Məhkəmə qərarları › İş №8(103)-393/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-393/2020

29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-393/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Balakən Rayon Məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan əmlakının üzərinə həbs qoyulmamasına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-383/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından X5 Mirzəyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra və probasiya şöbəsinin X5 Mirzəyev borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1789/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X1 və Borclu 258 manat tutularaq BOKT Viator-Mikrokredit MMC-nin xeyrinə ödənilməlidir.İcra sənədi üzrə xx.xx.2017-ciil tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclunun qeydiyyat ünvanı üzrə bildiriş göndərilmişdir.Elektron-icra informasiya sistemində borclunun adına pul vəsaitinin olmasına dair bank hesabının olması, daşınar əmlak aşkar edilməsə də, adına ümumi sahəsi 149,90 m2 olan Baləkən rayonu Tülü kəndində 4 otaqlı evin (reyestr nömrəsi-**********82-10301), ümumi sahəsi 8132,05 m2 olan Balakən şəhəri H.Əliyev pr 66-da əmlak kompleksi kimi müəssisənin (reyestr nömrəsi- **********94-12301) qeydiyyatdan keçməsi müəyyən olunmuşdur.Borclu ilə əlaqə saxlanılaraq (050 *** ** ** *** *** ** **) barəsində olan borcun ödənilməsi bildirilsə də, borcu ödəməyəcəyini bildirmişdir.İcra sənədinin uzun müddət icrasız qalmasını, borclunun adına daşınmaz əmlaklar olsa da qərəzli şəkildə ödəməməsini nəzərə alaraq, Borclu adına aşkar olunmuş Balakən şəhəri H.Əliyev pr 66 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (reyestr nömrəsi-**********94-12301) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-383/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan X5 Mirzəyev şikayət verərək, qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun adına aşkar edilmiş kompleksdən hansı qaydada istifadə olunması, gəlir əldə edilib edilməməsi, yəni borclunun adına aşkar olunmuş əmlakın təyinatının nədən ibarət olmasını araşdırmaq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilməmişdir. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbirləri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 44.1.3-cü maddəsində könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Göründüyü kimi, borclunun adına aşkar edilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimat tam əsaslıdır və təmin edilməlidir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-383/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Qeyd olunan qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclunun icra sənədi üzrə olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində ödənilməmiş borcuna görə onun mülkiyyətində olan və dəyəri icra sənədi üzrə ödənilməmiş olan borc məbləğində nisbətdə dəfələlərlə artıq olan əmlakın üzərinə həbs qoyulması mütənasib icra tədbiri hesab edilə bilməz. İcra məmuru borclunun icra sənədi üzrə olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində ödənilməmiş borcuna görə onun mülkiyyətində olan ümumi sahəsi 8132.05 kv.metr olan əmlak kompleksinin üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsi nəticəsində, həmin əmlak kompleksinin nəzdində fəaliyyət göstərən üçüncü şəxslər zərər görə bilər. Həmçinin qeyd edilməlidir ki, icra məmuru ilkin olaraq icra sənədinin könüllü icrası barədə bildirişin borcluya çatdırılmasını təmin etməli, onun barəsində icraatı aparılan icra işi üzrə qanunla müəyyən edilmiş hüquqlarını təmin etməli olduğu halda bunları etməmişdir. Belə ki, iş materiallarında tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın borcluya rəsmi şəkildə çatdırılması və ya təqdim olunması iş materialları ilə müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 Mirzəyev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-383/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar