Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-391/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu 104 saylı evin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 10.08.2017-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı 04.07.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 5114,16 ABŞ dolları və 50 manat ekspertiza xərci tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, laki borclu tərəfindən icra həyata keçirilməmişdir. Elektron icra sistemindən məlum olmuşdur ki, borclunun qeydiyyatda olduğu ünvadan əlavə mülkiyyətində Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu 104 saylı ev mövcuddur Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, icra məmurunun təqdimatı 23.06.202l-ci il tarixdə hakimin icraatına daxil olmuş və hakim 24.06.2021-ci il tarixdə məhkəmə prosesi təyin etmədən əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edib. Təqdimata baxmış hakim qanun pozuntusuna yol verərək icra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən, icra işini icra məmurundan tələb edərək icra işində olan sənədlərə hüquqi qiymət vermədən (ödənişləri nəzərə almadan) borclu olaraq onun fikrini bilmədən, izahatını almadan qərar qəbul etmişdir. Lakin, hakim Azərbaycan Respublikası MPM-nin 134.1.4-cü maddəsini pozaraq məhkəmə bildirişini rəsmi qaydada tərəflərə göndərmədən bir günə qərar qəbul edib. Təqdimata baxan hakim Azərbaycan Respublikası MPM-nin 158-ci maddəsində nəzərdə tutulmuş əsasları təqdimata baxmaq qaydasını səhv salmışdır. Bu icra məmurunun təqdimatıdır, iddia icraatında olan mülki iş deyil ki, iddianı təmin etmək haqqında ərizə daxil olduğu gündən sonra təxirə salınmadan baxılsın. Bundan əlavə, kredit müqaviləsi üzrə o, əsas borclu deyil, zamindir. Bir zamin kimi, Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşıdığını bilir. Əsas borclu X3 olmağına baxmayaraq kredit müqaviləsi üzrə 10.000 ABŞ dollarından Sabunçu rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı, 04.07.2016-cı il tarixli qətnaməsi qəbul olunanadək Banka 6779.21 ABŞ dolları məbləğində pul ödəmişdir. Belə ki, əsas borclu Etiram Rzayev bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə. Bank zamin olaraq onsa zəng edərək məndən tələb edirdi borcun ödənilməsini. Bunu təsdiq etmək üçün qanuni qüvvəsini almış Sabunçu rayon Məhkəməsinin 2(008)-1766/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi sübut olaraq şikayətə əlavə edir. Bununla bağlı bildirmək istəyir ki, o, cavabdeh X2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək, cavabdeh X1 3500 manat icarə haqqının və Tələbkar-nin ‘’Rabitə” filialı ilə cavabdeh X3 arasında bağlanmış 12.01.2C15-ci il tarixli MK-00738- 06/15U saylı kredit müqaviləsinin irəli gələn 6779.21 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-1766/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbim təmin olunaraq, cavabdeh X1 3500 manat icarə haqqının və 6779,21 ABŞ dolları və ödənilmiş dövlət rüsumununa görə 30 manat məbləğində pul alınaraq, iddiaçı Borclu verilməsi qət edilmişdir. Hazırda, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı. 04.07.2016-cı il tarixli icra vərəqəsi üzrə bildirmək istəyirəm ki, icra vərəqəsi üzrə tələb olunan 5.114.16 ABŞ dolları və igər xərclər 69,60 manatın ödənilməsi müştərək qaydada nəzərdə tutulub. İcra vərəqəsi üzrə borc müştərək qaydada tutulmasını nəzərə alsaq, zamin olaraq onun öhdəliyinə 2557,08 ABŞ dolları və 34.80 manat düşür. Sabunçu rayon Məhkəməsinin 2(008)-6970/2016 saylı, 04.07.2016-cı il tarixli icra vərəqəsi icraya yönəldikdən sonra o, hər ay mütamadi olaraq cəmi 296.82 ABŞ dolları məbləğində ödəniş etmişdir. Faktiki mövcud olan 2260.26 ABŞ dolları borc məbləğinə görə, dəyəri 100.000 manat çox olan onun mülkiyyətində olan daşınmaz əmlakının üzərinə həbs qoyulmasını qanunsuz hesab edir. Bundan əlavə o, “Ağama" MMC-də işləyir. Borcun ödənilməsi üçün əmək haqqına yönəldilməsinə də etiraz etmir. Bununla bağlı icra məmuruna məlumat vermiş və qısa bir zamanda əmək haqqından tutulmalar olacaq. Odur ki, qeyd olunanlara əsasən, hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 24.06.2021-ci il tarixli qərardadı qanunsuz qəbul olunduğundan ləğv olunmalı və əmlakımın üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətini müdafiə edərək bildirmişdir ki, təqdimata baxılması ilə bağlı iclasa dəvət olunmamışdır. Həmçinin qeyd etmişdir ki, o, borc üzrə dəfələrlə ödənişlər etmiş və hazırda da edir. Buna görə də şikayətin təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tələbkar və icra məmuru səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında təqdimata baxılması ilə bağlı tərəflərə məlumat verilməsinə dair hər hansı sübut olmasa da, birinci instansiya məhkəməsi təqdimata “məhkəmədən kənar ayrıca prosessual hərəkət” kimi onların iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş “məhkəmə icraatının çəkişmə və tərəflərin bərəbərliyi əsasında aparılması” prinsiplərini pozmuşdur. Qeyd olunan pozuntu həm də onunla nəticələnmişdir ki, borclu şikayətində göstərdiyi hallarla bağlı müvafiq sübutları (icra sənədi üzrə ödənişlər etdiyi, tutumanın əmək haqqına yönəldilməsi və s.) təqdim etmək imkanından faktiki məhrum olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, təqdimat məhkəməyə 23.06.2021-ci il tarixdə daxil olmuş və 1 gün sonra, yəni 24.06.2021-ci il tarixdə isə iş üzrə tələbkar, borclu və icra şöbəsinin nümayəndəsini məhkəmə iclasına dəvət edilmədən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Bundan başqa, qanunvericilik məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi institutunu nəzərdə tutsa da, kollegiyanın qənaətinə görə, məhkəmə təqdimata baxarkən həm müvafiq nəticəyə gəlmək üçün zəruri olan maddi hüquqi əsasların olub-olmadığını lazımi qaydada araşdırmamış, həm də prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunmalıdır ki, iş materiallarında məcburi icra tədbirinin tətbiqinə əsas verən halların mövcudluğunu təsdiq edən sübutlar, yəni borcluya tələbin könüllü icrası üçün bildirişin təqdim edilməsi, həmçinin xəbərdarlıq olunması və onun könüllü icradan yayınması barədə sənədlər mövcud deyildir; halbuki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, işin materiallarından görünür ki, təqdimata baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı da görünmür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-462/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-391/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-391/2021
28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver