Məhkəmə qərarları › İş №8(103)-394/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-394/2020

30.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-394/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, Əmlak üzərinə həbs qoyulması barədə təqdimat üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadından iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə borclu xxxxxx oğluna məxsus “Hyundai Elantra” minik markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8254/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Süleymanov Rəmzi Böyükkişi oğlundan 2012,88 manat məbləğində əsas, 555,84 manat məbləğində faiz, cəmi 2.568,72 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İcra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi könüllü icra olunmadığından borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən xxxxxxxxxxx oğlunun adına “Hyundai Elantra” minik markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə (hakim F.Abdıyev, iş № 8(005)-422/2017) təqdimat təmin edilmişdir. Qərardadla maraqlarına toxunulan şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim A.Novruzova, iş N 8(005)-422/17) ərizə təmin edilməmişdir. Bundan sonra Maraqlı şəxs xx xxxx 2017-ci il tarixli qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, sözügedən minik avtomobilini Sxxxxxxxxx oğlundan 1500 ABŞ dolları ödəyərək almışdır. Avtomobil tam qəzalı vəziyyətdə olduğuna görə işlək vəziyyətə salmaq üçün əlavə olaraq 4500 manat vəsait xərcləmişdir. Məqsədi vətəndaşlara taksi xidməti göstərib ailəsini dolandırmaq, maddi vəziyyətləri dözülməz olduğuna görə qazanc əldə etmək olmuşdur. Nərimanov Rayon Məhkəməsi həmin avtomobilin üzərinə həbs qoymaqla onun ailəsini çörəksiz qoymuşdur. Çünki, avtomobil xxxnin olsa da, ona məxsusdur, xərcini o çəkmiş, dəyərini ona ödəmiş, almış və istifadə etmişdir. Etibarnamə ilə həmin avtomobil xx.xx.2028-ci il tarixinədək onun istifadəsinə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən maraqlarına toxunulan şəxs Maraqlı şəxs şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, Maraqlı şəxs izahatını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-xxx/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən xxxxxxx-dan 2012,88 manat məbləğində əsas, 555,84 manat məbləğində faiz, cəmi 2.568,72 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfındən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunla müəyyən olunmuş bütün tədbirlər həyata keçirilsə də, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini icra etməmiş və onun icrasından yayınır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X1 xx.xx.2016-cı il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, “Hyundai Elantra” minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil xxxxxxxxx mülkiyyətindədir. Avtomobilə dair şikayətçinin adına etibarnamə verilməsi həmin avtomobilin alqısatqısı və şikayətçinin mülkiyyətinə keçməsi anlamına gəlmir. Göründüyü kimi, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2017-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar