Məhkəmə qərarları › İş №8(103)-389/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-389/2021

30.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-389/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(004)-456/2021 №-li iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2021-ci il tarixli qərardaddan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, borclu X5 onun xeyrinə 19.214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Baki Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın - Bakı şəhəri Yasamal rayonu Ə.Ələkberov küçəsi 528-ci məhəllədə yerləşən 13 “B” saylı evin 1 sayli mənzilinin 1/6 hissəsinin onun mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qərarın icra edilməsindən imtina ilə bağlı Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********46 nömrəli, 19.03.2021-ci il tarixli imtina məktubuna əsasən qanunsuz və əsassız olaraq imtina edilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci və 103.1-ci maddələrinin tələblərinin pozularaq inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi barədə inzibati xətanın törədilməsinə görə inzibati protokolun dərhal tərtib edilməməsi və həmin inzibati protokolun 48 saatadək müddətdə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməməsi ilə əlaqədar Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.07.2021-ci il tarixli qərardadı ilə şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul etmişdir. Tələbkar D.Dəmirov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətə baxılmasını xahiş etmişdir. Qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun hərəkətlərindən şikayətlərə birinci instansiya məhkəməsi tərəfindən baxılmalı, bundan sonra tərəf həmin məhkəmənin qəbul etdiyi aktdan narazı qaldığı təqdirdə yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.07.2021-ci il tarixli qərardadı ilə qərardaddan verilmiş şikayəti təmin etməmiş, barəsində verilmiş qərardadı qüvvəsində saxlayaraq şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi tələbkarın “icra məmurunun hərəkətsizliyindən” şikayətinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, tələbkarın icra məmurunun hərəkətsizliyindən şikayəti Bakı Apellyasiya Məhkəməsinin 03.08.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan, həmin şikayət icra sənədini verən məhkəməyə, yəni Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Məhkəmə işə baxmış Rayon Məhkəməsinin nəticəsi ilə razılaşır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (MPM, maddə 228.), əlavə qətnamənin çıxarılması (MPM, maddə 229.), qətnamənin izah edilməsi (MPM, maddə 230.), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (MPM, maddə 231.1. və 231.2.), ödənilməli pul məbləğlərinin indeksasiyası (MPM, maddə 232.) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25.10.2007-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Beləliklə də, müəyyən edilir ki, “icra məmurunun hərəkətsizliyindən” şikayət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və həmin məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə müraciət olunmalıdır. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar