Məhkəmə qərarları › İş №8(103)-393/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-393/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-393/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun borclu "xxxx" MMMC-nin rəhbəri Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatının təmin edilməsinə dair qərardaddan borclunun şikayəti ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İ ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-937/2024 nömrəli qərardadından borclu "xxxx" MMMC-nin rəhbəri Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1953/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 11.149 manat məbləğində pul vəsaiti və 92.30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cu il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov borclu "xxxx" MMMC-nin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir.

4. Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış və "xxxx" MMMC-nin rəhbəri X3 şöbəyə gələrək xx.xx.2023-cü il tarixdə izahat verərək hər ay 200-300 manat ödəniş edəcəyini vəd etsə də ödəniş etməkdən yayınmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

5. Borclu "xxxx" MMMC-nin rəhbəri X3 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MMMC-nin direktoru vəzifəsində çalışan Borclu əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Borclu hal-hazırda rəsmi olaraq heç bir təşkilatda çalışmır. Azərbaycan Respublikasında əmək münasibətlərini tənzimləyən AR Əmək Məcəlləsinin və digər normaların tələbinə uyğun olaraq Borclu mövcud əmək müqaviləsi yoxdur. İcra məmuru bundan əvvəl də Borclu ölkədən ketmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat vermişdir. Təqdimat təmin edilmişdir. Daha sonra verdiyi şikayətlə qəbul edilmiş qərardad ləğv edilmişdir. Həmin qərardadda da qeyd edilmişdir və sübut edilmişdir ki, Borclu qeyd olunan "xxxx" MMMC-yə heç bir aidiyyatı yoxdur. Hesab edir ki, Borclu ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)- 937/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, xx xxxxxx 1954-cü il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, 2316 məhəlləsi, ev 1B, mənzil 22 ünvanında qeydiyyatda olan borclu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-451/2024 saylı qərardadı ilə təqdimat təmin edilmiş və xx.xx.1954-cü il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, 2316 məhəlləsi, ev 1B, mənzil 22 ünvanında qeydiyyatda olan borclu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Daha sonra borclunun direktoru Borclu tərəfindən həmin qərardaddan şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-451/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilmişdir. Hazırda təqdimata əlavə edilmiş “Elektron icra” sistemi vasitəsilə, eyni zamanda məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğulara əsasən müəyyən edilmiş ki, Borclu hazırda "xxxx" MMMC-də sədr vəsifəsində çalışır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

8. Borclu "xxxx" MMMC-nin rəhbəri Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 8(011)- 937/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru vəzifəsində çalışmışdır, lakin xx.xx.2024-cü il tarixdən etibarən cəmiyyətdə çalışmır, işdən öz xahişi ilə azad edilmişdir. İşdən azad edilməyi ilə bağlı sistemdən çıxarışı elektron məhkəmə sisteminə əlavə etmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru vəzifəsində işləməyinə dair əmək müqaviləsi yoxdur. Məhkəmə elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş sorğuları əsas gətirərək, təqdimatı təmin etmişdir. Təkrar olaraq bildirir ki, o "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru-sədri vəzifəsində çalışmır. Bunu sübut edə biləcək hər hansı bir əmək müqaviləsi yoxdur. Hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatın təmin edilməsi qanunsuzdur. Təqdimata məhkəmədə baxılan zaman o cəmiyyətin direktoru vəzifəsində çalışmamışdır. Öz xahişi ilə işdən azad edilmişdir. Xətai Rayon Məhkəməsinə bu barədə yazılı müraciət etmiş və cəmiyyətdən işdən azad olunmağıyla bağlı elektron bildirişi elektron məhkəmə portalı vasitəsilə təqdimatı araşdıran hakimə göndərmişdir. Buna baxmayaraq, hakim müraciət ərizəni və elektron bildirişi nəzərə almamış, cəmiyyətdən işdən azad olunmağına baxmayaraq qanunsuz olaraq onun ölkədən getmək hüququnu məhdudlaşdırmışdır.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 119.6. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri vardır. Maddə 119.7. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səahiyyətləri aşağıdakılardır: 125.2.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; Maddə 126.4. Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Maddə 126.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağını cəmiyyətin idarə heyətinin sədri və ya onun müavini aparır. Qeyd edilən şəxslər olmadıqda ümumi yığıncağı idarə heyətinin üzvlərindən biri aparır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş, icra məmurunun təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

16. İş materiallarından görünür ki, icra sənədinə əsasən borclu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 11.149 manat məbləğində pul vəsaiti və 92.30 manat dövlət rüsumu tutularaq tələbkara ödənilməlidir.

17. Borclu tərəfinrən “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə təqdim edilmiş sənədlərdə qeyd edilmişdir ki, onun "xxxx" MMMC ilə olan əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Borclu əmək fəaliyyəti ilə bağlı məlumatları sorğu edilərkən “Elektron Məhkəmə” İnformasiya Sistemində “Əmək müqaviləsi məlumat yoxdur, zəhmət olmasa sorğulayın” qeyd edilmişdir.

19. Belə olan halda Borclu ilə "xxxx" MMMC arasında hazırda əmək münasibətlərinin davam edib-edilməməsi barədə məlumat müvafiq dövlət qurumuna sorğu verilməklə əldə edilə bilər.

20. O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən Borclu hazırda MMMC-nin idarə heyətinin sədri olub-olmaması məsələsi araşdırılmamışdır. Belə ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən İdarə Heyyəti MMMC iştirakçılarının ümumi yığıncağının qərarı ilə seçilir.

21. Əmək müqaviləsinə həqiqətən də xitam verildiyi təqdirdə MMMC-nin hazırda İdarə Heyyətinin sədri başqa şəxs olmalı, bununla bağlı qüvvədə olan qərar mövcud olmalıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmaqla təqdimatın təmin edilib-edilməməsinə yenidən hüquqi qiymət verilməlidir.

23. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-937/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun borclu "xxxx" MMMC-nin rəhbəri Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar