Məhkəmə qərarları › İş №8(103)-379/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-379/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-379/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadından X1nın şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) tələbkarın ərizəsi təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardaddan Borclu (nümayəndəsi və vəkili Vəkil) şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-243/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin hansı tarixdən ödənilməli olmasına dair izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilib ki, tələbkar kimi qanuni maraqlarının və hüququnun qorunmasını həyata keçirmək üçün verilmiş sözügedən qərardadın izahına ehtiyac duyulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə tələbkarın qərardada izah verilməsi barədə ərizəsnin təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 325/2025 saylı qərardadının qərara aldı hissəsindəki - “Borclu xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması” ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 saylı qərardadadının icrası zamanı çətinlik yaranmış, yəni qərardadda Borclu xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması göstərilsə də, indeksasiyanın hansı tarixdən hesablanmalı olması göstərilməmişdir. Bu səbəbdən qərardada izah verilməsinə zərurət vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qərardada izah verilməli, qərardadın qərara aldı hissəsindəki - “alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması” ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qərardaddan X1 şikayət verərək qərardadın ləğv edilməsini, alimentin indeksasiyasının qətnamənin qüvvəyə mindiyi tarixdən hesablanması barədə qərar verilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. X2 elektron kabinet vasitəsilə vəsatət təqdim edərək indeksasiyanın hansı tarixdən hesablanmalı olmalı məsələsi ilə bağlı Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinə müraciət edilməsini və bu müddət ərzində hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Borclu tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, alimentin indeksasiyası qətnamənin qüvvəyə mindiyi tarixdən hesablana bilməz. Çünki bunun üçün qanuni əsas olmalıdır. Belə bir əsas isə mövcud deyildir. Qətnamə çıxarılarkən Ailə Məcəlləsinin 110.2-ci maddəsinin qüvvədə olması da heç nəyi dəyişmir. Çünki qətnamədə alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun deyil, uşaqlar üçün yaşayış minimumuna uyğun sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamənin çıxarıldığı zaman sabit pul məbləğində tutulan alimentin məbləği də minimum əmək haqqının məbləğindən çox olmuşdur. Ən azından həm də tələbkar indeksasiya barədə qərardad qəbul edilənədək alimenti qətnamə əsasında almışdır. 2025-ci ildən sonra qətnamə ilə sabit pul məbləğində tutulan alimentin minimum əmək haqqının misli miqdarında göstərilməsi isə Ali Məhkəmənin Plenumunun məlum qərarından sonra tətbiq edilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, Ailə Məcəlləsinin 110-cu maddəsinin MPM-in 232.1-ci maddəsi ilə şərh edilməsinə də hər hansı bir zərurət yoxdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar