Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-383/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizəsi barədə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Borclundən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclundən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi icra üsulunun dəyişdirilərək 42,9 kv.m təmirli mənzilin dəyərini təşkil edən 137280 manat məbləğində pulun Borclundən alınaraq ona verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətlərinə başlanıldıqdan sonra Borclu MMC xx.xx.2023-cü ildə İcra şöbəsinə müraciət edərək, tikdikləri binada 42,9 kv.m təmirli mənzilin olmadığını və qeyd edilən binada bütün mənzillərin satıldığını bildirmişdir. Bu səbəbdən həmin qətnaməni mənzilin verilməsi şəklində icra etmək mümkün olmadığından qətnamənin icra üsulunun dəyişdirilməsi zərurəti yaranmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, E-379 №-li qiymətləndirmə hesabatına əsasən, Borclu MMC tərəfindən inşa edilmiş binada təmirli mənzilin 1 kv.m-nin dəyəri 3.200 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin “...cavabdeh Borclundən 42,9 kv.m. təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi...” hissəsində icra üsulunun dəyişdirilərək, mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil edən 116.688 manat (2.720 manat x 42,9 m2 ) məbləğində pulun cavabdeh Borclundən tutularaq iddiaçı Tələbkar ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 85 manat hissəsinin Borclu MMC-dən, qalan 15 manat hissəsinin isə Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu MMC-dən 42.9 kv.m təmirli mənzilin alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir (icra məmuru Pərviz Babayev). İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş şirkətə daxil olan kimi, borclu tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihəyə əsasən ünvan 1 ünvanında inşa edilən binada icra vərəqində nəzərdə tutulmuş 42.9 kv.m mənzilin lahiyə üzrə nəzərdə tutulmaması barədə rəsmi müraciət edilmişdir. Tələbkar isə qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 42.9 kv.m mənzil əvəzinə, icra üsulunun dəyişdirilərək 137280 manat məbləğin tutulmasını məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 8(006)-25/2024 saylı xx.xx.2024-cü il qərardadı ilə məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəmə daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Həmçinin, borclu həm yazılı, həm də şifahi olaraq təqdim etdiyi vəsatətə əsasən ekspert rəyi ilə razılaşmayıb, təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmənin eyni tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qətnamənin icra üsulunu dəyişdirməklə məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Hətta məhkəmə bu indekslə işə baxmaqda haqlı olsa belə, hər iki tərəfin hüquqlarını qorumalıdır. Belə ki, hakim iddia tələbindən kənara çıxaraq iddiaçının iddia tələbi ilə tələb etmədiyini (pul tutulması), yəni 42.9 kv.m real bazar qiyməti hesab etdiyi 116 688 məbləğin tutulması barədə qərardad çıxarmaqla məhkəmə baxışının predmeti olmayan məsələni həll etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizə hakim tərəfindən düzgün qiymətləndirilməmiş, yeni sübut yığmaqda özünü haqlı hesab edən hakim 42.9 kv.m real bazar qiymətinin müəyyən edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə isə ümumiyyətlə məhkəmə tərəfindən ekspertin qarşısına qoyulan suallar cavablandırılmamışdır. Belə ki, məhkmənin müvafiq qərardadında ünvan 2 ünvanında 4-5-ci mərtəbələrdə yerləşən təmirli mənzillərə yaxın ərazilərdə yerləşən analoji təmirsiz və təmirli mənzillərin 1 m2 -nin hazırda real bazar qiymətinin müəyyənləşdirilməsi barədə göstəriş verilsə də, ekspert hakim tərəfindən qərardadda qarşısına qoyulan suallardan kənara çıxmış, həmin ərazidə yerləşən 7 və daha yuxarı mərtəbələrdə yerləşən anoloji mənzillərin təhlilini apararaq daha yüksək qiymət müəyyən etmişdir. Belə ki, ekspert müvafiq olaraq 4-5-ci mərtəbələr üzrə yerləşən mənzillərin qiymətləri barədə araşdırma aparsaydı, daha aşağı qiymət müəyyən edə bilərdi. Halbuki, məhkəmə qərardadında dəqiq olaraq 4 və 5-ci mərtəbələr yerləşən mənzillər üzrə 1 m2 -nin orta real bazar qiymətinin müəyyənləşdirilməsi barədə eskpert qarşısında sual qoymuşdur. Bu səbəbdən borclu ekspert rəyi ilə razılaşmamış, müvafiq təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsə də, vəsatət təmin edilməmiş, ərizə qismən təmin edilmişdir. Məhkəmənin nəzərinə yuxarıda sadalanan səbəblərdən qiymətin yüksək təyin olunmasını çatdırmalarına baxmayaraq, hakim qərardadda bir cümlə ilə əsaslandırılmış sübutları heçə saymışdır. “Onda sual olunur ki, əgər qeyd edilən məsələlər hazırki araşdırmanın predmeti deyilsə, məhkəmə necə ədalətli qiymət müəyyənləşdirib, ərizəni qismən təmin edir?” Yuxarıda sadalanan məsələlər məhkəmə tərəfindən araşdırılmayacaqsa və məhkəmə də öz mövqeyini bu məsələləri hazırki araşdırmanın predmeti kimi görmürsə, onda haqlı olaraq bu indeksdə işə baxılmalı olmadığını və sadalanan məsələlərin araşdırılmadan ərizənin hüquqların pozulmaqla təmin edilməsi, gələcəkdə dövlətə vergi ödəyən yüzlərlə işçi işlədən şirkətin müflis olmasına gətirib çıxaracaqdır. Belə ki, tərəflər arasında bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən Tələbkar ünvan 2 ünvanında yerləşən binanın 4-5-ci mərtəbələrində yerləşən 2 mənzil verilməsi razılaşdırılmışdır. Daha sonra tərəflər arasında mənzilin ölçüləri barədə yaranan mübahisə üzrə məhkəməyə müraciət edilmiş və Nəsimi rayon məhkəməsinin 2(006)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə 42.9 kvm təmirli mənzilin Tələbkar verilməsi qət edilmişdir. Hazırda bu ölçüdə binada mənzilin olmamasından tələbkar tərəfindən qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə bu indeksdə ərizəyə baxmalı deyildir. Hətta baxılmalı olsa belə, ədalətin bərpa edilməsi üçün qiymətin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında ətraflı dəqiq suallar qoyulmalı, mənzilin yerləşmə mərtəbəsi, yerləşmə planı (belə ki, tələbkara əvəzləşdimə müqaviləsi üzrə verilən mənzillər binanın yan tərəfində 4-5-ci mərtəbələrindədir) nəzərə alınmalıdır. Belə ki, bu faktların nəzərə alınmaması borclunun əsassız məbləğlə yüklənməsinə gətirib çıxaracaqdır. Qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İndiki halda hakim əlavə pul tutulması tələbi üzrə iddia tələbini qərardadla təmin etməyə çalışır. Bu səbəbdən borclu təkrar ekspertiza keçirilməsi barədə vəsatətin təmin olunmasının vacibliyini məhkəmədən xahiş etsə də, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmənin qərardadında vəsatətin təmin olunmaması ümumi şəkildə yazılsa da, əsaslandırılmamışdır. Hazırki halda da iş üzrə müvafiq rəylər arasında ziddiyyətlərin olmasını, həmçinin, 31 iyul 2024-cü il tarixli, 9/43xx-xx/4149 nömrəli ekspert rəyi qərardadda verilən suallardan kənara çıxıldığını, qərardadda qoyulan sualların natamamlığını (müvafiq əsaslı qiymətin müəyyənləşdirilməsi) nəzərə alaraq iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizaları təyin edilməlidir. Məhkəmə öz qərardadını ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə əsaslandırmışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyin mötəbərliyini əsaslandırmamışdır. Məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməyib. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 9/43xxxx/4149 nömrəli ekspert rəyində qeyd olunur ki, qiymətləndirmə zamanı müqayisəli yanaşmaya istinad etmiş, yəni əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resuslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilmişdir. Ekspert qeyd edilən ünvanda yerləşən 3 mənzil qiyməti üzrə analoji qiymətləndirmə aparmış və təmirli mənzilin 1 m2 -nin orta bazar qiymətini 2720 manat müəyyən etmişdir. Lakin işin hallarından da görünür ki, ekspertin qiymətləndirmə üçün istifadə etdiyi (məlumat saytdan çıxarış) hər üç mənzil məhkəmə qərardadında qoyulan sualda göstərilən mərtəbədən daha yuxarıda 6, 7 və 8-ci mərtəbələrdə yerləşir. Məlum haldır ki, hazırda Bakı şəhərində satışda olan mənzillərin qiymətləri mərtəbələr və mənzilin binanın hansı hissəsində yerləşməsi, yəni mənzilin binan ön və ya arxa hissəsində, panorama görünüşü, dəniz mənzərəli olub-olmaması və s. hallar kifayət qədər fərq (qiymətlər arasında yetərincə fərq olur) üzrə dəyişir, bu hal eskpert və məhkəmə tərəfindən nəzərə alınmalı olmasına baxmayaraq, nəzərə alınmamışdır. Hətta məhkəmə qərardadında konkret 4-5-ci mərtəbələr üzrə 1 m2 mənzilin orta bazar qiymətinin müəyyənləşdirilməsi sual kimi qoyulsa da, ekspert qoyulan sualdan kənara çıxmaqla daha yuxarı mərtəbələr üzrə qiymətləndimə aparmış və nəticədə həddən artıq yüksək qiymət qoymaqla borclunun vəziyyətini ağırlaşdırmışdır. Digər bir məsələ ondan ibarətdir ki, hətta eyni mərtəbə olan mənzillərin yerləşmə istiqamətinə, yelçəkən olubolmaması, günəş işığının düşüb-düşməməsinə görə mənzillərin qiymətləri arasında kifayət qədər fərq vardır. Məsələyə sadə məntiqlə yanaşan zaman görünür ki, istənilən binada mənzilin hansı mərtəbədə yerləşməsinə, panoram görünüşünə görə kifayət qədər qiymət fərqi vardır. Nəsimi rayon məhkəməsinin 2(006)- 419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə 42.9 m2 təmirli mənzilin Tələbkar verilməsi qət edilmişdir. Qətnamənin çıxarılmasına əsas tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əvəzləşdirmə müqaviləsidir. Belə ki, qeyd edilən müqavilələrdə tələbkara 4-5-ci mərtəbələr olmaqla 2 mənzilin verilməsi qeyd edilmişdir. Tələbkar müvafiq olaraq binanın arxa və yan tərəfi olmaqla 2 mənzillə təmin edilmişdir. Belə olan halda sual olunur, bir halda ki, tələbkara məxsus mənzillər binanın 4-5-ci mərtəblərində və yerləşmə istiqamətinə görə binanın yan hissəsində (dəniz panoraması, görüntüsü olmayan hissəsində) yerləşir, tələb olunan 42.9 m2 sahə həmin mənzil sahələri arasında yaranan fərqdir, ekspert və məhkəmə həmin 42.9 m2 sahənin pul qarşılığını daha yuxarı mərtəbələr və yerləşmə istiqaməti fərqli olan (dəniz panoramısı, görüntüsü olan) mənzillərlə eyni qiymət olmasını necə müəyyən edib? Aydın məsələdir ki, belə olduğu halda tələbkar borculunun hesabına əsassız olaraq varlandırılır. Bu səbəbdən də ekspert tərəfindən tərtib edilən 31 iyul 2024-cü il tarixli, 9/43xx-xx/4149 nömrəli ekspert rəyi öz-özlüyündə qüsurlu olduğu, digər sübutlarla ziddiyyət təşkil etdiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilən ekspert rəyindəki ziddiyətlər borclu tərəfindən müvafiq olaraq məhkəmənin nəzərinə çatdırılmış və bu barədə məhkəməyə əlavə sübutlar (mütəxəssis hesabatı və alqı-satqı saytlarından çıxarış, alqı-satqı müqaviləsi) təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 49 nömrəli hesabatından görünür ki, ünvan 2 və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4- 5-ci mərtəbələrində yerləşən təmirli və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.750 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.550 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4-5-ci mərtəbələrində yerləşən təmirli və dövlət qeydiyyatına alınmış çıxarışlı mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.850- 2.000 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.700-1.800 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 7-ci və daha yuxarı mərtəbələrində yerləşən təmirli, dövlət qeydiyyatına alınmış çıxarışlı və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 2.000-2.300 manat (dövlət qeydiyyatına alınmış çıxarışlı və dəniz mənzərəli); xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.900- 2.000 manat təşkil edir (müqavilə ilə satışda olan və dəniz mənzərəsi olmayan). Göründüyü kimi, qeyd edilən hesabat daha dəqiq olmaqla (yəni yerləşmə mərtəbəsi, istiqaməti nəzərə alınmış) daha real qiymətlər müəyyənləşdirilmişdir. Bu baxımdan həmin hesabat daha məqbul sayıla bilər. Bundan başqa, iş materiallarında olan Dönüş-1 MMC ilə vətəndaş arasında olan 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin binanın B korpusda 4-cü mərtəbədə yerləşən mənzilin 1 m2 - 1600 manata satılmasını müəyyən etmək olar. Həmçinin, alqısatqı saytlarından olan çıxarışlarda da qeyd edilən binanda və ətrafda olan binalarda 4-5-ci mərtəbələrdə yerləşən mənzillərin qiymətlərinin daha aşağı olmasını müəyyən etmək mümkündür. Həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmalı olmasına baxmayaraq nəzərə alınmamışdır. Qeyd edilənləri ümumiləşdirəndə 3 faktı müəyyən etmək olar: 1. İddia tələbindən kənara çıxaraq iddiaçının iddia tələbi ilə tələb etmədiyini (pul tutulması), yəni 42.9 kv.m real bazar qiymətinin müəyyən edilməsi üçün qərardad çıxarmaqla məhkəmə baxışının predmeti olmayan məsələnin həll edilməsi mümkün deyil. Məhkəmə bu indeksdə ərizəyə baxmalı deyildir. 2. Hətta baxılmalı olsa belə, ədalətin bərpa edilməsi üçün qiymətin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında ətraflı dəqiq suallar qoyulmalı mənzilin yerləşmə mərtəbəsi, yerləşmə planı, panoram görüntüsü (belə ki, tələbkara əvəzləşdimə müqaviləsi üzrə verilən mənzillər binanın yan tərəfində 4-5-ci mərtəbələrindədir) nəzərə alınmalıdır. 3. Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 9/43xx-xx/4149 nömrəli ekspert rəyi isə məhkəmə tərəfindən qoyulan suallar üzrə verilməmişdir. Bu isə məhkəmənin istinad etdiyi sübutun qeyri-mötəbərliyini sübut edir. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar - MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə və ya digər vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Borclu MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində ekspertiza xərcinin cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihəyə əsasən Cəmiyyət tərəfindən ünvan 4 ünvanında inşa edilən binada icra vərəqində nəzərdə tutulmuş 42,9 kv.m mənzil layihə üzrə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən binada bütün mənzillər satılmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, E-379 nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “X4”də mərtəbəsindən asılı olaraq, təmirli mənzilin 1 kv.m-nin bazar dəyəri 3.200 manat, təmirsiz mənzilin 1 kv.m-nin bazar dəyəri 2.500 manat təşkil etmişdir. İcra işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya tələbin könüllü icra edilməsi təklif edilmiş, bildirişin üzərində əlyazması ilə “Bildirişin surətini qəbul etdim, imza, Qurbanov, xx.xx.2023-cü il” qeydi yazılmışdır. İcra işinin materiallarında müvafiq layihələrin təsdiq edilmiş surətləri də olmuşdur. Ərizəyə baxılması üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən ümumi sahəsi 42,9 m2 olan ünvan 2 ünvanında yerləşən təmirli mənzillərə yaxın ərazilərdə yerləşən analoji təmirsiz mənzillərin 1 m2 -nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2.520 manat, təmirli mənzillərin 1 m2 -nin hazırda mövcud olan orta bazar qiyməti isə təqribən 2.720 manat məbləğində müəyyən edilir. Tədqiq olunan ümumi sahəsi 42,9 m2 olan ünvan 2 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 166.690 manat müəyyən edilir (42,9 m2 x 2.720 manat). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 49 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Q.Abbasov küçəsi, ev 42- 44 və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4-5-ci mərtəbələrində yerləşən təmirli və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.750 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.550 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 4-5-ci mərtəbələrində yerləşən təmirli və dövlət qeydiyyatına alınmış çıxarışlı mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.850-2.000 manat; 2019-cu ilin aprel ayına 1 m2 – 1.700-1.800 manat təşkil edir (hər il üzrə 3,0 % inflyasiya norması hesablanmışdır). Həmin ünvanda və yaxınlığındakı (ətrafındakı) ərazidə yeni inşa edilmiş binaların 7-ci və daha yuxarı mərtəbələrində yerləşən təmirli, dövlət qeydiyyatına alınmış çıxarışlı və müqavilə ilə satışda olan mənzillərin orta bazar qiyməti xx.xx.2024-cü il tarixinə 1 m2 – 2.000-2.300 manat (dövlət qeydiyyatına alınmış çıxarışlı və dəniz mənzərəli); xx.xx.2024-cü il tarixinə 1 m2 – 1.900-2.000 manat təşkil edir (müqavilə ilə satışda olan və dəniz mənzərəsi olmayan). Göründüyü kimi Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq Tələbkar verilməsi qət edilsə də, Borclu MMC-nin icra şöbəsinə ünvanladığı məktub və ona əlavə edilən sənədlərdən müəyyən olunur ki, nə həmin ölçüdə mənzilin, nə də hər hansı başqa mənzilin MMC tərəfindən tələbkara verilməsi mümkün deyil. Belə olan halda kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasını qeyri-mümkün edən hallar mövcud olduğundan, birinci instansiya məhkəməsi qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. "xxxx" ASC Rusiya Federasiyasına qarşı iş üzrə 21 iyul 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6- cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. “Brumaresku Rumuniyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Qeyd edilməlidir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Beləliklə, kollegiyanın mövqeyinə görə icra sənədində 42,9 m2 ölçüdə mənzilin borcludan alınıb tələbkara verilməsi göstərildiyindən, məhz həmin ölçüdə sahəyə uyğun ədalətli məbləğin borcludan alınıb tələbkara verilməsi sonuncunun pozulmuş hüququnun bərpasına xidmət edən, bununla belə hər iki tərəfin mənafeyini qoruyan icra üsulu kimi qiymətləndirilə bilər. Tələbkara mənzilin əvəzi kimi verilməli olan ədalətli kompensasiyanın məbləğinə gəlincə isə kollegiya hesab edir ki, bu baxımdan özəl qiymətləndirmə şirkətləri tərəfindən verilmiş hesabatlarla müqayisədə kifayət qədər əsaslandırılmış və etimad doğuran mənbələrdən alınmış məlumatlara istinad edilməklə tərtib edilmiş dövlət ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilməli və mənzilin əvəzinə onun orta bazar qiymətini təşkil edən 116.688 manat (2.720 manat x 42,9 m2) məbləğində pul cavabdeh Borclu MMC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin qeyd etdiyi mövqe ilə razılaşaraq bildirir ki, həmin dəlillər əsasız olmaqla, qanuni və əsaslı olan qəraradın ləğvi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(103)-383/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-383/2024
23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver