Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-390/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, 8(005)-373/2023 №-li iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərardaddan iş üzrə Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 icra məmurunun hərəkətlərindən şikayət ilə Rayon Məhkəməsinə müraciət edərək, Siyəzən Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 120/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icra edilməsi üçün Siyəzən Rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etmişdir. Həmin qərardaddan Borclu Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclunun şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-120/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-üi il tarixli qətnaməsi ilə qət edilmişdir ki, uşaq – xx.xx.2014-cü il təvəllüdlü Əsna anası (borclu) Borclu alınaraq atası (tələbkar) X2 verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra sənədi tərtib edilmiş və icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmış, sonradan icra sənədi borclunun yaşayış yeri üzrə icra edilməsi üçün Siyəzən Rayon İcra Şöbəsinə göndərilmişdir. Siyəzən Rayon İcra Şöbəsinin böyük icra məmuru Cəmilə Babayeva xx.xx.2023-cü il tarixdə uşağı borcludan alaraq tələbkara təhvil vermişdir. Bununla bağlı olaraq icra məmuru iş üzrə tərəflərin iştirakı ilə müvafiq akt tərtib etmişdir. Bunları nəzərə almış icra məmuru xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərarla icra sənədi üzrə icraata xitam verilməsini qərara almışdır. xx.xx.2023-cü il tarixdə tələbkar həmin qərarın ləğv edilməsi barədə şikayət ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbkarın müraciəti onunla əsaslandırılmışdır ki, icra sənədi icrası baş tutmamış, uşağı avtomobillə aparan zaman borclu qohumları ilə birlikdə avtomobilinin qarşısını kəsmiş, dava düşməsin və uşaq qorxmasın deyə tələbkar həmin gün borclu ilə birlikdə İcra Şöbəsinə qayıdaraq uşağı anasının yanında İcra Şöbəsinin rəisi Elnur Piriyevə təhvil vermiş və uşağı ala bilməməsi barədə ərizə vermişdir. Rayon Məhkəməsi tələbkarın müraciətini əsaslı sayaraq icra məmurunun qərarını ləğv etmişdir. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu bildirir ki, uşaq özü tələbkarın yanında qalmaq istəmir. Mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir (maddə 20.1.5.). İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir (maddə 20.2.). Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (maddə 20.5.). İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır (maddə 20.6.). İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar olaraq uşaq borcludan (anasından) alınaraq tələbkara (atasına) verilsə də, elə həmin gün vəziyyət dəyişmiş, tələbkar uşağı təhvil ala bilməmişdir. Uşağın borclunun yanında qalmasının hüquqi əsası olmadığından və qeyd edilən vəziyyət “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardad qəbul edildikdən dərhal sonra baş verdiyindən Məhkəmə “İcra haqqında” Qanununun 20-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Borclunun qərardaddan verdiyi şikayətdə göstərdiyi - uşağın tələbkarın yanında qalmaq istəməməsi barədə dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, əgər belə hal mövcuddursa, onda hazırki iş üzrə borclu, bir valideyn olaraq, övladının maraqları baxımından, hazırki iş üzrə tələbkara qarşı “uşaq tələbi barədə” iddia ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd edilən dəlil Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, borclunun şikayəti əsassızdır; Rayon Məhkəməsinin mövqeyi qanuni, əsaslı və işin müəyyən edilmiş hallarına uyğundur; barəsində şikayət verilmiş qərardadı ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-390/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-390/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver