Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-387/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1nın alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, X1nın alimentin indeksasiyası barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(004)-441/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir)
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(004)-5428/2021 nömrəli qətnaməsi ilə X1 ilə Borclu arasındakı 22 yanvar 2010-cu il tarixli nikah pozulmuşdur. Borclu birgə nikahdan anadan olmuş 12 fevral 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatmayan uşağın Ü.V.Qədimovanın himayəsində qalması və Borclu yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda qızının Əkbərli Dənizin 15 yaşı var və bir məktəbli kimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də görə iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Etiraz onunla əsaslandırılmışdır ki, borclu sistemə əlavə etdiyi dəlil və sübutlara əsasən bildirir ki, o psixi və ruhi xəstə olduğu üçün Maştağada müalicə alır. O ən ciddi dərəcədə psixiki və ruhi xəstədir. Buna görədə onun əmək qəbailiyyəti yoxdur. Bütün bunları həmçinində onun Maştağa xəstəxanasındakı müalicə həkimi Nihad doktor da (***- ***-**-** reseptlərin üzərində də nömrəsi var) təsdiq edə bilər. Həmçinində aidiyyati üzrə səhiyyə ocağına sorğu verib əlavə olaraq da təsdiq edici sənədləri almaq mümkündür. Borclu bildirir ki, əlavə etdiyi dəlil və sübutlardan göründüyü kimi AR SN Ambulator Kitabçadan (xəstəlik tarixindən) 057376 saylı Çıxarışdan da məlum olur ki o müvafiq diaqnoz ilə ruhi xəstə olduğu üçün müalicə alır. Həmçinin də əlavə etdiyi reseptlərdən də görünür ki, həmin dərmanlar ciddi nəzrətlə verilən güclü psixotrop vasitələrdir. Bir sözlə o qeyd edir ki, ağır vəziyyətdə olan ruhi və psixiki xəstə adamdır. O işləyə bilmədiyi üçün öz müalicə dərmanlarını güclə tapıb ala bilir. Bildirir ki, heç cür aliment ödəyə bilməz.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(004)- 441/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Borclu 12 fevral 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə 175 manat məbləğdə müəyyən edilmişdir. 2021-ci ildə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 175 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,7 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmalıdır.
6. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv, ərizənin isə rədd olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayət etirazda qeyd olunan hallarla əsaslandırılmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 8(004)- 441/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
11. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016- cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Şikayətdə qərardadın hansı normaların tələblərinə zidd olduğu, hansı halların düzgün qiymətləndirilməməsi əsaslandıırlmamış, etiraz ərizəsində qeyd olunan hallara istinad edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusatlar alimentin indeksasiya edilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hallar tələbkara pul vəsaitinin ödənilməsi, əmlak verilməsi və borclunun maddi vəziyyətinin pisləşməsi ilə bağlı olduğundan Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. Bu məsələyə isə hazırkı icraat çərçivəsində baxılması mümkün deyildir və bununla bağlı borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
14. Birinci instansiya məhkəməsi düzgün olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5428/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Borclu 12 fevral 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində müəyyən etmişdir.
15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(004)-441/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(004)-441/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.