Məhkəmə qərarları › İş №8(103)-382/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-382/2020

16.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-382/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-439/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Əyyubov borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 159.800 USD borc tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-439/2020 saylı qərardadı ilə Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, təqdimatda qeyd edilmişdir ki,xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılıb, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 159.800 USD Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirişi rəsmi qəbul etmiş, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Borclu xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirişi rəsmi qəbul etmiş, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmaqdadır. Bundan əlavə, daimi yaşayış barəsində heç bir məlumat vermək istəmir, yaşayış qeydiyyatı formal xarakter daşıyır (həmin ünvanda yerləşən bina mövcud deyil), mülkiyyətində olan ikinci əl avtomobilin qiyməti təxminən 25 000 manat civarındadır və avtomobilə həbs qoyulmuşdur. (qərardad əlavə olunur) Lakin həmin avtomobilin satışı borcu təmin etmir. Avtomobildən başqa adına qeydiyyatda olan heç bir daşınmaz və daşınan əmlakı mövcud deyil (sorğulara cavab əlavə edilir). Əldə olunan məlumata əsasən, Borclu artıq ölkə hüdudlarını təcili tərk etməyə hazırlaşır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)-439/2020 saylı qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər, Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasım təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub- olmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu müvafiq icra vərəqəsinin surəti və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə bildiriş göndərilmişdir. Lakin iş materiallarında icra məmuru tərəfindən borclu X1 əmlak vəziyyətinin müəyyən edilməsi ilə bağlı sorğular verilməsi və adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmaması ilə bağlı təqdimata sənəd əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, yalnız zəruri icra hərəkətlərinin həyata keçirildiyi və müsbət nəticə əldə edilmədiyi halda, borclu şəxsə tətbiq edilə biləcək son icra tədbiri olduğundan məhkəmə qərarının hazırki icra vəziyyətində Borclu barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məqsədəuyğun hesab edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən icra məmurunun icra sənədinin könüllü icra edilməsi barədə bildirişinin borcluya təqdim edilməsi və görülmüş digər icra tədbirlərinin icra sənədinin icra edilməsinə imkan verməməsi, habelə icra sənədinin Borclu tərəfindən üzrlü səbəblər olmadan icra edilməməsinə dair halların obyektiv araşdırılmasının təmin edilməsi üçün icra işinin tələb edilərək araşdırma aparılmamışdır. Belə ki, icra işinin tələb edilməsi və obyektiv araşdırma aparılması iş materialları ilə müəyyən edilmir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan halların araşdırılması ilə bağlı material təqdimata yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)- 439/2020 saylı qərardadı ləğv edilsin, iş materialları təqdimata yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar