Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-380/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1nun icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: icra üsulunun dəyişdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, X1nun icra üsulunun dəyişdirilməsi ərizəsinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(003)-206/2023 nömrəli qərardadından X1nun şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(003)-1313/2022 nömrəli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsi öhdəliyin X8 Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(003)- 206/2023 nömrəli qərardadı ilə ərizənin icraata qəbulundan imtina olunmuşdur.
3. Məhkəmə hesab etmişdir ki, qətnamə üzrə öhdəliyin X8 Xidmətinə həvalə edilməsi barədə ərizə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi anlamına gəlmədiyindən, qətnamənin icra üsulu və qaydası bu şəkildə dəyişdirilə bilməz. Göründüyü kimi, ərizə X8 Xidmətinin inzibati səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır.
4. Ərizəçiyə bir daha izah olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
5. X1 həmin qərardaddan şikayət verərək ləğv edilməklə ərizənin təmin olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2022ci il tarixli, e-2(003)-1313/2022 nömrəli qətnaməsi ilə iddiaçı X5 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 may 2019 – 01 oktyabr 2018-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə tərəfindən verilmiş icra vərəqəsinə əsasən qətnamənin icra edilməsi məqsədilə icra məmuru X4 cavabdeh MMC ilə əlaqəyə keçməyə çalışsa da MMC barədə heç bir məlumat əldə edə bilməmiş, onların yeri və ya əlaqə vasitələri barədə hər hansı (dəlillər) informasiya əldə edə bilməmişdir. Məhkəmə proseslərində iştirak edərək iddia tələbini qəbul edən X8 Xidməti nümayəndəsi vətəndaşa köməklik edəcəyini, icra vərəqəsi icra edilmədiyi halda X8 Xidmətinə müraciət edilməsini bildirmişdir. Lakin icra vərəqəsində X8 Xidməti üçün öhdəlik nəzərdə tutulmadığı üçün əmək müqaviləsinin ləğv edilməsinə köməklik edə bilmirlər.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 8(003)- 206/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İşdən göründüyü kimi tələbkarın faktiki tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(003)-1313/2022 nömrəli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsi öhdəliyin X8 Xidmətinə həvalə edilməsi barədədir.
11. Kollegiya tələbkarın hazırkı tələbinə işin halları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etməkdən imtina barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
12. Tələbkarın özünün də şikayətində göstərdiyi kimi, icra vərəqəsində X8 Xidməti üçün öhdəlik nəzərdə tutulmamışdır. İşdən də görünür ki, X8 Xidməti icra işi üzrə tərəf deyil.
13. Bu şərtlər daxilində isə tələbkarın ərizəsinə hazırkı icraat çərçivəsində baxıla bilməz. Belə ki, icra prosesində tərəflər tələbkar və borcludur. İcra üsulunun dəyişdirilməsi isə mahiyyət baxımından borclunun icra vərəqəsini icra etməsi formasının dəyişdirilməsini ehtiva edir. Hazırkı ərizədə borclunun hər hansı icra formasının dəyişdirilməsi məzmunda xahiş əks etdirilməmiş, icra işi üzrə tərəf olmayan X8 Xidmətinə öhdəlik qoyulması xahiş edilmişdir ki, bu da hazırkı ərizəyə baxılmasının yolverilməzliyini şərtləndirir.
14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(003)- 206/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(003)- 206/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev