Məhkəmə qərarları › İş №8(103)-385/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-385/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-385/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-280/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X2 şikayətlə məhkəməyə müraciət edərək, icra məmuru X3 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, məhkəmə qərarının dərhal icrası üçün Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinə icra məmuruna məcburi göstəriş verilməsi, icra məmurunun qanuni öhdəliklərini yerinə yetirməməsi ilə bağlı onun barəsində intizam və mülki məsuliyyət (vurulmuş zərərə görə 5000 manat ödənilməsi) tədbirlərinin görülməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-280/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs1 icra məmuru Məhəmməd Qaragözovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 129; “İcra haqqında” 29.1, 29.2, 87.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hal-hazırda tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsi əsasında 31 iyul 2024-ci il tarixdə verilmiş icra sənədi üzrə ona verilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqı üzrə mükafatların verilməsinin təmin edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edərək, həmin hərəkətsizliyin qanunsuz hesab edilməsini tələb etsə də, yuxarıda qeyd edilənlərdən görünüdüyü kimi, məcburi iş buraxma müddəti üçün əmək haqqı anlayışı orta əmək haqqını əhatə edir və birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) orta əmək haqqına daxil deyildir. Belə olan halda, tələbkarın Maraqlı şəxs1 icra məmuru Məhəmməd Qaragözovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti əsassızdır və təmin edilə bilməz. Məhkəmə, həmçinin şikayətin icra məmurunun qanuni öhdəliklərini yerinə yetirməməsi ilə bağlı onun barəsində intizam və mülki məsuliyyət vurulmuş zərərə görə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi tədbirlərinin görülməsi ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, vurulmuş zərərə görə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə hazırki şikayət çərçivəsində baxıla bilməz. Tələbkar bununla bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. İntizam tədbirlərinin görülməsinə gəldikdə isə, bunun üçün əsaslar müəyyən edilmədiyindən, təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı şikayət vermiş və Maraqlı şəxs1 icra məmuru Məhəmməd Qaragözovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-280/2025 saylı qərarının ləğv edilməsini; Maraqlı şəxs1 icra məmuru Məhəmməd Qaragözovun məhkəmə qərarını, xüsusilə məcburi işburaxma müddəti üçün əmək haqqını ödənilməsi ilə bağlı icra sənədini tam və düzgün şəkildə yerinə yetirməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsini; Məhkəmə tərəfindən təyin olunan məcburi işburaxma müddəti üçün əmək haqqı ilə yanaşı, tələbkarın digər işçilər kimi kollektiv mükafatlardan ödənişlərdən məhrum edilməsinin nəzərə alınması və kollektiv mükafatların tələbkara ödənilməsinə dair müvafiq qərarın qəbul edilməsini; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilərək, tələbkarın yuxarıda qeyd edilən haqlarının tam bərpasına qərar verilməsini və dərhal icra olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177, Mülki Məcəlləsinin 6.1; Mülki Prosessual Məcəllənin 14.1, 88.1, 89.1, 9.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, X6, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3063/2024 saylı qətnaməsi ilə “Dövl Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxs tərəfindən barəsində verilmiş xx.xx.2023-cü il tarixli töhmət və xx.xx.2023cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin qanunsuz olması əsas götürülərək ləğv olunmuş, işə bərpa olunmuş və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qətnamə qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra üçün Binəqədi rayon İcra Şöbəsinə təqdim edilmişdir. İcra proses çərçivəsində o öz qanuni hüquqlarının təmin olunması məqsədilə xx.xx.2024-cü il tarixdə icra orqanına yazılı müraciət etmiş və məcburi işburaxma dövründə onunla eyni vəzifədə, eyni strukturda çalışan digər əməkdaşlara ödənilən kollektiv mükafatları da ona verilməsini tələb etmişdir. Bu tələb orta əmək haqqının tərkibinə daxil olan ödənişlərlə bağlı olmuşdur. Həmin tələbin əsaslandırılması üçün o, icra orqanına aşağıdakı faktiki sübutları təqdim etmişdir: Məhrum olduğu dövrdə (2023-cü ilin mart ayından 2024-cü ilin avqust ayına qədər) iş yoldaşının bank çıxarışları və həmin dövrlərdə ona ödənilmiş mükafatlara dair əmrlər; Maraqlı şəxs2-nin işçilərə kollektiv mükafatların verilməsinə dair daxili normativ aktları və əmrləri; Əmək Məcəlləsinin 177-ci maddəsi, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 126 saylı qərarı və Prezident Fərmanları ilə müəyyən edilmiş orta əmək haqqının tərkibinə daxil edilən ödənişlərin siyahısı. Bu sənədlərlə sübuta yetirilmişdir ki, onunla eyni vəzifədə çalışan əməkdaşlara - konkret olaraq təqdim etdiyi iş yoldaşına - müvafiq dövrlərdə Dövlət Tibbi - Sosial Ekspertiza və Reablitasiya Agentliyində çalışan işçilərin kollektiv mükafatlandırılması haqqında əmrlər verilərək mükafatlar ödənilmiş, o isə yalnız işə bərpa prosesinin gecikməsi və qanunsuz xitam səbəbindən bu ödənişlərdən məhrum edilmişdir. Qeyd edilməlidir ki, tələbkar tərəfindən sübut kimi iş yoldaşlarının bank hesablarından çıxarışlar təqdim olunmuşdur. Həmin bank çıxarışlarında məcburi işburaxma dövründə digər əməkdaşlara ödənilmiş mükafat məbləğləri qırmızı flamastorla aydın şəkildə işarələnmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə onun şikayətini təmin etməmiş və bu qərarını əsasən aşağıdakı arqumentlərə söykəmişdir: Guya Agentlik tərəfindən 2023-cü ilin mart ayından 2024-cü ilin avqustuna qədər dövrdə “kollektiv mükafatlandırma əmri” olmayıb; Guya onun məcburi işburaxma dövrünə uyğun əmək haqqı tam və dəqiq ödənilmişdir; Guya orta əmək haqqı anlayışına bayram və birdəfəlik mükafatlar daxil deyil. Lakin qeyd olunan bu yanaşmalar qanunvericiliyin tələblərinə və təqdim edilmiş sübutlara ziddir. Belə ki, Əmək Məcəlləsinin 177-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 126 saylı qərarına əsasən, mütəmadi ödənilən və işçinin maaşına bağlı olan mükafatlar orta əmək haqqına daxil sayılır; əgər Agentlik tərəfindən müəyyən dövrlərdə işçilərin mükafatlandırılması həyata keçirilibsə, bu əmrlər konkret işçilərə vəzifə maaşının müəyyən faizi miqdarında tətbiq edilmişsə, bu, kollektiv mükafatlandırma xarakteri daşıyır; təqdim etdiyi bank çıxarışları və əmrlər, məhz işlədiyi və işdən uzaqlaşdırıldığı dövrlərdə digər əməkdaşlara bu cür mükafatların verildiyini aydın şəkildə sübut edir. Bu baxımdan, məhkəmənin qənaəti faktiki materiallara söykənmir, təqdim edilmiş sənədlər qiymətləndirilməmiş, icra məmurunun hərəkətsizliyi hüquqi və faktiki baxımdan əsaslandırılmadan qanuni hesab edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən aşağıdakı faktiki hallar da araşdırılmamış və qiymətləndirilməmişdir: Təqdim etdiyi sənədlərlə sübut edilən kollektiv mükafat əmrləri və bu kollektiv mükafatların daimi xarakterli olması; İşə bərpa olunan tarixdən öncə əməkdaşlara verilmiş kollektiv mükafatların onunla müqayisəli qaydada nəzərə alınması zərurəti; Agentliyin öz daxili sənədlərində və əmrlərində intizam tənbeh tədbiri olmayan əməkdaşların avtomatik mükafatlandırılması şərtini; Onun barəsində tətbiq edilmiş töhmətin məhkəmə tərəfindən ləğv edilməsi ilə mükafat almaq hüququnun bərpa olunması faktı. Nəticə etibarilə, hesab edir ki, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, onun hüquqlarının pozulmasına səbəb olan icra məmurunun uzunmüddətli və əsassız hərəkətsizliyinə hüquqi qiymət verməmişdir. İcra məmuru onunla bağlı təqdim edilən sənədləri əsaslandırmadan nəzərə almamış və qanuni qüvvəyə minmiş qətnamənin mahiyyət üzrə tam icrasını təmin etməmişdir. Lakin məhkəmə həmin normanı səhv şərh etmiş, “orta əmək haqqı” anlayışını yalnız əsas vəzifə maaşı ilə məhdudlaşdırmışdır. Halbuki, təqdim etdiyi sənədlərlə sübuta yetirilmişdir ki, işdən qanunsuz azad edildiyi dövrdə digər əməkdaşlara aylıq maaşın 30-50%-i həcmində mütəmadi mükafatlar ödənilmişdir. O, bu mükafatlardan yalnız işə bərpa olunmadığı üçün məhrum edilmişdir. Bu baxımdan, həmin mükafatların orta əmək haqqının tərkib hissəsi kimi qiymətləndirilməməsi maddi hüququ olan əmək haqqı hüququnun pozulmasıdır. O, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Belə ki, o, tərəfdən məhkəməyə təqdim edilmiş sübutlardan - yəni iş yoldaşlarının bank çıxarışları, əməkhaqqı cədvəlləri və Agentlik tərəfindən verilmiş kollektiv mükafat əmrlərindən açıq şəkildə görünür ki, onun işdən qanunsuz azad edildiyi dövrdə digər əməkdaşlara mütəmadi olaraq aylıq vəzifə maaşının müəyyən faizi miqdarında kollektiv mükafatlar ödənilmişdir. Bu sənədlər onun həmin kollektiv mükafatlardan yalnız işə bərpa olunmadığı üçün məhrum edildiyini sübut edirdi. Lakin məhkəmə bu sübutları tam və obyektiv şəkildə araşdırmamış, sadəcə cavabdeh Agentliyin təqdim etdiyi ümumi xarakterli cavab məktubu ilə kifayətlənmişdir. Eyni zamanda, məhkəmə “orta əmək haqqı” anlayışını yalnız vəzifə maaşı ilə məhdudlaşdırmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsini, eləcə də Nazirlər Kabinetinin bu maddəyə dair qəbul etdiyi normativ aktları düzgün tətbiq etməmişdir. Halbuki, həmin normativ aktlarda vaxtaşırı ödənilən mükafatların orta əmək haqqının tərkib hissəsi olduğu açıq göstərilir. Bundan başqa, o, icra məmurunun fəaliyyətsizliyi ilə bağlı təqdim etdiyi izahat tələblərini, icra tələblərinin yerinə yetirilməməsi faktlarını, təqdim etdiyi sənədləri (mükafat əmrləri və ödəniş faktları daxil olmaqla) dəfələrlə göstərmiş, lakin nə icra məmuru, nə də məhkəmə bu məsələlərə lazımi aydınlıq gətirməmişdir. Məhkəmə icra məmurunun məhkəmə qərarını tam icra etmədiyini və “məcburi işburaxma dövrü üçün əmək haqqı” anlayışının konkret nəyi əhatə etdiyini araşdırmadan nəticəyə gəlmişdir. Beləliklə,təqdim etdiyi bütün bu sübutların araşdırılmaması, qiymətləndirilməməsi və onların hüquqi nəticələrinin düzgün müəyyən edilməməsi səbəbindən məhkəmə mühüm faktiki halları araşdırmadan əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş bəzi hallar iş üçün mühüm əhəmiyyət kəsb etsə də, onlar məhkəmə tərəfindən sübut edilməmiş və yetərli araşdırmaya məruz qalmamışdır. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, onun - X5 məcburi işburaxma dövrünə uyğun əmək haqqı tam və dəqiq hesablanaraq ödənilmişdir. Lakin bu nəticəyə gəlmək üçün əsas olan əsaslı araşdırma aparılmamış, onun təqdim etdiyi Agentliyin digər əməkdaşlarına ödənilən kollektiv mükafatlarla bağlı sənədlərə, bank çıxarışlarına, əmək haqqı cədvəllərinə və kollektiv mükafat əmrlərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu sənədlərdən görünür ki, eyni dövrdə digər əməkdaşlara aylıq maaşın müəyyən faizində kollektiv mükafatlar ödənildiyi halda, o, yalnız işdən qanunsuz çıxarıldığı üçün bu hüquqdan məhrum edilmişdir. Məhkəmə bu fərqin səbəblərini araşdırmadan və ona qarşı əmək münasibətlərində ayrı-seçkiliyin olub-olmamasını qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Halbuki, təqdim etdiyi sübutlardan da görünür ki, işçilərə kollektiv mükafatlar tətbiq olunub və bu mükafatlar sistemli və kollektiv şəkildə ödənilib. Həmçinin məhkəmə qərarında göstərilmişdir ki, Agentlik tərəfindən onun məcburi işburaxma dövrünə uyğun heç bir kollektiv mükafatlandırma əmri qəbul edilməmişdir. Lakin bu iddia heç bir konkret sənədlə sübut olunmamışdır. Əksinə, o, işə bərpa edilənədək olan dövrlərdə Agentliyin müxtəlif tarixlərdə kollektiv mükafat əmrləri təqdim etmişdir. Bu əmrlər məhz onun işdən qanunsuz çıxarıldığı dövrü əhatə etmişdir və həmin dövrdə digər əməkdaşlara kollektiv mükafat verildiyi sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə bu sənədləri sadəcə qeyd etməklə kifayətlənmiş, onları bir sübut kimi dəyərləndirməmiş və bu sübutların əsasında məhkəmə qərarının tam icra olunmaması və onun pozulmuş hüquqlarının bərpa edilməməsi məsələsini araşdırmamışdır. Bütün bunlar göstərir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları yetərincə sübut etmədən nəticəyə gəlmiş, onun təqdim etdiyi sübutları isə formal yanaşma ilə qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş nəticələr işin faktiki hallarına və təqdim olunmuş sübutlara uyğun gəlmir və bu səbəbdən də qətnamənin əsaslandırılması kifayət qədər etibarlı və obyektiv deyil. Məhkəmə qətnaməsində bildirilir ki, tələbkarın məcburi işburaxma dövrünə aid əmək haqqı tam və dəqiq şəkildə hesablanaraq ödənilmişdir. Lakin iş materiallarında təqdim olunan sənədlər - əmək haqqı cədvəlləri, bank çıxarışları, eləcə də iş yoldaşlarının mükafatlandırılması ilə bağlı əmrlər göstərir ki, tələbkarın işdən çıxarıldığı və məcburi işburaxma dövründə digər əməkdaşlara aylıq vəzifə maaşının müəyyən faizində mükafatlar ödənilmişdir. Bu isə tələbkarın həmin mükafatlardan məhrum olduğunu açıq şəkildə göstərir. Məhkəmə tərəfindən bu faktların obyektiv araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin əsaslılığını şübhə altına alır. Əslində, təqdim olunan sübutlar göstərir ki, işəgötürənin mükafatlandırma siyasəti mövcuddur və kollektiv xarakter daşıyır, sadəcə olaraq tələbkar işdən qanunsuz azad edildiyi üçün bu hüquqdan məhrum olmuşdur. Qətnamədə həmçinin göstərilir ki, məcburi işburaxma dövründə kollektiv fərdi mükafatlandırma ilə bağlı heç bir əmrin olmaması işəgötürənin rəsmi mövqeyidir. Lakin bu iddia təqdim olunmuş müvafiq sənədlər - iş yoldaşlarının bank çıxarışları və mükafat əmrləri ilə əksini tapır. Bu sənədlər göstərir ki, mükafatlandırma mexanizmi mövcud olub və bu dövrdə digər işçilərə mükafatlar verilmişdir. Məhkəmə bu ciddi ziddiyyətləri araşdırmayıb, işin bu mühüm tərəfini gözardı etmişdir. Bundan başqa, iş üzrə icra məmurunun fəaliyyətsizliyi barədə tələbkar tərəfindən təqdim olunan sübutlar və izahatlar da yetərincə qiymətləndirilməmişdir. İcra məmurunun məhkəmə qərarının tələblərinə uyğun hərəkət etməməsi və qərarın icrasını ləngitməsi faktı, işin mahiyyəti üçün çox vacibdir və məhkəmənin həmin faktı düzgün qiymətləndirməməsi hüquqi normativlərin tətbiqində ciddi səhvə yol verilməsinə gətirib çıxarmışdır. Qətnamədə vurğulanır ki, vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia hazırki icraat zamanı baxıla bilməz, lakin tələbkar hesab edir ki, icra məmurunun hərəkətsizliyi nəticəsində ona mənfi təsirlər dəyib və bu məsələ də məhkəmə tərəfindən ayrıca və tam araşdırılmalıdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qətnaməsindəki nəticələr işin real faktiki halları ilə üst-üstə düşmür, təqdim olunan sübutlar və sənədlər lazımi qaydada qiymətləndirilməmiş və bəzi mühüm faktlar tam araşdırılmamışdır. Bu səbəbdən, qətnamənin nəticələri hüquqa və ədalətə uyğun deyildir, işin yenidən, hərtərəfli araşdırılması və düzgün hüquqi qiymət verilməsi vacibdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-280/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki,şikayət ərizədən fərqli formada verilməklə sanki izah istənilmiş, şikayətin mızmununda isə icra sənədinin müzakirəsi yer almışdır ki, hazırki icraat həddində bunlara baxıla (qiymət verilə) bilməz. iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023cü il tarixli, 2(001)- 3063/2023 saylı qətnaməsi əsasında 31 iyul 2024-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, X5 "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsə qarşı "əmrin, iltizam tənbeh tədbirinin ləğv edilməsi və s.” tələbinə dair iddiasının təmin edilərək, X6 barəsində töhmət növündə iltizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3- 206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ləğv olunması, X5 X4 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə həvalə edilməsi və Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsdən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3063/2024 saylı qərardadından görünür ki, X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2024 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2023-ci il tarixli icra vərəqəsinin icrasında çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsi məsələsinə baxılmasını xahiş etmiş və məhkəmənin qeyd edilən qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2024 saylı qətnaməsində qeyd olunan "məcburi işburaxma müddəti üçün əmək haqqı” anlayışının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələbləri baxımından "orta əmək haqqı”nın əhatə etdiyinin nəzərə alınması izah edilmişdir. «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlə Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına əsasən, birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) nəzərə alınmayan ödənclərdir. Belə olan halda, icra məmurunun icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-280/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar