtina etsə də, əsaslandırması düzgün deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5642/2012 nömrəli mülki iş üzrə 01.10.2013-ci il tarixdə verdiyi icra vərəqəsi üzrə Tələbkar ilə Borclu arasında bağlanmış 30.06.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-378/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-378/2021
23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver