Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-388/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Tələbkar X6nın, onun vəkili Vəkil Hüseyn qızının və tərcüməçi X1 qızının iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(004)- 296/2021 saylı qərardadından tələbkar X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Tələbkar X6 icra məmurunun hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-539/2018 saylı mülki iş üzrə verilmiş 28.02.2018-ci il tarixli icra sənədi üzrə icra məmuru Sahib Allahverdiyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi və icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(004)-296/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Tələbkar X6 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-539/2018 nömrəli 28.02.2018- ci il tarixli qətnaməsi ilə 63524 ABŞ dolları məbləğində pulun cavabdeh M.Əliyevdən tutularaq iddiaçı İ.Paxomovaya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh M.Əliyevin verdiyi apelyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apelyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi 27.06.2018 saylı qətnamə ilə apelyasiya şikayətinin rədd edilməsini, Yasamal Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi 14.11.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Yasamal Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi üzrə icra həkətələrinin aparılması Yasamal Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Lakin keçən müddət ərzində icra sənədini icraatına qəbul etmiş icra məmuru 2019-cu ilin yanvar ayından hərəkətsizlik göstərmiş və nəticədə həmin icra sənədi icra olunmamış qalmışdır. İcra məmuru isə yalan dolu bu izahata inanaraq məcburi gətirilmə barədə qərardadın icrasına laqeyd yanaşmış, qərardadın icrası ilə maraqlanmamış, borclu M.Əliyevin həqiqətən də yataq xəstəsi olub-olmaması, həmin xəstəliyin hansı vaxtdan borcluda yaranması və sair halları araşdırmamışdır. O, icra sənədinin icra edilməməsi və icra məmurunun hərəkətsizliyi ilə bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Həmin şikayətə cavab olaraq Ədliyyə Nazirliyinin 13.04.2020-ci il tarixli 04/11-2239 nömrəli məktubunda göstərilmişdir ki, Yasamal Rayon icra və Probasiya Şöbəsində icra sənədi üzə başlanılmış icraat zamanı borclu M.Əliyev tələbi könüllü təmin etməmiş onda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, həmçinin onun yataq xəstəsi olduğu müəyyən edilmişdir. Bununla belə həyata keçirilmiş tədbirlər nəticəsində onun 1-ci qrup əlilliyə görə pensiya aldığı müəyyənləşdirilmiş və hazırki araşdırma dövründə tələb həmin gəlirə yönəldilmişdir. Əgər icra sənədini icra etmək icra məmurunun maraqında olsaydı, o, yataq xəstəsi olan borclu M.Əliyevin 01.06.2019-cu il tarixdə sərbəst surətdə Bakı şəhəri 23 saylı Notariat ofisinə gedərək, arvadı X5 ilə birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 21 №-li binanın 707 nömrəli mənzili öz gəlini X2 adına keçirilməsi barədə razılıq ərizəsini imzaladığını öyrənərdi. M.Əliyevin həmin tarixdə Bakı şəhəri 23 saylı Notariat ofisində olması borclunun sözügedən ərizədə əks olunmuş fotoşəkil ilə də təsdiq edilir. Bundan başqa, 2017-ci ilin noyabr ayında M.Əliyev kənar kömək olmadan, şəxsən Yasamal Rayon Məhkəməsinə gəlmiş, məhkəmə iclasında izahat vermiş, habelə 2019-cu ilin may ayında Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmişdir. Bu faktlar məhkəmə qətnamələrində öz əksini tapmışdır. İcra məmuru nə Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icrasını, nədəki həmin qətnamə üzrə verilmiş icra sənədinin icrası ilə bağlı görülmüş məcburi icra tədbirlərinin icrasını təmin etmişdir. İcra məmuru Sahib Allahverdiyevin icra sənədi üzrə hərəkətsizliyi bununla da bitmir. Belə ki, qeyd olunduğu kimi, 2019-cu iln yanvar ayından icra sənədinin artıq Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmasına baxmayaraq icra məmuru borclu M.Əliyevin öz adına qeydə alınmış və ya arvadı S.Abbasova ilə birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakların müəyyən edilməsi istiqamətində də hər hansı hərəkət etməmişdir. İcra məmuru bu istiqamətdə lazımi qaydada araşdırma aparmış olsaydı, o halda müəyyən edərdi ki, borclu M.Əliyev, icra sənədinin icrasından qərəzli şəkildə yayınmaq məqsədi ilə arvadı S.Abbasova ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 21 №-li binanın 707 nömrəli mənzilini öz gəlini X2 adına keçirilməsinin qarşısını almış olacaqdı. Lakin çox təssüf ki M.Əliyev, icra məmurundan cəld tərpənmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yaınmaq məqsədi ilə öz adına olan əmlakları başqa şəxslərin adına keçirmişdir. Göründüyü kimi, icra məmurunun hərəkətsizliyindən faydalanan borclu M.Əliyev 2019-cu ilin yanvar ayından icraya yönəldilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsini bugünədək icra etməmişdir. Tələbkar X6 və onun vəkili Vəkil Hüseyn qızı şikayəti müdafiə etdi. İcra işi üzrə işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında icra məmurunun borclunun adına avtomaşının olubolmaması barədə müvafiq sorğular verməsi, həmin xüsusatı araşdırması öz əksini tapmamışdır. 1-ci instansiya məhkəməsi həmin xüsusatı nəzərə almamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri barədə məlumatların tam araşdırılması iş materialları ilə təsdiq olunmur. 1-ci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, 89031/2018-53-14 saylı İcra işində olan Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC, "xxxx" ASC, “Pakistan Milli Bakı”-nın Bakı filialı, "xxxx" QSC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, və digər bankalara ünvanlanmış məktubdan görünür ki, borclu X4 bank hesabları və hesablardakı vəsaitləri barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin borclu X4 bank hesabları və hesablardakı vəsaitləri barədə məlumatlar 1-ci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmamışdır. Belə ki, sorğuların bütün banklara ünvanlanması və onlardan alınan cavablar yoxlanılmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, 1-ci instansiya məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qeyd olunur ki, 89031/2018-53-14 saylı İcra işində olan AR ƏƏSMN yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 22.04.2020-ci il tarixli məktubdan görünür ki, X7 şöbədən heç bir pensiya və müavinət almır. Bu səbədən tutmanın aparılması mümkün olmadığından icra vərəqəsi geri qaytarılmışdır. Digər bir tərəfdən qeyd olunur ki, 89031/2018-53-14 saylı İcra işində olan AR Ədliyyə Nazirliyi tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 13.04.2020-ci il tarixli məktubdan görünür ki, tələbkar olduğu icra sənədi üzrə Yasamal Rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı borclu Mehman Əliyev tələbi könüllü təmin etməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, həmçinin onun yataq xəstəsi olduğu müəyyən edilmişdir. Bununla belə həyata keçirilmiş tədbirlər nəticəsində onun İ qrup əlilliyə görə pensiya aldığı müəyyənləşdirilmiş və hazırkı araşdırma dövründə tələb həmin gəlirə yönəldilmişdir. İcra sənədi nəzarətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin davam etdirilməsi yerli icra qurumuna tapşırılmışdır. Bu ziddiyyətli məqamlar 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Göstərilən halları və qərardaddan verilən şikayətdəki tələbi nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tələbkar X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 8(004)-296/2021 saylı qərardadı ləğv edilsin. Tələbkar X6nın şikayətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-388/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-388/2021
02.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver