Məhkəmə qərarları › İş №8(103)-378/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-378/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-378/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 06 sentyabr 2024cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə ondan tutularaq Tələbkar ödənilməli olan 9220 manat vəsaitin 2220 manat hissəsinin dərhal ödənilməklə, qalan 7000 manatının hissəsinin icrasına 3 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 06 sentyabr 2024cü il tarixli qərardadı ilə X1 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. X3 qeyd edilən qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsi və məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 24 sentyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kollegiya qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Hazırkı işin hallarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X4 9220 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. X3 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 3 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların, yəni əmlak vəziyyətinin ağırlığının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırda isə qətnamənin icrasını mümkünsüz edən borclu üçün yaranmış əlverişsiz hallar mövcud deyil, həmçinin tələbkar da icra sənədi üzrə tələb edilən pul vəsaitinin ödənilməsinə möhlət verilməsinə, habelə hissə-hissə ödənilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-873/2024 nömrəli, 06 sentyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar