Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-387/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 8(002)-387/2021 saylı qərardadından borclular Borclu və X3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclular Borclu və X3 məhkəmə nəzarəti qaydasında Qaradağ rayon İcra şöbəsinin icra məmurunun qanunsuz hərəkətlərindən şikayət verərək, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən 03.05.2021-ci il tarixində qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(002)-395/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin iddia ərizəsini qismən təmin edərək 1554,37 manat əsas borcun 518,89 manat faiz borcunun və 100 manat məbləğində cərimə borcunun cəmi 2173,26 manat borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh olaraq Borclu və X1 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 08.07.2020-ci il tarixli qərarından verdikləri apelyasiya şikayəti 13.10.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırki kredit borcu fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli fərmanından irəli gələn öhdəliklərə əsasən göstərilən qalıq kredit borcu 5 ilədək müddətə restrukturizasiya olunmuşdur, lakin "xxxx" QSC kredit borcu 5 il müddətinə restrukturizasiya olunmalı olduğu halda bank onları dəvət edib borcunu restrukturizasiya etməmişlər. Ona görə də onlar, Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bank tərəfindən borcu 5 il müddətinə restrukturizasiya olunacağını və bununla bağlı sənədlərin tələbkar "xxxx" QSC-nə göndəriləcəyini onlara bildirmişlər. Lakin buna baxmayaraq məhkəmə qərarının icrasını təmin edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru 03.05.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək borcun tutulması aldıqları əmək haqqının 50% hissəsinə yönəldəcəyini bildirmişdir. Onlar borcunun restrukturizasiya olunacağı və bununla bağlı onlara möhlət verilməsini icra məmurundan tələb etsələr də, buna baxmayaraq icra məmuru onların tələblərinə baxmadan hazırki mübahisləndirdikləri icraata başlamaq haqqında qərar qəbul edərək icraatı dayandırmamışdır. Beləliklə onların borcunun restrukturizasiya edilməsi üçün Mərkəzi Banka etdikləri müraciət üzrə araşdırilmalar hələ davam etdiyindən icra məmurunun icraata başlamaq haqqında qərarı ləğv edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 8(002)-107/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclular Borclu və X3 həmin qərardaddan şikayət vermişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər və Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, borclular şikayətdə Mərkəzi Banka müraciət etdiklərini və Mərkəzi Bank tərəfindən borcu 5 il müddətinə restrukturizasiya olunacağını və bununla bağlı sənədlərin tələbkar "xxxx" QSC-nə göndəriləcəyini onlara bildirildiyini qeyd etsələr də bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərinə uyğundur və onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Borcluların istinad etdiyi hallar isə özü-özlüyündə əsassızdır və icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, şikayətin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclular Borclu və X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 8(002)-107/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №8(103)-387/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-387/2021
02.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver