Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-394/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5217/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-864/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qərardadından Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5217/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 57580 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün 398 manat dövlət rüsumunun 92%, yəni 366 manatın cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə tutulması, qalan 9%, yəni 32 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, aylıq əmək haqqının 500 manat olmağını və maddi vəziyyətinin aşağı olmasını nəzərə alaraq, 2(103)-5217/2023-003 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini aylıq 1500-2000 manat olmaqla, hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o tələbkarı uzun müddətdir ki, tanıyır. Dəfələrlə qapısına qədər getmiş, tələbkar qapını açmamış, bank hesabını istəmiş, tələbkar öz rekvizitlərini bildirməmişdir. Ayda 1500-2000 manat ödəniş edə bilir, qətnamənin icrasından yayınmır və onu icra edir. Belə ki, tərəfindən icra şöbəsinin depozit hesabına 2000 manat pul köçürülmüşdür və tələbkar həmin pulu götürməkdən imtina etmişdir. Hazırkı vəziyyətdə qətnamənin tam şəkildə icrası mümkün deyildir. Belə ki, icra məmuru tərəfindən də sorğular əsasında müəyyən edilmişdir ki, qətnaməni tam şəkildə icra edə biləcək əmlakı mövcud deyildir. Hazırkı vəziyyətdə qətnamənin icra edilməsinin yeganə yolu onun hissə-hissə icra edilməsidir. Belə ki, hazırkı vəziyyətdə qətnaməni tam şəkildə icra edə bilməyi maddi cəhətdən qeyri-mümkündür. Həmçinin ərizəyə əlavə edilmiş əmək müqaviləsi bildirişindən də görünür ki, "xxxx" MMC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-864/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli 2(103)-5217/2023 saylı qətnaməsinə əsasən Tələbkar xeyrinə tutulmalı olan məbləğin hissə-hissə, yəni hər ay 2000 manat olmaqla X1 tərəfindən ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkarın verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi-vəkili şikayətə əlavə göndərərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Qanunun tələbinə görə, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsaslanmaqla qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X5 "xxxx" MMCdə mal-təchizatçı vəzifəsində işləyir, aylıq əmək haqqı 500 manat təşkil edir. Həmin çıxarışdan eyni zamanda görünür ki, X5 "xxxx" MMC-də idarə qulluqçusu, müştərilərin məlumatlandırılması vəzifəsində işləyir, aylıq əmək haqqı 3201,44 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X4 mülkiyyətində daşınmaz əmlak müəyyən edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2909/2024 saylı 11 iyul 2024-cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-286/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-582/2024 saylı iş üzrə 21 iyun 2024- cü il tarixli qərardadı ləğv edilmiş, X4 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin olunmuş, xx.xx.1967-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1nun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göründüyü kimi borclu icra sənədinin icrasını üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində cərimə tənbeh tədbiri tətbiq olunmuş, həmçinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadını kifayət qədər əsaslandırmamışdır. Məhkəmə ərizəçinin ayda 1500-2000 manat ödəmək xahişini nəzərə alsa da onun uzun müddət ərzində borcunu ödəyib-ödəməməsinə, yaxud ödəmək təşəbbüsündə olmadığına qiymət verməmişdir. Bundan başqa, məhkəmə borclunun mənafeyinə qiymət versə də tələbkarın mənafeyini nəzərə almamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan işə baxmışdır. Kollegiya hesab edir ki, bu zaman prosessual hüquq nomaları pozulmuş və düzgün tətbiq edilməmişdir ki, bu da qərardadın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, eləcə də qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, borclunun ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-864/2024 nömrəli 09 sentyabr 2024cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5217/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-394/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-394/2024
04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver