Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-391/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı iş üzrə QƏRARDADİ İş № 8(103)-391/2023 (Açar sözlər: “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-788/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-565/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 788/2023 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu 5.500 manat borc və 75 manat məbləğində dövlət rüsumu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
2. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-788/2023 nömrəli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-788/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini və borclunun ölkədən getmək ehtimalını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)- 565/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, onun icra sənədindən xəbəri olmamış, ümumiyyətlə icra məmuru tərəfindən ona icra sənədinin könüllü icrası ilə bağlı rəsmi bildiriş gəlməmişdir. Buna baxmayaraq, qərardadda guya onun könüllü icraya dair bildirişin surətinə əsasən bildirişi və icraata başlamaq haqqında qərarın surətini xx.xx.2023-cü il tarixdə şəxsən imzalamaqla təhvil almağı qeyd edilmişdır. Halbuki, borclu olduğu icra sənədi üzrə nə qiyabi qətnamə çıxarılarkən, nə də barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimata baxılarkən məlumatı olmamış, yalnız elektron portala qeyd olunan məlumatların yüklənməsinə görə onun hansısa öhdəlikləri yaranmışdır. Onun elektron kabinetinin olmasına baxmayaraq elektron məhkəmə sistemindən istifadə edə bilmir. Belə ki, asan imzanı işi ilə bağlı vergi ödəyicisi kimi alsa da, elektron məhkəmə sistemindən istifadə etməmişdir və istifadə qaydasını da bilmir. Ona görə də onun məhkəmənin iclasından xəbəri olmadığından, məhkəmədə iştirak edə bilmədiyindən icra sənədinin könüllü icrası ilə bağlı icra məmurunun on rəsmi xəbərdarlıq göndərməməsini, qeyd olunan bildiriş və qərarın onun tərəfindən imza atılaraq qəbul edilməməsinin məhkəməyə bildirə bilməmişdir. Ona görə də hesab edir ki, qərardad ləğv edilməli, təqdimatın əsassız olduğundan rədd edilməsi barədə qərardad qəbul edilməlidir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(004)-565/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-788/2023 nömərli icra sənədinə əsasən Borclu 5.500 manat borc və 75 manat məbləğində dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır.
14. İşdən həmçinin görünür ki, borclu icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarını və tələbin könüllü icrası haqqında bildirişi imza etməklə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Həmin sənədlərə əsasən borcluya 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, borlu bildirişi və icraata başlamaq haqqında qərarın surətini xx.xx.2023-cü il tarixdə şəxsən imzalamaqla təhvil alsa da, üzrsüz səbəbdən icra sənədinin icrasını təmin etməmişdir.
16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(004)-565/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov