Məhkəmə qərarları › İş №8(103)-386/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-386/2021

02.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-386/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1, borclu X3 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-42/2019 saylı, 28 iyun 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə Qazı-zadə Elnarə Lətif qızından X2 xeyrinə 26600,0 manat və 10000,0 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu Qazı-zadə Elnarə Lətif qızı ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu Qazı-zadə Elnarə Lətif qızı qeyd edilən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, hal hazırda işsizdir, maliyyə vəziyyəti çox ağırdır. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 8(003)- 178/2021 saylı qərardadı ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X6 bildirdi ki, təmsil etdiyi şəxsin ayda 350 manat ödəniş etməyə imkanı var. Borclunun əmlak vəziyyətinin nəzərə alınmasnı qanunvericilk tələb edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 bildirdi ki, borclunun maddi imkanı yaxşıdır. Ayda 3 dəfə xaricə gedir. Plastik əməliyyatlar etdirir, böyük mağazası var. Pulu olmayan şəxs bunları necə edə bilər. Borclu süni uzatmalar edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar