Məhkəmə qərarları › İş №8(103)-392/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-392/2021

04.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-392/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Tələbkar və borclunun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-374/2021 saylı 08 iyun 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7246/2017 saylı, 10.07.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 3643 manat məbləğində pul tutulmalıdır. Qeyd edilən icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu tələbin 10 gün ərzində könüllü icrası barədə bildiriş göndərilmiş, lakin Borclu tələbi könüllü icra etməmişdir. Bundan başqa məlum olmuşdur ki, borclu Azərbaycan Respublikasının hüdudlarını mütəmadi olaraq tərk edərək xarici ölkələrə səfər edir. Göstərilənlərə əsasən, icranın təmin edilməsi məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimata baxmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.01.2018-ci il tarixli qərardadla təqdimatı təmin etmiş, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu 29.09.2016-cı il tarixdən 06.03.2020ci il tarixədək Azərbaycan Respublikasında olmamış, yəni təqdimatda qeyd edilən icra sənədinin verilməsi üçün əsas olmuş 10.07.2017-ci il tarixli qətnamə qəbul olunan məhkəmə prosesindən məlumatı olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2021-ci il tarixli, 8(103)- 156/2021 saylı qərardadı ilə Borclu şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2018-ci il tarixli qərardad ləğv edilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qərardadında şərh olunan göstərişlərə görə icra məmuru təqdimatı əsaslandırmamış, təqdimatda qeyd olunan halları təsdiq edə biləcək sənədləri təqdimata əlavə etməmiş, Rayon Məhkəməsi isə borclunun hərəkətlərini könüllü icradan imtina kimi qiymətləndirmiş, qətnamədən borclunun məlumatlı olub-olmamasını araşdırmadan təqdimatı təmin etmişdir. İşə yenidən baxmış Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim N.Nəbizadə, iş № 8(001)-374/21) Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin olunmamışdır. Tələbkar narazı qalaraq həmin qərardaddan şikayət vermiş və şikayətini işin hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması ilə əsaslandırmışdır. Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Borclunun nümayəndəsi (vəkili) Vəkil şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını rədd edərkən aşağıdakıları nəzərə almışdır. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir ki, tələbin könüllü icra olunması barədə borcluya göndərilmiş bildiriş təqdimata əlavə olunsa da, həmin bildirişin həqiqətən borcluya çatması barədə qəbz təqdimata əlavə edilməmiş, həmçinin icra sənədinin məcburi qaydada icra edilməsinin təmin edilməsi məqsədi ilə icra məmurunun borclunun banklarda pul vəsaitinin və ya digər daşınar və ya daşınmaz əmlaklarının olub-olmamasını müəyyən etmək istiqamətində hər hansı araşdırmanın aparıldığını təsdiq edə biləcək sənədlər də əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, qətnamə 2017-ci ildə qəbul edilsə də, bu günədək icra olunmamış və bununla da onun tələbkar kimi hüquqları kobud şəkildə pozulmuşdur. Borclu Türkiyədə yaşayır və onun ölkədən getmək hüququ məhdudlaşdırılmasa qətnamə elə də icrasız qalacaq. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, təqdimatın verilməsinə əsas olan qətnamə qəbul edilən zaman borclu Azərbaycan Respublikasında olmamış, həmin qətnamədən təzəlikcə xəbər tutmuş və qətnamə onun tərəfindən mübahisələndiriləcək. Nə həmin işə baxılarkən, nə qətnamə qəbul edilərkən, nə də ki, iş icra mərhələsində olarkən borcluya hər hansı məlumat verilməmiş, bütün mərhələlərdə məsələlər onun iştirakı olmadan həll olunmuşdur. Təqdimatın verilməsi üçün əsas kimi borclunun tələbi qərəzli şəkildə icra etməməsi göstərilsə də, icra məmuru tərəfindən göndərilmiş bildirişin borcluya təqdim olunmasına dair iş materiallarında hər hansı sübut mövcud deyil. Borclu ümumiyyətlə 29.09.2016-cı il tarixdən 06.03.2020-ci il tarixədək Azərbaycan Respublikasında olmamış və iş üzrə borclu olmasından belə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 №-li Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.2-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə müvafiq olaraq, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: - borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; - borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; - bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; - təqdimatla razılaşdıqda onu təsdiq edir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl ilk növbədə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Eyni zamanda Təlimat icra qurumunun rəhbəri tərəfindən müəyyən hərəkətlərin edilməsini və təqdimatla razılaşdığı təqdirdə, təqdimatın onun tərəfindən təsdiq edilməsini nəzərdə tutsa da, iş materiallarında olan təqdimatda bu barədə hər hansı qeyd yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından icra məmuru tərəfindən əlavə araşdırmanın aparılıb-aparılmaması aydın olmadığına görə, məhkəmə tərəfindən Binəqədi rayon İcra şöbəsinə icra məmurunun məhkəmə iclasında iştirakının təmin olunması və icra işinin məhkəməyə təqdim edilməsi barədə məktub ünvanlanmış, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və icra işi məhkəməyə təqdim olunmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun təqdimatı rədd edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatını rədd etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassız olmaqla həmin qərardadın ləğv edilməsi üçün əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar