Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-382/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-77/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda (bundan sonra - ünvan üzrə) Borclu MTKnın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərini eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, ünvan üzrə binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilas etmə məntəqəsilə əlaqə sisteminin quraşdırılmasının və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələrinin normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrin) və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin sağ və sol hissəsinin daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsurun (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi cavabdeh Borclu MTK və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu MTK və X10 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X3 “kommunal xidmət” üzrə ödənişin tələb olunmasının qanunsuz hesab edilməsi və Borclu MTK-nın mühasibat sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsinin üzərlərinə qoyulması, iddiaçı X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətilərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsinin Borclu MTK-nın üzərinə qoyulması, Borclu MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarın mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə manelərin yaradılması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkara verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin mənzilin keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X8 verilməsi vəzifəsi Borclu MTK-ya həvalə edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MTK-nın üzərinə iddiaçı X12 ilə ünvan 3 ünvanda Borclu MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmalı, iddiaçı X9 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh Borclu MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməli və tanınmalıdır. X2 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 saylı icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X14 və X4 mütəxəssisin dəvət edilməsi və Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 üzərinə Yasamal İcra şöbəsinin icraatında X2na aid, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədlərinin icrasının ləngidilməsinə səbəb olan, vəzifə səlahiyyətindən və prosessual hüquqlardan sui-istifadə etməklə icra məhdudiyyətlərinin yaradılmasına yönəldilən süni və əsassız maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2nın şikayəti qismən təmin edilmiş, Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli “mütəxəssisin dəvət edilməsi” haqqında qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı, aidiyyəti üzrə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X14 və X4 mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan X2nın şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilmədiyi hissədə ləğv edilmiş və həmin hissədə X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2nın “icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi, süni və əsassız maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 8(004)-642/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul olunaraq qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan X2 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 270/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məsələ öz həllini tapdıqdan sonra iş üzrə icraat təzələnmişdir. Bundan sonra X2 şikayəti üzrə irəli sürdüyü 3-cü tələbini dəyişdirərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 ona aid Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədində təsbit olunan tələbin icrası ilə bağlı “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna” aid hissədə izah verilməsinə dair” əsassız təqdimatla məhkəməyə müraciət etməsi və “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsinin təmin edilməsi” məzmunda tələbin icrası ilə bağlı aidiyyəti üzrə olmayan "xxxx" MMC-dən “mütəxəssisin dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli əsassız qərar qəbul etməsi, tələblər üzrə icranın ləngidilməsinə, icra işində süründürməçiliyə yol verməsi və icra prosesinə əsassız məhdudiyyətlərin yaradılmasına səbəb olan hərəkətlər hesab edilməklə qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2nın “icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi, süni və əsassız maneələrin aradan qaldırılması” tələbinə dair şikayəti mübahisələndirilən hissədə təmin edilməmişdir. Qeyd edilən qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməyən hissəsində də təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda (səh. 1, abzas 4) göstərilir ki, “X2 xx.xx.2024-cü il tarixdə saat 17:01-də, yəni, məhkəmə iclasında bir neçə saat əvvəl, tələbin dəqiqləşdirilməsi barədə (3-cü hissə) ərizəni mülki iş üzrə elektron sistemə yerləşdirmişdir. Lakin, sözügedən iş məhkəmə digər hakiminin icraatından hakim Fariz Əlizadənin icraatına keçdiyindən sözügedən ərizə elektron məhkəmə sisteminin pəncərəsində görünməmiş, ərizəçinin nümayəndəsi Abdulla Abdullayev xx.xx.2024-cü il saat 11:45-də keçirilmiş məhkəmə iclasında iştirak etsə də, həmin ərizə barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə iclası bitdikdən sonra narazılığını bildirirək məhkəməni həmin ərizəyə münasibət bildirməməkdə günahlandırmışdır”. Hüquqi düşüncə tərzi ilə anlanır ki, hakim Fariz Əlizadə, bu məzmunda etiraf edir ki, xx.xx.2024-cü il, 8(004)-77/2024 nömrəli qərardad, Azərbaycan Respublikasının Mülki Prossesual Məcələsində təsbit olunan prossesual tələblərin ciddi pozması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası adından qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 8(004)-77/2024 nömrəli qərardadının natamam və təhrif olunmuş məzmunundan qənaətə gəlinir ki, işə baxan hakim Fariz Əlizadə, Yasamal rayon İcra şöbəsinə kollegial münasibət göstərərək, icra məmuru Erol Kazımlını müdafiə etmək məqsədi ilə bütün qanunsuz variantlardan istifadə etməyə çalışması, istisna deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli işə dair şikayətdə mübahisələndırılən 3-cü bənd üzrə tələbin dəqiqləşdırılməsinə dair xx.xx.2024-cü tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə aşağıda göstərilən məzmunda ərizə təqdim edilmişdir: “Yasamal İcra şöbəsinin icra məmuru X13 tələbkar X6 aid Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədində təsbit olunan tələbin icrası ilə bağlı, “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna” aid hissədə izah verilməsinə dair” əsassız təqdimatla məhkəməyə müraciət etməsi və “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” məzmunda tələbin icrası ilə bağlı, aidiyyəti üzrə olmayan "xxxx" MMC-dən “mütəxəssisin dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli əsassız qərar qəbul etməsi, tələblər üzrə icranın ləngidilməsinə, icra işində süründürməçiliyə yol verməsi və icra prosesinə əsasız məhdudiyyətlərinin yaradılmasına səbəb olan hərəkələr hesab edilməklə qanunsuz hesab edilsin”. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, işə baxan hakim Fariz Əlizadənin işə dair qəbul etdiyi xx.xx.2024 tarixli qərardadda (səh. 1, abzas 4) bu ərizə ilə bağlı, absurd məzmunda qeydinə hüquqi qiymət verəcəkdir. Qərardadda (səh. 2, abzas 1) qeyd edilmişdir ki, “İş materiallarının təhlili zamanı müəyyən edilir ki, eyni məzmunlu mübahisələr üzrə bir neçə dəfə məhkəmə qərarı qəbul edilmişdir”. Bu məzmun hakimin yanlış mülahizəsidir. Tələbkar tərəfindən icra məmuru Erol Kazımlının qanunsuz icra hərəkətləri barədə məhkəməyə təqdim edilən 2-ci və hüquqi əsaslı şikayətdir. Qeyd edildiyi kimi, 1-ci şikayətin haqlı olduğu subuta yetirilmişdir və qərar hüquqi qüvvəyə minmişdir. Qərardadda (səh. 2, abzas 3) - “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurları İsmayıl İsmayıllı və Erol Kazımlı məhkəmə iclasında iştirak edərək şikayət ərizəsinin mübahisələndirilən hissədə təmin edilməməsini xahiş etmişdir”. “Məhkəmələr və hakimlər haqqında” AR Qanunu 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. “Məhkəmələr və hakimlər haqqında” AR Qanunu 17- ci maddəsinə əsasən Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir. İsmayıl İsmayıllının hansı qisimdə məhkəmədə iştirakı, çıxışı və məhkəmədən xahiş etməsi, müəmmalı və izahsız qalmışdır. Qərardadda (səh. 2, abzas 6) - “Ümumilikdə 3 icra sənədi üzrə icra işlərinin təhlili və icra məmurlarının xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclaslarında izahatları (?!) (audio-video mövcuddur) əsas götürülməklə (?!) müəyyən edilir (?!) ki, icra orqanı tərəfindən qanun çərçivəsində icra tədbirləri tam həyata keçirilmiş, məhkəmə qərarların icrası təmin edilmişdir”. – Qərardadın bu hisəsində bu məzmunda qeyd, əsassız, subutsuzdur və tam yalandır. Məhkəmə (hakim), qeyd etdiyi “3 icra sənədi”nin nömrəsini və tarixlərini məqsədli olaraq, göstərməmişdir. Eyni zamanda, icra işi materialında həmin “icra işlərinin təhlili”ni və icra sənədlərində təsbit olunan tələblər üzrə icranın yerinə yetirilməsini təsdiq edən qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmiş rəsmi sənəd mövcud deyil. Həmçinin, qərardadda, həmin “təhlilin” nəticəsini subut edən hər hansı bir rəsmi sənədə istinad edilməmişdir. Bu əsasla, qənaətə gəlinir ki, məhkəmə (hakim), yalnız “icra məmurlarının xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclaslarında izahatları əsas götürülməklə” (?!), icra məmurları tərəfindən hər hansı bir təsdiqedici rəsmi sənəd təqdim edilmədən, yaxud, məhkəmə materialında bunu təsdiq edən hər hansı bir rəsmi, qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmiş sənədə istinad etmədən, virtual və abstrakt şəkildə “müəyyən etmişdir ki”, “icra orqanı tərəfindən qanun çərçivəsində icra tədbirləri tam həyata keçirilmiş, məhkəmə qərarların icrası təmin edilmişdir”. İş materialında məhkəmənin bu absurd mülahizəsini təsdiq edən rəsmi sənəd mövcud deyil. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə “mövcud audio-video” yazısını izlənilməsi ilə bu məsələlərə aydınlıq gətirəcək, eyni zamanda, işə baxan hakim Fariz Əlizadənin vəzifə səlahiyyətindən sui istifadə edərək, icra məmurunun müdafiəsinə yönəldilən müxtəlif şəkildə hərəkətlərini, məsələnin həllinə icra məmurunun vəkili mövqeyindən yanaşmasını, çoxsaylı prosessual pozuntulara yol verməsini və qərardadda yanlış məzmunda qeydlərinin mahiyyətini və qanuniliyini araşdıracaqdır və müvafiq hüquqi nəticəyə gələcəkdir. Qərardadda (səh. 2, abzas 6) – bu hissəsində, “İcra məmuru müvafiq izahın verilməsi məqsədilə məhkəməyə müraciət edilmiş, həmin izaha uyğun olaraq icra məmuru tərəfindən tədbirlər görülmüşdür. Lakin, sözügedən izah (dayanacaq və duracağa izah verilməsi kontekstindən) tələbkarın istək və tələbinə uyğun olmamışdır. Bununla bağlı, yuxarı instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsinin yekun mövqeyi qəbul edilmişdir. Belə ki, icra sənədləri əsasında müvafiq icra bəndləri üzrə icra orqanı tərəfindən icra təmin edilmiş, icra orqanının üzərinə düşən qanuni tədbirlər həyata keçirilmişdir” məzmunda, iddiaçının tələbi, eyni zamanda, məhkəmənin həmin işə dair qəbul etdiyi qərarın məzmunu və mahiyyəti, qərəzliklə kobud təhrif edilmişdir. Bu hal, məhkəmə sisteminin nüfuzuna xələl gətirici və utanvercidir, eyni zamanda, məhkəmənin (hakimin) qanunlara sayqısızlığını və ədalət məhkəməsinə hörmətsizliyini ehtiva edir. Belə ki, qərardadda konkret olaraq, hansı “izaha uyğun olaraq icra məmuru tərəfindən” hansı “tədbirlər görülməsi” göstərilməmişdir. Həmçin, hansı “icra sənədləri əsasında müvafiq” hansı “icra bəndləri üzrə icra orqanı tərəfindən icra təmin edilməsi əsassz və icra orqanının üzərinə düşən qanuni tədbirlər həyata keçirilmişdir” məzmun, əsassızdır və kobud yalandır. İcra sənədində bunu təkzib edən hüquqi əhəmiyyətli və müvafiq qaydada tərtibatda rəsmi sənəd mövcud deyil. Qərardadda (səh. 2, abzas 7) – “Tələbkarın icra orqanının fəaliyyəti ilə bağlı fikirləri vətəndaş mövqeyi hesab edilir və “şikayətin mübahisələndirilən hissədə qanuni və faktiki əsasları müəyyən edilmir.” məzmunda qeyd, yuxarıda göstərilən biabırçı qeydlərin davamıdır. Qərardadda (səh. 2, abzas 8) - Bu hissədə hüquqi cəhətdən anlaşılmaz budaq cümlələri ilə “Şikayət ərizəsi icra sənədi üzrə baş vermiş hər hansı faktın, pozuntunun müəyyən edilməsinə deyil, mövcud olan qanunsuzluğun aradan qaldırılmasına yönəlməlidir. Ərizənin məzmununa (nəticə hissəsi) əsasən müəyyən edilir ki, şikayətçi sanki faktın müəyyən edilməsinə yönəlməklə müvafiq hallara hüquqi əsas yaratmaq istəyir.” məzmunda qeyd, məhkəmənin (hakimin) mülki prosesdə ədalətli “arbitr” rolunda deyil, aşkar müdafiəçi (vəkil) mövqeyindən çıxış etməsi, eyni zamanda, nəticə etibarı ilə səhv və ədalətsiz qənaətə gəlməsi, qərarın sifarişli olmasını ehtiva edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2nın şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra X2 tərəfindən “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edilərək, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə keçirilmiş məhkəmə proseslərinin video-səs yazısının ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Lakin məhkəmə kollegiyası buna hər hansı zərurət görmədiyindən vəsatəti təmin etməmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir; 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər; 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur; 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırda X5 tələbkar olduğu 3 icra işi (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9271/2019 və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli) mövcuddur. Hazırki iş üzrə X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətdə 3 tələb irəli sürərək:
1. "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi” haqqında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini;
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X14 və X4 mütəxəssisin dəvət edilməsini;
3. İcra məmurunun üzərinə ona aid olan həmin 3 icra sənədinin icrasının ləngidilməsinə səbəb olan və icra məhdudiyyətlərinin yaradılmasına yönəldilən maneələrin aradan qaldırılması vəzifəsinin qoyulmasını tələb etmişdir. Həmin tələblərdən ilk ikisinə artıq hüquqi qiymət verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “mütəxəssisin dəvət edilməsi” haqqında icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X14 və X4 mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin 3-cü tələbə hər hansı münasibət bildirilmədiyindən tələbkarın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 8(103)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadını həmin hissədə ləğv etmiş və şikayətə həmin hissədə yenidən baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərmişdir. Bundan sonra tələbkar şikayət üzrə 3-cü tələbini dəqiqləşdirmiş və ümumilikdə hər 3 icra sənədi üzrə deyil, konkret olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun məhkəməyə izahla müraciət etməsi və mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul etməsi ilə bağlı hərəkətlərinin icranın ləngidilməsinə, icra prosesinə əsassız məhdudiyyətlərin yaradılmasına, habelə süründürməçiliyə səbəb olan hərəkətlər kimi qiymətləndirməklə qanunsuz hesab edilməsini xahiş etmişdir. Hüquqi nəticə etibarı ilə tələbkar yenə də icra məmurunun hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirmiş və onların qanunsuz hesab edilməsini tələb etmişdir. Bu baxımdan 3-cü tələbin ilkin məzmununun dəyişdirilməməsi və hazırki məzmunda göstərilənlərin sadəcə olaraq dəlil kimi irəli sürülməsi də icra məmurunun həmin hərəkətlərinə hüquqi qiymət verilməsi zərurətini yaratmış olurdu. Nəzərə alınmalıdır ki, tələbkar bundan əvvəl də hər 3 icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuzluğunu mübahisələndirmiş və onun bu barədə şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da xx.xx.2023-cü il tarixli, 8(103)-414/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmışdır. Qeyd edilənlər öz növbəsində həmin dövrədək olan müddətdə icra məmurunun hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, tələbkarın şikayəti üzrə məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna” aid hissədə izah verilməsi barədə təqdimatla məhkəməyə müraciət etməsi və "xxxx" MMC-dən “mütəxəssisin dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul etməsi kimi hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, “İcra Haqqında” və “İcra məmurları haqqında” Qanunlara əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək bilavasitə icra məmurunun səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən eyni vaxtda bir neçə icra hərəkətinin yerinə yetirilməsi də qadağa edilməmişdir. İcra məmuru da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-98/2022 nömrəli qətnaməsində göstərilmiş konkret tələbin aydın olmamasına istinad etməklə, bu səlahiyyətindən istifadə edərək, izah verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin təqdimat təmin edilərək, məsələyə aydınlıq gətirilmişdir. Lakin tələbkarın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bundan sonra həmin təqdimat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-357/2024 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da 8(103)-293/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə bu nəticə ilə razılaşmışdır. İcra məmurunun "xxxx" MMC-dən “mütəxəssisin dəvət edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarı da eyni qaydada tələbkar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Nəticə etibarı ilə icra məmuru hər iki halda bu sahəni tənzimləyən qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etmiş, lakin məhkəmələr birinci halda buna hər hansı hüquqi zərurət görməmiş, iki halda isə nəticələrlə razılaşmamışdılar. Bununla belə, icra məmurunun tələbkarın şikayəti üzrə mübahisələndirilən hər iki hərəkətinə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən həmin hərəkətlərin qanuniliyinə ayrıca (hazırki) icraatda yenidən hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır. Nəzərə alınmalıdır ki, icra məmurunun bu hərəkətləri icra sənədi üzrə icra icraatının dayandırılmasına da səbəb olmamışdır. Həmin hərəkətlərin nəticəsi olaraq hazırki vəziyyətdə icra məmurunun üzərinə hər hansı vəzifənin qoyulması üçün də əsas yoxdur. Qeyd edilənlər öz növbəsində şikayətin təmin edilməməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassızdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.