Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-379/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayonu İcra və probasiya şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına baxılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 8(003)-349/2019 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 8(003)- 349/2019 saylı qərardadı ilə Borclu məxsus “X7” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət verərək təqdimatın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildən Borclu ilə rəsmi nikahdadırlar və bu nikahdan xx xxxx 2011-ci ildə Fatma adında qız övladları doğulmuşdur. Övladları Fatma doğuşdan qüsurlu olmuşdur. Buna görə də vərəm dispanseri ilə yaşadıqları ünvan arasında məsafə uzaq olduğu üçün valideynləri və öz topladığı əmək haqqı ilə xx.xx.2012-ci il tarixdə əri Borclu adına “X7” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Sonradan onun iştirakı olmadan Borclu dostları ilə birlikdə üç şəxsin iştirakı ilə “xxxxxx” Bankdan kredit götürmüşdür. Həmin kreditin ödənilmədiyi səbəbindən isə avtomobilə həbs qoyulmuşdur. Belə olan halda həmin avtomobilin üzərinə qoyulan həbs nikah dövründə əldə olunduğu üçün mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclasında şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi və bildirdi ki, borclu icra sənədi üzrə heç bir ödəniş etməyib. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu, maraqlarına toxunan şəxs və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2237/2017 saylı icra sənədinə əsasən Borclu, X2 və X1 müştərək qaydada 15540.34 ABŞ dolları əsas, 5152.84 ABŞ dolları məbləğində faiz borcu, 40 ABŞ dolları cərimə cəmi 20733.18 ABŞ dolları pul manat məzənnəsi ilə və 29.02 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “xxxxxx” İKB ASC-yə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraat başlanmış, lakin borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Təqdimata əsasən üzərinə həbs qoyulması xahiş edilən avtomobil borclunun adına daşınar əşyaların rəsmi reyestrində qeydə alınıb. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanunundaaşağıdakıqaydalarmüəyyənolunmuşdur: 45.1-ci maddəyə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 45.2-ci maddəyə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.6-cı maddəyə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.8-ci maddəyə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.2-ci maddəyə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru yalnız borclunun avtomobilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən avtomobil üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, Kollegiya qeyd etməyi və maraqlı şəxslərə (o cümlədən icra məmuruna) izah etməyi zəruri hesab edir ki, hazırki halda borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması tələbin həmin avtomobilə “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş qaydada yönəldilməsini ehtiva etmir. Belə ki, işdəki sənədlərdən aydın olur ki, “X7” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu ilə Maraqlı şəxs tərəfindən birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobilin onların birgə mülkiyyətində olması prezumpsiyası qüvvədədir. Belə olan halda isə “İcra haqqında” Qanunun45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həminavtomobilə tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payı həddində yönəldilir. Belə ki, Mülki Məcəllənin 224.1-cü maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Ailə və icra qanunvericiliklərində də eyni qayda müəyyən olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Beləliklə, əmlak ərlə arvadın ümumi (birgə) mülkiyyətindədirsə, həmin əmlaka tutma yalnız borclu olan ərin (arvadın) payı həcmində, özü də Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Ona görə də tələbin tam şəkildə birgə mülkiyyətdə olan avtomobilə yönəldilməsi Maraqlı şəxs həmin avtomobildəki payına qanunsuz müdaxilə ilə nəticələ bilər. Borclu həmin avtomobildəki payının naturada ayrılmasının mümkün olmadığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tələbkar bank borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Maraqlı şəxs satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə isə bankın ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Qeyd olunanları diqqətə çatdırmaqda Kollegiyanın məqsədi sonrakı icra prosesinin qanunun tələblərinə ciddi riayət etməklə həyata keçirilməsinə yardımçı olmaqdan ibarətdir. Çünki, bir qayda olaraq birgə mülkiyyətdə olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edildikdə, göstərilən qaydaya əməl olunmur ki, bu da haqlı olaraq maraqlı şəxslərin narazılığına və bu zəmində əsassız məhkəmə çəkişmələrinin yaranmasına gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 8(003)- 349/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-379/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-379/2020
14.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver