Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-39/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4275/2019-008 nömrəli, 22.10.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4275/2019-008 nömrəli, 22.10.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 12500 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 22.07.2021-ci ildə Nərimanov rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin buna baxmayaraq, Borclu icra sənədində göstərilən tələbi könüllü müddət ərzində icra etməmişdir. “Elektron İcra”İnformasiya sisteminin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın müvafiq elektron informasiya sistemi ilə inteqrasiya nəticəsində Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin olduğu müəyyən edilmişdir. “Elektron İcra”İnformasiya sisteminin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın müvafiq elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən Borclu adına yuxarıda qeyd olunan daşınmaz əmlakdan əlavə daha iki daşınmaz əmlak mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019-008 nömrəli 22.10.2019-cu il tarixli, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 30A saylı evin üzərinə həbs qoyulması qərara alınmışdır (sədrlik edən: Vüqar Quliyev). Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini, xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 19.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında işirak etməmişlər. Borclu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş “Azemis” Elektron sistemdən çıxarışa əsasən Borclu adına 3 fərdi yaşayış evi vardır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakın üzərinə həbs qoyulması ardıcıllığına icra məmuru tərəfindən riayət edilib-edilməməsi araşdırılmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsinə görə, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, borclunun 12500 manat borcuna görə kifayət qədər dəyərə malik olan evin üzərinə həbs qoyulmasınının məqsədəmüvafiqliyi yoxlanılmamışdır. Kollegiya sadalananlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi əmlakın üzərinə həbs qoyulması ardıcıllığına icra məmuru tərəfindən riayət edilib-edilməməsi və 12500 manat borcun qarşılığında mənzilin üzərinə həbs qoyulmasının məqsədəmüvafiqliyini tərəflərin və icra məmurunun iştirakı ilə araşdırmaqla müvafiq qərar qəbul etməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-525/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-39/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-39/2022
11.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver