Məhkəmə qərarları › İş №8(103)-392/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-392/2020

28.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-392/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu X2 tərəfindən Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan verilmiş şikayətə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-167/2020 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılmasının məcburiliyi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədində sözü gedən qızıl zinət əşyaları: brilliyant komplekt dəst 750 əyyar (1 ədəd üzük, 1 ədəd klon, 1 ədəd sep,1 ədəd qolbağ, 2 ədəd sırğa) 4800 manat dəyərində, 1 ədəd nişan üzüyü 8 qram 583 əyyar 500 manat dəyərində, 1 ədəd fantaziya qaşlı üzük 4 qram 583 əyyar 300 manat, 1 ədəd səbət üzük 4 qram 750 əyyar 300 manat, 1 ədəd qolbaq klonu 583 əyyar 16 qram 700 manat, 1 ədəd 5 qramlıq uşaqlıq sırğası 583 əyyar 100 manat, 1 ədəd halqa sırğa 3 qramlıq 750 əyyar 240 manat dəyərində olan əmlaklar Tələbkar tərəfindən aparılmış və bununla da icra sənədi zinət əşyaları hissəsində tam olaraq icra olunmuşdur. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verildiyindən, icra hərəkətləri dayandırılaraq, icraata xitam verilməsi məsələsinə mütləq baxılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İcra haqqında Qanunun 17.1.4-cü maddəsi ilə şikayətini əsaslandıraraq icraatın dayandırılmasının məcburiliyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-167/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır. O, İcra və probasiya şöbəsinə icra hərəkətlərinin məcburi dayandırılması barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Borclunun verdiyi şikayət məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı tələbkar şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Həmçinin qeyd etdi ki, borclu onun qızıl-zinət əşyalarını qaytarmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu və icra məmuru məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinin Bakı İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə İcra şöbəsinə məlumat verilməmiş, borclunun icraatın dayandırılması barədə vəsatəti şöbəyə daxil olmamışdır. Bunun əksi olaraq icra işindən görünür ki, icra məmuru tərəfindən qanunda nəzərdə tutulan qərarlar qəbul edilmiş və prosessual hərəkətlər aparılmışdır. Məhkəmə hesab etmişdir ki, icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9611/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Həmin icra sənədində adları sadalanan ünvan 1 saylı evin 1 saylı ünvanında yerləşən əmlakların, özləri olmadıqda isə həmin əmlakların dəyərinin X1 alınaraq Tələbkar verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş sərəncamdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9611/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin qızıllara aid hissədə tam icra olunduğuna görə icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Kollegiya hesab edir ki, icra məmurunun hərəkəti qanunidir, çünki o, qüvvədə olan icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Buna görə də birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Göründüyü kimi borclu icra sənədi üzrə icraatın dayandırılmasını “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinad edərək, icraata xitam verilməsi məsələsinə baxılmalı olması ilə əlaqaləndirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələbinə görə, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra haqqında qanunvericiliyin təhlilindən aydın olur ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, bu cür mübahisənin qanunla yol verilməsi halı icra sənədi üzrə icraatın dayandırılmasına əsas verən məcburi hal olmaqla, icra məmurunun qərarı əsasında həyata keçirilir. Kollegiya qeyd edir ki, borclunun göstərdiyi hal icra sənədi üzrə icraatın dayandırılmasına əsas verən hal olsa da, bu məhkəmə tərəfindən deyil, icra məmurunun qərarı əsasında həyata keçirilməlidir. Hazırki iş üzrə isə borclu tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinin Bakı İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə İcra şöbəsinə hər hansı məlumat verilməmiş, borclunun icraatın dayandırılması barədə vəsatəti şöbəyə daxil olmamış və bu barədə heç bir mötəbər sübut mövcud deyildir (bu barədə sübut şikayətə də əlavə olunmamışdır). Belə olan halda, borclu müvafiq sənədi icra şöbəsinə təqdim etməklə icra sənədi üzrə icraatın dayandırılmasını tələb edə bilər, bu zaman icra məmurunun qərarı əsasında icra sənədi üzrə icraatın dayandırılması məcburi hal qismində icra məmurunun qərarı əsasında həyata keçiriləcəkdir. Əks təqdirdə borclu icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət etməlidir (qətnamənin icrası qaydasında). Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və tələbkarın maraqlarını nəzərə alaraq, şikayəti təmin etməməkdə haqlı olmuş və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-167/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar