Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-379/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Borclu şəxs "xxxx" MMC tərəfindən verilmiş "qətnaməsinin hissə-hissə icra edilməsi" barədə ərizəsinin təmin edilməsindən imtina barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-478/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardaddan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MMC-in nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq məhkəmə qətnaməsinin hissə-hissə icrası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 8(002)- 487/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclunun nümayəndəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 8(002)-487/2022 saylı qərardadından 24 avqust 2022-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərziəsini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq qətnamənin icrasına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Hazırki məqamda borcun birdəfəlik tutulması borclu olaraq onların fəaliyyətinə ciddi təhlükə törədə və mümkün məcburi icra tədbirləri MMC-nin fəaliyyətini iflic hala gətirə bilər. Belə ki, MMC-nin əsas gəlir mənbəyi icarə obyektlərindən əldə edilən icarə haqqları hesabına formalaşır ki, bu gəlirdən MMC həm işçilərin əmək haqqlarını, həm də ki, məcburi dövlət ödənişlərini həyata keçirir. Həmçinin Ticarət Mərkəzində yaranan digər xərclər də bu icarə haqqları hesabına formalaşır ki, yekunda qalan məbləğ məhkəmə qətnamələri ilə digər tələbkarlara da ödənir. Məhkəmə qətnaməsində qət edilən məbləğin bir dəfəyə MMC-dən tutulması son nəticədə həm əmək haqqlarının verilməsində, həm dövlət ödənişlərinin həyata keçirilməsində problemlər yarada, digər tələbkarların da hüquqlarını pozmaqla yanaşı ticarət mərkəzinin normal fəaliyyətini poza bilər. Bu səbəbdən də biz ödənişin hissə-hissə həyata keçirilməsinə nail olmaq niyyətindədirlər.Bu halların nəzərə alınaraq, müvafiq məhkəmə qərardadının ləğv edilməsi barədə qəraradad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-478/2022 saylı, 25 oktyabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir. Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. Hazırkı iş üzrə icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İcra vərəqəsinin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına icra vərəqəsi üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla icra vərəqəsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya icra vərəqəsinin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun icra vərəqəsini icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun maddi vəziyyətinin ərizə və şikayətində göstərilən mövcud vəziyyətdə olması qərardadın ləğv edilməsinə əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, borclunun ərizəsində icra vərəqəsinin hissə-hissə icra olunmasına əsas ola biləcək heç bir dəlil göstərmədiyindən, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-478/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-478/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-379/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-379/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver