Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-386/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayəti üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 448/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Borclu "xxxx" MTK şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5438/2022 nömrəli icra sənədi üzrə Yasamal Rayon İcra Şöbəsinin qəbul etdiyi “borclunun bank hesablarına həbs qoyulması haqqında” qərarının ləğv edilməsi və "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5438/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı (tələbkar) Tələbkar cavabdeh (borclu) "xxxx" MTK-ya qarşı “pul tələbi”nə dair iddiası qismən təmin edilmiş, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 nömrəli müqavilə üzrə 25 760 ABŞ dolları məbləğində pul, həmin pulun vaxtında qaytarılmaması ilə bağlı 2576 ABŞ dolları məbləğində faizi olmaqla, cəmi 28 336 ABŞ dolları məbləğində pulun tutularaq ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsindən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə xx.xx.2023-cü il tarixli, 2(103)-1487/2023 saylı qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən hər iki tərəfindən verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsi tərəfindən cavabdehə münasibətdə tam, iddiaçıya münasibətdə qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin 30 mart 2024-cü il tarixli, 2(103)-1487/2023 nömrəli qətnaməsi ləğv edilərək, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə 30 avqust 2023-cü il tarixli, 2(102)- 27 61/2023 nömrəli qərar çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6645/2023 nömrəli qərarına əsasən tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(004)-543 8/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1429/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi üzrə xx.xx.2022-ci il tarixli, 2(004)- 5438/2022 nömrəli icra sənədi icraya yönəldilmişdir. Həmin icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 28 336 ABŞ dolları və 173.72 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən Müştəri xidmətləri şöbəsində olan hesabı ilə əlaqəli olaraq Banka gəldikdə bankın əməkdaşları tərəfindən "xxxx" MTK-nın bank hesabı üzərində sərəncamın olduğu bildirilmişdir. Məsələni aydınlaşdırdıqdan sonra ona məlum olmuşdur ki, Yasamal İcra şöbəsi tərəfindən onun "xxxx" ASC-də, “Bank VTB (Azərbaycan” ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə həbs qoyulmuşdur. "xxxx" ASCdə hesabına həbs qoyulması ilə əlaqədar olaraq bankın əməkdaşlarından tələb etdikdən sonra, xx.xx.2024-cü il tarixdə bank əməkdaşları hesab üzərinə həbsin qoyulması ilə bağlı icra şöbəsinin qərarını və məktubunu onlara təqdim etmişdirlər. Hesab edir ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Bankdan aldıqları sənədləri araşdırarkən, onlara məlum olmuşdur ki, Yasamal rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixdə “borclunun bank hesabına həbsin qoyulması haqqında” qərar qəbul etmiş və həmin qərarı xx.xx.2025-ci il tarixli, xx/xx-193020/17 nömrəli müşayiət məktubu ilə birikdə icra üçün adları qeyd edilən banklara göndərmişdir. Eyni zamanda Yasamal rayon İcra şöbəsinin 19 may 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə başlamış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə borclu tərəfindən borc ödənilməmişdir...”. Qərarda bu qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, İcra şöbəsi tərəfindən onlara heç bir məlumat və sənəd təqdim edilməmişdir. Onların bu iş üzrə tələbin icraya yönəldilməsindən məlumatı olmamışdır. Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(004)- 5438/2022 nömrəli icra sənədi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarı və bu barədə bildirişi onlara göndərməmiş, “tələbin könüllü icrası” üçün onlara vaxt verilməmişdir. Halbuki “İcra haqqında” AR Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, bu qərarda tələbin könüllü icrası üçün borcluya 10 gün müddət təyin etməli və borcluya bu barədə bildiriş verməlidir. Həmin qərar 1 gün müddətində tərəflərə (borclu, tələbkar və məhkəməyə) göndərilməlidir. Bildirmişdir ki, Yasamal rayon İcra şöbəsi “icraata başlamaq haqqında” qərarı və bu barədə bildirişi onlara göndərmədən məcburi icra tədbirlərinə başladığı üçün, bu tədbirlər çərçivəsində qəbul etdiyi “borclunun bank hesablarına həbsin qoyulması haqqında” 25 may 2024-cü il tarixli qərarı da qanunsuzdur. Çünki “İcra haqqında” AR Qanununun 44.2-ci maddəsinə görə qanunvericliyin tələbinə uyğun olan icra sənədi icra məmuruna təqdim olunarsa, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərsə və tələbin könüllü icrası üçün borcluya verilmiş müddət keçərsə, icra məmuru məcburi icra tədbirlərinə başlaya bilər. Bu hallardan hər hansı biri mövcud olmazsa, məcburi icra tədbirləri icra edilə bilməz. “İcra haqqında” Qanunun 43.1-ci maddəsində məcburi icra tədbirləri göstərilmişdir və onlardan biri də tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsidir (43.1.3-cü maddə). Eyni zamanda onlarda olan məlumata görə tələbkar vəfat etmişdir və onun onlara qarşı tələb hüququ ilə bağlı “Notariat fəaliyyəti” haqqında qanuna və Mülki Məcəlləyə əsasən vərəsəlik müəyyən edilməmişdir. Beləliklə hazırkı iş üzrə tələbkar vəfat etdiyinə və bu tələb hüququ ilə bağlı vərəsəlik işi açılmadığına görə həmin tələbin icrası ilə bağlı heç kimlə müzakirə aparmaq, tələbin könüllü icrası, hissəhissə ödənişlə bağlı müzakirə aparmaq mümkün olmamışdır. Bütün bu qeyd edilənlərə əsasən hesab edir ki, Yasamal rayon İcra şöbəsinin 19 may 2025-ci il tarixli qərarı qanunsuzdur və buna görə də ləğv edilməli və "xxxx" ASC-də, “Bank VTB (Azərbaycan” ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bank hesablarının üzərinə qoyulmuş həbs götürülməlidir. Şikayətə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş iclasda iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılov şikayəti əsassız hesab edərək izahatında göstərmişdir ki, qeyd olunan icra sənədi üzrə 25 iyun 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borc ödənilmədiyindən 19 may 2025-ci il tarixdə mübahisəli qərar qəbul olunmuşdur. İlk icra tədbirlərindən biri də bank hesabı üzərinə həbs qoyulması olduğundan hesab edir ki, qərar qanunidir. Bundan başqa borclu tələbkarın vəfat etdiyini bildirərək, vərəsəlik işi açılmadığına görə həmin tələbin icrası ilə bağlı heç kimlə müzakirə aparmaq mümkün olmadığını qeyd etsə də, tələbkarın vərəsəsi var və bundan başqa, tələbkarın vəfat etməsi icra tədbirlərinin dayandırılmasına əsas ola bilməz. Göründüyü kimi şikayət əsassızdır və rədd edilməlidir. Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu "xxxx" MTK-nın şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu "xxxx" MTK şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1) Məhkəmə qərardadın 3-cü səhifəsində sonuncu abzasında qeyd etmişdir ki, “...Qeyd olunan icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” qərar haqlı olaraq qəbul edilmişdir...”. Daha sonra Məhkəmə “İcra haqqında” AR Qanununun 2.1, 3.1, 3.2, 8.1, 45.1, 45.2, 45.3, maddələrinə istinad etmiş və niyə görə yuxarıda qeyd etdiyi qənaətə gəldiyini açıqlamamışdır. Yəni şikayəti bir neçə dəlil üzərində qurmuşlar. Bunlardan biri İcra məmurunun nə xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarının, nə xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında bildiriş”in, nə də xx.xx.2025-ci il tarixli “borclunun bank hesablarına həbs qoyulması haqqında” qərarının bizə təqdim edilməməsidir. Şikayətdə qeyd etmişlər ki, xx.xx.2025-ci il tarixdə TuranBank ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən xidməti fililına gələrkən bankın əməkdaşları tərəfindən hesabımızın üzərində həbsin olduğu barədə bizə məlumat verilmişdir. Sonra tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, Yasamal rayon İcra şöbəsi tərəfindən onların "xxxx" ASC-də, “Bank VTB (Azərbaycan” ASC-də, "xxxx" ASCdə və "xxxx" ASC-də olan bank hesablarının üzərinə həbs qoyulmuşdur. Bankın əməkdaşları hesablarına həbsin qoyulması barədə qərarı və məktubu onlara təqdim etmişdir. Şikayətdə vurğulamışlar ki, Yasamal rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixdə “borclunun bank hesabına həbsin qoyulması haqqında” qərar qəbul etmiş və həmin qərarı xx.xx.2025-ci il tarixli, 17/72- 193020/17 nömrəli müşayiət məktubu ilə birikdə icra üçün adları qeyd edilən banklara göndərmişdir. Yasamal rayon İcra şöbəsinin məktubunda qeyd edilmişdir ki, güya onlar tələbi könüllü icra müddəti ərzinə ödəməmişlər. Buna görə də məcburi icra tədbirləri çərçivəsində hesablarının üzərinə həbs qoyulur. Halbu ki, onlara heç bir bildiriş, tələbin könüllü icrasına dair məktub verilməmiş, bu barədə onlara bir dəfə də olsun adi telefonla zəng belə edilməmişdir. Təbii ki, məhkəmənin qərarı bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və icra edilməlidir. Bu mübahisəsizdir. Lakin onların da qanunla icazə verilən bəzi hüquqları vardır. Lakin icra məmuru bizə “icraata başlamaq haqqında” qərarı və tələbin könüllü icrası barədə bildirişi göndərməməklə onların hüququnu pozmuş, onları müdafiə hüququndan məhrum etmişdir. Məhkəmə iclasında qeyd etdikləri kimi "xxxx" MTK tamamilə haqlı olsa da, uzun müddət (20 ilə yaxın) arxiv sənədlərini saxlamaması nəticəsində Tələbkar tələbi məhkəmələr tərfindən təmin edilmişdir. Bu artıq müzakirə predmeti deyildir. MTK hazırda tikinti işləri ilə məşğul olmadığı üçün bu qədər məbləğdə vəsaiti birdəfəyə ödəmək iqtidarında deyil. Belə olduğu təqdirdə, onların həmin qətnamənin icrasına möhlət verilməsi, möhlət müddəti ərzində qətnamənin hissəhissə icra edilməsini tələb etmək hüquqları vardır. Hazırkı halda isə icra məmuru bizə icraata başladığını bildirmədiyinə, icraata başlamaq haqqında qərarı qəbul edərək xəbərdar etmədiyinə görə onlar həmin qətnamənin hissə-hissə icra edilməsi imkanından məhrum olmuşlar. Nəzərə alınmalıdır ki, iş üzrə mübahisəyə baxılarkən məhkəmə qanunun pozulub-pozulmamasını qiymətləndirməli, hüquqi vəziyyətin nə yerdə olduğunu müəyyənləşdirməlidir. Hazırkı halda isə məhkəmə onalrın yuxarıda qeyd etdiklərinə əhəmiyyət verməmiş, qeyd etdikləri qanun pozuntusuna bir cümlə ilə münaisbət bildirmiş və əlaqəli olan bir maddi və ya prosessual hüquq normasına istinad etməmişdir. Əsas məsələlərdən biri də bundadır ki, icra məmuru onlara laızmı qaydada məlumat vermədiyi üçün artıq icra prosesi məcburi icra mərhələsinə keçmiş, bununla da onların 7 faiz icra xərci ödəmək vəzifəasi yaranmışdır. Halbu ki, onlar vaxtında məlumatlandırılsaydıalr tələbkarla, onun nümayəndəsi ilə danışıqlar apararaq, borcun ödənilməsini müəyyən bir formada razılaşa bilərdilər. Hazırkı halda isə nəinki borcu, əlavə olaraq icra xərclərini də ödəmək öhdəlikləri yaranmşdır. Əgər bu xərcləri ödəmək öhdəliyi qanuni əsasla yaranmış olsa idi, təbii ki, bununla razılaşmalı idilər. Lakin qeyd etdiyi kimi icraata başlanması, tələbin könüllü icra edilməsi ilə bağlı bizə heç bir məumat verilməməsi nəticəsində onalrın icra işindən məlumatları olmamışdır. Məlumatları olmadığı üçün onlara qarşı hər hansı tədbirin aparılması və icra ödənişi tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. 2) Şikayətin ikinci vacib dəlili tələbkarın vəfat etməsi və onun bizə qarşı tələb hüququ ilə bağlı “Notariat fəaliyyəti” haqqında qanuna və Mülki Məcəlləyə əsasən vərəsəliyin müəyyən olunmaması ilə bağlıdır. Şikayət ərizəsində qeyd etmişlər ki, hazırkı iş üzrə tələbkar vəfat etdiyinə və bu tələb hüququ ilə bağlı vərəsəlik işi açılmadığına görə həmin tələbin icrası ilə bağlı heç kimlə müzakirə aparmaq, tələbin könüllü icrası, hissəhissə ödənişlə bağlımüzakirə aparmaq mümkün olmamışdır. Hətda icra sənədi üzrə ödənişi ödəmək istəsələr, borclunun vərəsəsi qanunla müəyyən edilmədiyi üçün mümkün olmayacaqdır. Tələbkarın ölməsi faktı məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə isə bu dəlillə bağlı münasibət bildirərək qeyd etmişdir ki, tələbkarın 31 yanvar 2017-ci il təvəllüdlü X5 adlı övladı var və bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. İcra məmuru da tələbkarın övladının vərəsəlik üçün müraciət etdiyini bildirmişdir. Bildirirlər ki, məhkəmənin bildirdiyi kimi X5 həqətən də Tələbkar faktiki olaraq vərəsəsi ola bilər. Onlar bunu inkar etmir, lakin məsələ burasındadır ki, onun həqiqətən də yeganə vərəsə olması ilə bağlı nə məhkəmədə , nə icra məmurunda, nə də bizdə konkret sənəd vardır. Əgər həqiqətən də o yeganə vərəsədirsə, o zaman tələbin ona icra edilməsi mümkündür. Yox vərəsəlik şəhadətnaməsi yoxdursa, o zaman ödənişlə bağlı onun qanuni nümyəndəsi ilə danışıq aparmaq, ödəniş aparmağımız düzgün deyil və gələcəkdə başqa bir vərəsə ortaya çıxarsa (tələbkarın atası, anası, arvadı, başqa uşaqları) o zaman biz öhdəliyi tələb hüququ olmayan şəxsə icra etdiyimiz üçün, digər vərəsələr qarşısında məsuliyyət daşımalı və pulu onlara ödəməli olacağıq. Ona görə də hesab edirik ki, bu məsələyə diqqətlə yanaşılaraq hüquqi qiymət verilməli, tələbkarla yanaşı borclunun mənafeyi də nəzərə alınmalıdır. Hesab edirlər ki, məhkəmə qətnaməni qanuni və əsaslı dəlillərə kifayət qədər əsaslandıra, sübutları düzgün qiymətləndirə bilməmişdir. Şikayətdə qeyd etdikləri qərarların onlara təqdim edilməməsinə, tələbin könüllü icrası üçün onlara vaxtın verilməməsinə, bununla da məhkəmə müdafiəsi hüququndan məhrum olmaqlarına, tələbkarın ölməsi və vərəsəsinin müəyyən olunmaması səbəbindən heç bir danşıqlar və razılaşmaların aparılmasının mümkün olmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmənin 15 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməklə iş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin faktiki halları üzrə ətraflı araşdırma aparmamış,, o cümlədən istinad etməli olduğu hüquq normalarını tətbiq etmədən qərardad qəbul etmişdir. Belə ki, hazırki işdən görünür ki, qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-5438/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan xx.xx.2006-cı il tarixli 03/17 saylı müqavilə üzrə 25760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2576 ABŞ dolları faizlər olmaqla, cəmi 28.336 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rusumunun 173,72 manat hissəsi tutularaq, iddiaçı Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5438/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icraya yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-5438/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativinə tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun bank hesablarına həbsin qoyulması haqqında” qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)- 5438/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MTK-nın "xxxx" ASCdə, “Bank VTB (Azərbaycan)” ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bütün bank hesablarına 28336 ABŞ dolları və 173,72 manat həcmində həbsin qoyulması və bank hesablaşma hesablarında olan pul vəsaitləri barədə şöbəyə məlumat verilməsi qərara alınmışdı. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №321737 saylı, 06 mart 2017-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Tələbkar 31 yanvar 2017-ci il tarixdə X1 doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 mart 2017-ci il tarixdə 105 nömrəsi ilə qeyd edilmişdir. Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №424761 saylı, 20 noyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Tələbkar 16 iyul 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 avqust 2024-cü il tarixdə 399 nömrəsi ilə qeyd edilmişdir. Borclu "xxxx" MTK hazırda Yasamal rayon icra şöbəsinin “borclunun bank hesablarına həbsin qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarını mübahisələndirir və hesab edir ki, bu qərar əsassız olaraq qəbul edilmişdir. Belə ki, borclu qərarın qanunsuz və əsassız olmasını bildirərkən istinad etdiyi hallar bundan ibarətdir ki, birinisi icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildirişdən borclunun məlumatı olmamış, nəticədə borclu tələbi könüllü şəkildə icra etmək hüququndan məhrum edilmiş, bu da məcburi icra tədbirlərinin görülməsinə (Yasamal rayon icra şöbəsinin “borclunun bank hesablarına həbsin qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarın qəbul edilməsinə) səbəb olmuşdur. İkincisi tələbkar vəfat etmiş, lakin icra məmuru onun vərəsələrinin müəyyənləşdirilməsi istiqamətində hərəkətsizlik göstərmiş, bununla da borclu tələbin icrası məsələsi ilə bağlı müzakirələr aparmaq üçün tərəf müqabili olmadan qalmışdır. Göründüyü kimi hazırda mübahisə predmeti Yasamal rayon icra şöbəsinin “borclunun bank hesablarına həbsin qoyulması haqqında” xx.xx.2025-ci il tarixli qərarıdır və qərarın qanuni və əsaslılığına qiymət verilməsi üçün kollegiya aşağıdakı normalara istinad edilməsini zərurui hesab edir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 43-cü maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbuirlərindən biridir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. Kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş icra işinin materiallarında tələbin könüllü icrası haqqında bildirişin borclu "xxxx" MTK-ya göndərilməsini təsdiq edən sənəd və ya borclunun tələbin icrasına başlanmasından məlumatlı olmasına dair hər hansı sübut aşkar edilmir. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan, tələbin könüllü icrası haqqında borclunu məlumatlandırmadan məcburi icra tədbirlərinə keçid edən icra məmurunun qərarını qanunun yuxarıda göstərilən 8.2 və 44.2-ci maddələri baxımından yoxlamamışdır. Halbuki Qanuna görə məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Digər tərəfdən icra sənədi üzrə tələbkarın vəfat etməsi və onun X10 adlı xx.xx.2017-ci il təvəllüdlü uşaq üzərində atalığının müəyyən edilməsi, X6 anası X2 həyatda olması işin mübahisəsiz hallarıdır. Lakin müəyyən olunur ki, icra məmuru “İcra haqqında” Qanunun aşağıdakı göstərişlərini yerinə yetirmək üçün zəruri addımlar atmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 31-ci maddəsinə görə icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin Qanunun 30.1-ci maddəsinə görə icra sənədləri üzrə icraatda yetkinlik yaşına çatmayan və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqları onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçiləri tərəfindən həyata keçirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin sadalanan halları və qanunvericiliyin qeyd edilən göstərişləri baxımından da icra məmurunun qərarına qiymət verməli olduğu halda, onları hazırki şikayətə baxılmasında tətbiq etməmiş, həmin normalara icra məmuru tərəfindən əməl edilməməsinin borclunun icra prosesindəki hüquqlarına nə kimi təsirinin olduğunu araşdırmamışdır. Həmçinin şikayətə baxan rayon məhkəməsi nəzərə almamışdır ki, tələbkar vəfat etdiyi, lakin onu vərəsə ilə əvəz edilmədiyi halda borclunun həbs qoyulmuş bank hesablarındakı pulları əldə edəcək səlahiyyətli şəxsin kimliyi də naməlum olaraq qalır. Kollegiya hesab edir ki, qeyd edilən bu hal da icra məmurunun mübahisəli qərarının qanunauyğunluğuna yenidən hüquqi qiymət vermək zərurətini ortaya çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla və istinad ediməli olan hüquq normalarını düzgün müəyyənləşdirməklə icra məmurunun qərarından verilmiş şikayətə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-448/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5438/2022 saylı icra sənədi üzrə “borclunun bank hesablarına həbsin qoyulması haqqında” Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə borclu "xxxx" MTK-nın şikayətinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-386/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-386/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver