Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-39/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, 02 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə ərizəçi X6 ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 941/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 may 2019- cu il tarixli 2(011)-4660/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X6 cavabdeh X4 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X8 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:00-a qədər, hər həftənin şənbə günləri isə saat 16:00- dan 20:00-dək iddiaçı X9 ilə saxlanılmasına dair ünsiyyət qaydası müəyyən edilməsi qət edilmişdir. X1 qeyd olunan qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, 02 may 2019-cu il tarixli qətnaməsinin onun və oğlu üçün təhlükəsiz şəraitdə icra edilə bilməsi məqsədilə uşağı borcludan təhvil alıb təhvil vermə prosesinin icra edilmə yerinin icra məmuru tərəfindən müəyyən edilməsi üçün müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abbasova (Hacıyeva) Leyla Dantes qızı ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2017-ci il tarixində birgə nikahdan övladları Abbasov Ayaz dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması və azyaşlı övladladının Abbasova Leylanın himayəsində saxlanılması qət edilmişdir. Övladının ona olan bağlılığına baxmayaraq uşağın azyaşlı olmasını nəzərə alaraq və ən əsası uşağın mənafeyindən çıxış edərək oğlunun anası ilə birgə yaşamasına etiraz etməmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, 02 may 2019-cu il tarixli qətnaməsi ilə uşağın onunla ünsiyyət saxlamaq hüququnun təmin edilməsi qaydası müəyyən edilmişdir. Qətnaməyə əsasən, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günü isə saat 16:00-dan 20:00-a qədər oğlu Abbasov Ayaz onunla saxlanılmalıdır. Sözügedən qətnamənin icrası 2023-cü ilin oktyabr ayına qədər Xətai Rayon İcra Şöbəsinin icraatında olmuşdur, hazırda isə Nizami Rayon İcra Şöbəsinin icraatındadır. Abbasova Leyla ərizəçinin valideyn olaraq uşağın təlim-tərbiyəsində iştirakını məhdudlaşdırdığından o, uşaqla ünsiyyət saatlarını onun inkişafı, təlim-tərbiyəsi, idman və rəsm məşğələlərinə sərf edir. Uşaq ona sıx bağlıdır, özünü onunla bir ailənin üzvü olaraq identikləşdirir. Tərəfindən uşağın alimenti məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən artıq şəkildə ödənilir, alimentdən əlavə uşağın digər xərcləri, məsələn, məşğələlərin ödənişi, dərman xərcləri, geyim, teatr və əyləncə, eləcə də oğlunun istəklərinə uyğun olaraq digər xərclər də onun tərəfindən qarşılanır. Abbasova Leyla uşaqla ünsiyyətinə mane olmadığını bildirsə də, real faktlar borclunun uşaqla ünsiyyətinə, ona göstərdiyi atalıq qayğısına hər şəkildə süni maneə törətdiyini sübut edir. Borclu uşaqla görüş günlərini məhdudlaşdırmaq üçün Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, lakin Xətai rayon məhkəməsi tərəfindən qət edilən 2(011)-1278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə Abbasova Leylanın iddiası əsassız hesab edilərək təmin edilməmişdir. Daha sonra Abbasova Leyla həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Abbasova Leylanın apellyasiya şikayətini təmin etməmişdir. Uşaqla ünsiyyətini məhkəmə vasitəsilə məhdudlaşdıra bilməyən Abbasova Leyla bu istəyini başqa vasitələrlə həyata keçirməyə çalışır. Borclu tərəf ona qarşı yalan ifadə verərək, şər və böhtan ataraq, uşağı təhvil aldığı zaman onu təxribata çəkməyə çalışaraq uşaqla görüşdən imtina etdirməyə çalışır. Belə ki, borclu uşağın görüş günündə (22 07.2023-cü il tarixində) yaşadığı ünvanda ərizəçidən təhvil alınması prosesində onun tərəfindən borcluya xəsarət yetirildiyini iddia edərək Bakı şəhəri, Nizami RPİ 24 saylı Polis Bölməsinə yalan ifadə verərək şikayət ərizəsi ilə müraciət etmiş, onun cinayət məsuliyyətinə cəlb edilməyini tələb etmiş, şikayət ərizəsini geri götürməsi qarşılığında ondan uşaqla görüşdən imtina etməyinə dair notarial qaydada təsdiq edilmiş razılıq tələb etmişdir. Nizami RPİ tərəfındən borclunun şikayəti əsassız hesab edilərək təmin edilməmişdir, lakin borclu ona qarşı qərəzindən irəli gələrək onu təxribata cəlb etməyə çalışmağa davam edir və onun işgüzar nüfuzuna zərər vuracağını, o həbs edilməyənə qədər bu əməllərindən əl çəkməyəcəyini, onu hər vasitə ilə işsiz qoyacağını bildirir. Hazırda da Nizami RPİ 24-cü PŞ-nin qərarından Nizami Rayon Prokurorluğuna yenidən şikayət etmişdir. Bundan əlavə borclu Abbasova Leyla bir tərəfdən Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək onun tərəfindən borcluya qarşı məişət zorakılığı tətbiq edildiyinə, yaşadığı yerə gəlib borclunu narahat etdiyinə dair əsassız iddia irəli sürmüş və ona qarşı mühafizə orderinin verilməsi ilə bağlı tələb irəli sürmüşdür. Digər tərəfdən isə borclu ondan uşağı borclunun yaşadığı ünvanda təhvil alıb təhvil verməyini tələb edir və bununla bağlı Nizami Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixində yazılı müraciət etmişdir. Sübutlardan da göründüyü kimi, borclunun dövlət qurumlarına bir-biri ilə ziddiyyət təşkil edən müraciətləri borclunun qərəzini və ona qarşı şər ataraq cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq niyyətini aşkar şəkildə sübut edir. Bundan əlavə borclu xx.xx.2023-cü tarixində qərəzli şəkildə uşağı ondan təhvil almağa gəlməmiş, soyuq hava şəraitındə oğlu ilə onu gözlətmiş, zənglərə və yazılı mesajlara cavab verməmiş, xx.xx.2023-cü il tarixində isə uşağı ona təhvil vermədiyi ilə bağlı Nizami RPİ 25-ci PŞ-yə əsassız şikayət ərizəsi ilə müraciət etmişdir. Borcludan uşağı təhvil alıb təhvil vermə prosesində ona qarşı aşağılayıcı ifadələr işlədərək hər vasitə ilə onu təxribata çəkməyə çalışır. Bütün bunlar övladının mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir, oğlu ona tez-tez “Ata, anam nə üçün sənin tutulmağını istəyir? Anam nə üçün yalan danışdı?” şəklində suallar verməkdədir. O, yolda polis əməkdaşı gördükdə “Ata, yəqin anam yenə polisə şikayət edib ki, səni tutsunlar, gəl buradan tez çıxaq gedək” şəklində fikirlər söyləyir. Borclu hazırda da uşağı daimi olaraq xarici ölkələrə aparmağa və ata qayğısından birdəfəlik məhrum etmək üçün onun cinayət məsuliyyətinə cəlb edilməsinə çalışır. Borclu X3 uşaqla göruş qaydasının icrası prosesində uşağı təhvil verib təhvil alarkən ona qarşı törətdiyi təxribat, yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməllərinin qarşısının alınması, onun özünün və övladının təhlükəsizliyi məqsədilə ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixində Xətai rayon İcra Şöbəsinə uşağın icra Şobəsinin inzibati binasında və təhlukəsizlik kameralarının müşahidə bucağı altında təhvil alıb - təhvil verilməsinə dair tələbinin təmin edilməsi üçün rəsmi müraciət edilmiş və tələbi təmin edilmişdir. Sözügedən iş Nizami rayon İcra Şöbəsinın icraatına daxil olana qədər uşağın görüş günündə təhvil alınıb təhvil verilməsi prosesi məhz Xətai rayon İcra Şobəsinin ınzibati binasında problemsiz icra edilməkdə idi. Borclu X7 uşağı İcra Şöbəsində təhvil verib təhvil aldığı halda ona qarşı təxribat imkanından məhrum olduğu üçun hazırda uşağı kamera nəzarəti olmayan ərazilərdə təhvil verib təhvil almaqda israr edir. Halbuki, əgər həqiqətən də uşağın təhvil alınıb təhvil verilməsi prosesində o borcluya qarşı şiddət tətbiq edirsə uşağın İcra şöbəsində və ya kamera nəzarəti olan digər ərazidə təhvil verib təhvil almaqda borclu özü maraqlı olmalı idi. Oğlu “Suna” Uşaq Bağçasında təhsil alır və bağçadan 17:00-da çıxır. Onunla görüş vaxtı da 17:00-da başlayır. Borclu həmin vaxt uşağı birbaşa bağçadan götürməyinə də qərəzli olaraq şərait yaratmır. Halbuki, belə olacağı halda onun üçün də daha rahat olardı və həmin ərazi təhlukəsizlik kameraları ilə təchiz edilmişdir. Uşaqla görüş qaydasının icrası prosesində uşağı təhvil verib təhvil alarkən ona qarşı törədilən təxribat, yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməllərinin qarşısının alınması, onun özünün və övladının təhlükəsizliyi məqsədilə uşağı kamera nəzarətinin olduğu ərazidə təhvil alıb təhvil verməyi vacibdir. Hazırda iş Nizami Rayon İcra şöbəsinin icraatındadır. Qeyd etdiyi problemlərə görə hazırda 1 aydan çox müddətdir ki, oğlunu görə bilmir. Borclu həmçinin, oğlu ilə telefonla danışmağına da şərait yaratmır. Sözügedən məhkəmə qətnaməsində uşağın borcludan təhvil alınıb təhvil verilməsi yeri müəyyən edilməmişdir. Nizami rayon İcra şöbəsinin rəisi Rəşad Hacıyev görüş yerinin icra məmuru tərəfindən müəyyən edilə bilməsi üçün müvafiq məhkəmə qərardadının olmasını bildirmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) ərizə təmin edilməmişdir. Həmin qərardaddan X9 şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Məhkəməyə X9 tərəfindən işə şifahi məhkəmə iclasında baxılması barədə vəsatət, X7 tərəfindən isə məhkəmə izahatı təqdim olunmuşdur. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X6 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(011)-4660/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X8 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:00a qədər, hər həftənin şənbə günləri isə saat 16:00- dan 20:00-dək iddiaçı X9 ilə saxlanılmasına dair ünsiyyət qaydası müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, L.D.Abbasovanın “keçmiş əri Abbasov Emin tərəfindən döyülməsi, 5 yaşlı Ayaz Abbasovu aparması” barədə ərizəsi üzrə Abbasov Eminin hərəkətlərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon icra hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Leyla Abbasova və keçmiş əri Abbasov Emin arasında baş verən çəkişmə məişət zorakılğı deyil, atanın uşağı ilə ünsiyyəti məsələsidir. Leyla Abbasova tərəfindən Maraqlı şəxsnə ünvanlanmış məktubdan görünür ki, Leyla Abbasova uşağın onun yaşadığı Nizami rayonu, E.Süleymanov 201 ünvanında Emin Abbasov tərəfindən təhvil verib, vaxtında təhvil almağının təmin edilməsini xahiş etmişdir. Emin Abbasov tərəfindən icra məmuru Xatir Məmmədova ünvanlanmış xx.xx.2023cü il tarixli ərizədən görünür ki, Emin Abbasov övladının Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsində və təhlükəsizlik kameralarının müşahidə bucağı altında təhvil alıbverməyi ilə bağlı təyinat verilməsini xahiş etmişdir. Emin Abbasov tərəfindən Nizami rayon icra şöbəsinin rəisinə ünvanlanmış ərizələrdən görünür ki, Leyla Abbasovanın qərəzli olaraq uşağı görüş günü və vaxtı ona təhvil vermədiyini bildirərək, Leyla Abbasovanın barəsində inzibati protokol tərtib olunması, Xətai rayon Məhkəməsinin sözügedən qətnamənin icrasının təmin edilməsi, borclunun uşağı ona vermədiyi görüş müddətinin digər günlərdə kompensasiya edilməsinin təmin edilməsi xahiş edilmişdir. Qeyd olunan iş materiallarından da göründüyü kimi Xətai rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinin icrası ilə bağlı tələbkar və borclu arasında, həqiqətən də, konfliktlər mövcuddur və qətnamənin icra olunması prosesində kifayət qədər problemlər yaşanmış, tələbkar tərəfindən icra sənədinin lazımi qaydada icra olunmaması ilə bağlı istər Xətai Rayon İcra Şöbəsinə, istərsə də hazırda icranı təmin edən qurum olan Nizami Rayon İcra Şöbəsinə müxtəlif müraciətlər ünvanlanmış, hətta borclu tərəfindən tələbkar barəsində sonuncunun ona qarşı zorakılıq törətməsi ilə bağlı hüquq mühafizə orqanlarına da şikayət olunmuşdur. Lakin birinci instansiya məhkəməsi işin sözügedən hallarını lazımi qədər araşdırmamış, ərizədə qeyd olunanların, o cümlədən işin bütün həqiqi hallarının müəyyən edilməsi istiqamətində hər hansı addım atmamışdır. Halbuki məhkəmə tərəfindən icra sənədinin hazırki vəziyyəti, qətnamənin icra qaydası və üsulunun aparılma qaydası öyrənilməli idi və yalnız işin bütün hallarına məcmu halında qiymət verdikdən sonra həmin üsulun dəyişdirilməsinə əsas olub-olmaması barədə hansısa qənətə gəlmək düzgün olardı. Bundan başqa iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı Nizami Rayon İcra Şöbəsinə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsini təsdiq edən hər hansı bildiriş, o cümlədən iş üzrə qəbul edilən məhkəmə qərardadlarının da sonuncuya göndərilməsinə dair hansısa məktub aşkarlanmamışdır. Həmçinin iş materiallarındakı məhkəmənin iclas protokollarında icra işinin tələb edilərək araşdırıldığı, icra vərəqəsinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla X6 icra sənədinin üsulunun dəyişdirilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş X6 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-39/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-39/2024
31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver